Əbu Abdullah Məhəmməd ibn İbrahim ibn Ziyad əl-İsgəndərəni (; ) — maliki fiqhinin fundamental mənbələrindən olan "əl-Məvvaziyyə" adlı əsərin müəllifi olan alim.
İkinci nəsil maliki alimləri arasında mühüm yer tutan İbn əl-Məvvaz, Malik ibn Ənəsin və tələbələrinin görüşlərini "əl-Məvvaziyyə" adlı əsərində bir yerə cəmləmişdir. Bu əsər, ehtiva etdiyi məsələlərin etibarlı rəvayətlərə əsaslanması, əhatəli və təfsilatlı olması baxımından Əsəd ibn Furatın "əl-Əsədiyyə"si, İbn Həbib əs-Süləminin "əl-Vadihə"si və Məhəmməd ibn Əhməd əl-Utbinin "əl-Utbiyyə"si kimi maliki məzhəbinin ilk əsas mənbələri sırasında mühüm yer tutur.
Əbül-Həsən əl-Qabisi qeyd edir ki, digər alimlər əsasən rəvayətləri toplayıb nəql etməklə kifayətlənmiş, İbn əl-Məvvaz isə fiqhi hökmləri məzhəb imamı və onun tələbələrinin ortaya qoyduğu prinsiplərə əsaslandıraraq sistemli şəkildə izah etmişdir. Buna görə də o, "əl-Məvvaziyyə"ni digər əsərlərdən üstün tutmuşdur.
Həyatı İsgəndəriyyədə hicri 180-ci ilin Rəcəb ayında (sentyabr 796) dünyaya gəlmişdir. Fiqh elmini Malikin tələbələri olan İbn əl-Macişun və Əbu Məhəmməd Abdullah ibn Əbdülhəkəmdən öyrənmişdir. Lakin bu sahədə onun əsas müəllimi, Malikin digər tələbələri İbn əl-Qasım, İbn Vəhb və Əşhəb əl-Qeysinin tələbəsi olan Əsbəğ ibn Fərəc olmuşdur. Mənbələrdə onun İbn əl-Qasımdan hədis də rəvayət etdiyi bildirilsə də, həmin dövrdə o hələ çox kiçik yaşda olmuşdur.
Hədisi Yəhya ibn Abdullah ibn Bükeyr əl-Misri, Haris ibn Miskin və Nuaym ibn Həmmaddan rəvayət etmişdir. Dərin fiqh biliyi sayəsində Misirdəki maliki fəqihləri arasında qabaqcıl alimlərdən biri olmuşdur. Buna görə də belə deyilmişdir ki, Misirdə Əbu Abdullah ibn Əbdülhəkəm ilə İbn əl-Məvvaz, Qeyrəvanda isə İbn Əbdus ilə İbn Səhnun olmaqla hamısı Məhəmməd adını daşıyan bu dörd maliki imamı kimi bir qrup alim heç bir dövrdə bir yerə toplanmamışdır.
Bəzi mənbələrdə bildirilir ki, mihnə hadisəsi səbəbindən, digər mənbələrdə isə zahidlik və tənhalığa çəkilmək arzusu ilə İbn əl-Məvvaz ömrünün sonlarında Şam bölgəsindəki qalalardan birinə sığınmış və orada vəfat etmişdir.
Əbu Ömər əl-Kindi isə qeyd edir ki, Misir valisi Əhməd ibn Tulun, onunla görüşmək üçün Misirə gəlmək istəyən xəlifə Mötəmid-Ələllaha mane olan qardaşı Müvəffəqi vəliəhdlikdən uzaqlaşdırmaq məqsədilə Dəməşqdə alimləri bir yerə toplamış və hicri 269-cu ilin 11 və ya 12 Zilqədə günü (22 və ya 23 may 883) onun vəliəhdlikdən çıxarılması barədə qərar vermişdir. Misirdən gələn Bəkkar ibn Kuteybə, İbn əl-Məvvaz və Fəhd ibn Musa isə bu qərara qarşı çıxmışlar.
İbn Əsakir, Qazı İyad və İbn Fərhun İbn əl-Məvvazın hicri 269-cu ilin 11 Zilqədə günü (22 may 883) Dəməşqdə vəfat etdiyini qeyd edirlər. Həmin üç alimin Dəməşqdə həbs edilmələri və göstərilən vəfat tarixinin Müvəffəqin vəliəhdlikdən uzaqlaşdırılması haqqında fətvanın verildiyi tarixlə üst-üstə düşməsi diqqətəlayiqdir.
Məsləmə ibn Qasım da İbnül-Məvvazın hicri 269-cu ildə Dəməşqdə vəfat etdiyini bildirdikdən sonra, onun 271-ci ildə (884) İsgəndəriyyədə öldüyünə dair zəif bir rəvayəti də nəql edir və bunu İbn əl-Məvvazın tələbəsi İbn Əbu Mətardan (Əli ibn Abdullah ibn Əbu Mətar) eşitdiyini söyləyir.
Səfədi və İbn Qunfuz kimi bəzi müəlliflər İbn əl-Məvvazın hicri 281-ci ildə (894) vəfat etdiyini qeyd etsələr də, Zəhəbi iki əsərində bu tarixi verməsinə baxmayaraq, başqa bir əsərində onun hicri 269-cu ildə vəfat etdiyini bildirən rəvayətin daha doğru olduğunu xüsusi olaraq vurğulamışdır.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Misir şəxsləri Kateqoriya:Ravilər