Rüstəm Əzizov (Rüstəm Duman oğlu Əzizov; ) — Azərbaycan jurnalisti, televiziya redaktoru, filologiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Televiziyasında uzun illər elmi, maarifçilik və təhsil yönümlü proqramların hazırlanmasında iştirak etmiş, "Sağlamlıq" və sonralar "Şəfa" adı ilə yayımlanan televiziya proqramının yaradıcılarından biri olmuşdur.

Həyatı Rüstəm Duman oğlu Əzizov 20 fevral 1937-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. Orta təhsilini Ağdam rayonunun Novruzlu kənd orta məktəbində almışdır.

1954–1956-cı illərdə Lenin yolu qəzetində ştatdankənar müxbir kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə qəzetdə 40-dan çox hekayə, şeir və kənd təsərrüfatına həsr olunmuş publisistik yazıları dərc edilmişdir.

1957-ci ildə Mərzili kənd orta məktəbinin X sinif şagirdi olarkən Azərbaycan fəhlə-kəndli müxbirlərinin IV Respublika qurultayında nümayəndə kimi iştirak etmişdir.

1957-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş, 1963-cü ildə ali təhsilini başa vurmuşdur.

Əmək fəaliyyəti 1963-cü il 16 iyul tarixində Azərbaycan Televiziyasının Proqram Baş redaksiyasında kiçik redaktor kimi əmək fəaliyyətinə başlamışdır.

İlk illərdə "Günün ekranı", "Təbliğat", "Elm və həyat" verilişlərinin redaktoru olmuşdur.

1973-cü ildə "Elm və texnika verilişləri" redaksiyasının böyük redaktoru təyin edilmişdir. Bu redaksiyada hazırlanan "Elm və həyat", "İnsan və qanun", "İnsan və ətraf mühit", "Sağlamlıq", "Elm, səmərəlilik, keyfiyyət" və digər televiziya jurnallarının müəllifi və redaktoru olmuşdur.

Onun rəhbərlik etdiyi redaksiya Azərbaycan elminin, alimlərin fəaliyyəti və elmi nailiyyətlərinin televiziya vasitəsilə geniş auditoriyaya çatdırılmasında mühüm rol oynamışdır.

1990–1997-ci illərdə Azərbaycan Televiziyasının "Təhsil və maarifçilik" Baş redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdır.

Bu dövrdə "İnsan və zaman", "Ev üçün, ailə üçün", "Televiziya tibb məsləhətxanası", "Səadət", "Ədəbiyyatşünaslıq və zaman", "Ayıqlıq həyatımızın normasıdır", "Axtarışlar, problemlər, perspektivlər" kimi proqramların hazırlanmasına rəhbərlik etmişdir.

Ən uzunömürlü televiziya layihələrindən olan "Sağlamlıq" televiziya jurnalı və sonradan "Şəfa" adı ilə yayımlanan proqram bilavasitə onun adı ilə bağlı olmuşdur. Verilişin aparıcısı, həkim Əlfəddin Abdullayevin televiziya auditoriyasına təqdim edilməsində də onun mühüm rolu olmuşdur.

Mükafatları 1972 — SSRİ Teleradio Komitəsinin fəxri fərmanı 1977 — "Azərbaycan SSR-nin maarif əlaçısı" adı 1979 — "Qızıl qələm" mükafatı 1987 — "SSRİ Radio və Televiziya əlaçısı" döş nişanı 1989 — "Əməkdar jurnalist" fəxri adı

Həmçinin bax Azərbaycan Televiziyası Bakı Dövlət Universiteti Nəbi Xəzri Azərbaycan jurnalistikası

İstinadlar

Kateqoriya:1997-ci ildə vəfat edənlər Kateqoriya:Ağdam rayonunda doğulanlar Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:Azərbaycan redaktorları Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Filologiya elmləri namizədləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Televiziyası şəxsləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar jurnalistləri Kateqoriya:SSRİ Jurnalistlər İttifaqının üzvləri