Əliəsgər Sədr Hacı Seyid Cavadi () () — İran siyasi fəalı, yazıçısı və jurnalisti. O, 1979-cu il İran İslam inqilabından həm əvvəl, həm də sonra media azadlığının müdafiəçilərindən biri kimi tanınmışdır. Fərhəng Rəcaiyə görə, o, "dövrün aparıcı ziyalısı" idi.
Həyatı Əliəsgər Hacı Seyid Cavadi 1924-cü ildə Qəzvində anadan olmuşdur. Onun atası Seyid Əli (Sədrül-Məali), ata tərəfdən babası isə Qəzvinin tanınmış din xadimlərindən olan Hüseyn Müctəhid Xiyabani Hacı Seyid Cavadi idi. O, gənclik illərində Tudə Partiyasının üzvü olmuş, sonradan sosial-demokrat olmuşdur. İslam və sosializm mövzusunda esseist kimi çıxış etmiş və əsasən dindarlardan ibarət böyük bir izləyici kütləsi qazanmışdır.
O, Tehran Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsində hüquq təhsili almış, müəyyən bir dövrdə isə təhsilini Fransada davam etdirmişdir, lakin hüquq sahəsində çalışmaq əvəzinə, fəaliyyətini yazıçı və jurnalist kimi davam etdirməyə üstünlük vermişdir. Əliəsgər Hac Seyid Cavadi ilk olaraq "Ettelaat", daha sonra isə "Keyhan" qəzetlərində çalışmış, eyni zamanda vaxtaşırı "Negin" jurnalında məqalələrlə çıxış etmişdir. O, İran Yazıçılar Birliyinin ilk üzvlərindən biri olmuşdur. Həmin illərdə onunla əməkdaşlıq şəraitində nəşr olunan mətbu orqanlardan biri də "Cunbiş" həftəlik qəzeti idi.دو برادر، خاطرات محمد حسین دانایی، انتشارات اطلاعات، چاپ دوم، ۱۳۹۳، تهران، صفحهٔ ۲۹۹
Mehrdad Maşayixi onun İranda üçüncü dünyaçı cərəyanına mənsub olduğunu iddia etmiş və onu İran Sosialistləri Liqası ilə sıx əlaqəli olan "radikal milliyyətçi ziyalılar"dan biri hesab etmişdir. Afşin Mətin-Əsgəri bildirmişdir ki, onun Cəlal əl-Əhməd ilə birlikdə yaşadığı insanlarla bölüşdüyü "müstəqil sosialist keçmişi" var idi. O, 1960-cı illərdə dərc etdiyi köşə yazılarında əks olunduğu kimi, ABŞ hökumətinin neokolonialist siyasətini üçüncü dünyaçı baxış bucağından tənqid etmişdir.
Pəhləvi dövrü Əliəsgər Hac Seyid Cavadi Pəhləvi sülaləsini tənqid etdiyinə görə yaradıcılıq qadağası ilə üzləşmiş və əsərlərinin nəşri qadağan olunmuşdur. Onun həmin dövrdəki şöhrəti, əsasən, Məhəmməd Rza Pəhləvinin xüsusi dəftərxanasının rəhbərinə ünvanlanmış iki tənqidi açıq məktub, həmçinin "Ordu nəyi müdafiə edir?" və "Qələmə qarşı güllə" başlıqlı iki məqaləsi ilə bağlı idi.
Şaha məktub Əliəsgər Hac Seyid Cavadinin 1976-cı ildə Məhəmməd Rza Pəhləviyə ünvanladığı "Hökumət tavanının uçma səsini eşidirəm" başlıqlı 53 səhifəlik açıq məktubu şahın siyasətinə qarşı kəskin tənqidləri özündə əks etdirirdi və bu sənəd inqilab dövrünün mühüm tarixi sənədlərindən biri hesab olunur.
Məktubun məzmununda korrupsiya ilə mübarizə məsələsinin əvvəlcə şah, daha sonra isə hökumət tərəfindən gündəmə gətirilməsinin bir çox suallar doğurduğu qeyd olunur. Müəllif "Ağ inqilab"dan 13 il keçməsinə baxmayaraq, dövlət aparatında korrupsiyanın hələ də mövcud olmasını xalqın qanuni, siyasi və sosial hüquqlarının, xüsusilə də mətbuat, kütləvi informasiya vasitələri, partiya və həmkarlar ittifaqları vasitəsilə, eləcə də qanunverici məclislər və şəhər şuraları vasitəsilə dolayısı ilə hökumətin fəaliyyətinə nəzarət etmək azadlığından məhrum edilməsinin bariz sübutu kimi qiymətləndirmişdir. Onun yanaşmasına görə, dövlət təşkilatlarında maliyyə və inzibati korrupsiyanın miqyası xalqın hökumətin fəaliyyətinə nəzarətdə iştirakı, eləcə də millətin xəzinəsi və xərcləri üzərindəki qanuni və konstitusion hüquqlarından istifadə dərəcəsi ilə birbaşa bağlıdır. Xalqın nəzarəti nə qədər güclü, söz və qələm azadlığı kimi qanuni hüquqlardan istifadəsi nə qədər geniş olarsa, dövlət aparatının bütün səviyyələrində korrupsiya bir o qədər azalar. Korrupsiyaya qarşı etirazların ifadə olunması üçün qanuni yollar mövcud olsaydı, bu problem belə bir miqyas almazdı. Odur ki, inqilabdan 13 il sonra şah yenidən dövlət təşkilatlarında korrupsiya ilə mübarizə məsələsini qaldırmaq məcburiyyətində qalmışdı. Müəllif iddia etmişdir ki, hökumət korrupsiya ilə birgə yaşamış, onun amilləri ilə daimi barışıq içində olmuş və bu müddət ərzində qanuni səlahiyyətlərindən qeyri-qanuni şəkildə istifadə edərək ölkənin real inkişafına inanan müxaliflərlə mübarizə aparmışdır. Şahın xalqa müraciət edərək korrupsiyaya göz yummamağı və korrupsionerləri ifşa etməyi tələb etdiyi bir şəraitdə, hökumət inzibati təşkilatlardakı həqiqətləri gizlədir, Milli Şura və Senat məclisləri bu barədə tamamilə susur, mətbuata isə nöqsanların mahiyyətinə vararaq korrupsiyanın köklərini müzakirə etməyə icazə verilmir. Bu səbəbdən xalqın korrupsiya ilə mübarizə aparmasının qeyri-mümkün olduğu vurğulanmışdır.
Əliəsgər Hac Seyid Cavadi məktubunun davamında dövrün baş naziri Əmirabbas Hüveydanın fikirlərinə toxunmuşdur. Baş nazirin bütün millətin qanunun himayəsində yaşadığı və heç kimə sübutsuz ittiham irəli sürməyə icazə verilmədiyi barədə bəyanatını tənqid edən müəllif hərbi məhkəmələrin hökmləri ilə məhkum olunmuş və cəza müddəti başa çatmış bir çox şəxsin hələ də həbsdə saxlanıldığını qeyd etmişdir. O, konstitusiyaya əsasən birgə məsuliyyət daşıyan baş nazir və nazirlərin bu maliyyə qalmaqallarına görə məsuliyyət daşımalı olduğunu bildirmiş və korrupsiya ilə mübarizəyə dair alovlu çıxışların onları bu böyük qanunsuzluqların mənəvi və hüquqi nəticələrindən azad etmədiyini vurğulamışdır.
Müəllif baş nazirə müraciət etmiş, bu iddiaların birtərəfli və cavabsız çıxışlar şəklində yox, ictimaiyyət qarşısında azad və demokratik bir dialoq çərçivəsində irəli sürülməsinin zəruriliyini qeyd etmişdir. O, rejimin ədalət və sosial hüquqların təmin edilməsi barədəki iddiaları ilə qaranlıq zirzəmilərdə intellektual müxalifətə qarşı tətbiq edilən qeyri-insani təzyiq və işgəncələr arasındakı ziddiyyəti ifşa etmiş, bu cür hərəkətlərin dövlətin beynəlxalq nüfuzuna ciddi xələl gətirdiyini bildirmişdir.
Sonda dövlət təbliğatçıları tərəfindən radio və televiziya proqramlarının hazırlanması, məqalələrin dərci, geniş toplantıların və çoxsaylı imzalarla müşayiət olunan bəyanatların yayılması vasitəsilə bütün bu faktların təkzib olunmağa çalışılması tənqid edilmişdir. Müəllif qeyd etmişdir ki, rəsmi proqramların doğruluğunu sübut etmək üçün yaradılan heç bir təbliğat dalğası həqiqətin qarşısında tab gətirmək iqtidarında deyil.
İnqilab dövrü
Əliəsgər Hacı Seyid Cavadi Pəhləvi rejiminin qalıqlarına və əks-inqilabçı qüvvələrə qarşı qətiyyətli mübarizənin, habelə onların tamamilə ləğv edilməsinin tərəfdarlarından biri olmuşdur. Onun 15 fevral 1979-cu ildə "Ettelaat" qəzetində nəşr olunan "Əgər alma tumurcuğu meyvəyə dönsə..." başlıqlı məqaləsində xalqın sıxışdırılmasında və istibdad rejiminin qurulmasında rolu olan həbs edilmiş monarxiya rəsmilərinə qarşı daha sərt tədbirlərin görülməsi tələb edilirdi. Müəllif keçmiş istibdad sisteminin bütün ünsürlərinin və icraçılarının təqib olunmasını, mühakimə edilməsini və cəzalandırılmasını, habelə repressiya və işgəncə mərkəzlərində birbaşa fəaliyyət göstərmiş şəxslərin ləğvini, şah ailəsi də daxil olmaqla, dövlət gəlirlərini talamaq yolu ilə sərvət toplamış bütün nazirlərin, müavinlərin, inzibati məsul şəxslərin və onların özəl sektordakı yaxınlarının daşınar və daşınmaz əmlakının müsadirə olunmasını tələb etmişdir.
İslam Respublikası dövrü 1977-ci ildə o, yeni yaradılmış İran Azadlıq və İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin üzvləri və təsisçiləri arasında idi. Mehdi Bazargan komitənin rəhbəri, Cavadi isə sədr müavini seçilmişdir. 1979-cu il inqilabından sonra o, Seyid Mahmud Taliqaninin dəvəti ilə Tahir Əhmədzadə, Həbibullah Peyman və Məhəmməd Müctəhid Şəbistəri kimi şəxslərlə birlikdə Azadlığın və İnsan Hüquqlarının Müdafiəsi üzrə İcraiyyə Komitəsində şuralara dair hərtərəfli layihənin hazırlanmasında iştirak etmişdir. Hacı Seyid Cavadi başlanğıcda inqilabı dəstəkləmiş, lakin qısa müddət sonra İslam Respublikası rəhbərliyinin müxalifinə çevrilmişdir. O, 1979-cu ildə yazdığı "Faşizmin ayaq səsləri" başlıqlı məqaləsi ilə Seyid Mahmud Taliqaninin oğlunun həbs edilməsinə etirazını bildirmişdir. 1980-ci ilin iyun ayında İslam Respublikası Partiyasının yüksək rütbəli üzvü Həsən Ayət öz çıxışlarında Hacı Seyid Cavadinin şaha yazdığı məktubların Amerika Birləşmiş Ştatlarının göstərişi və sui-qəsdi olduğunu, bunun inqilabçılar arasına nüfuz etmək məqsədi daşıdığını iddia etmişdir. komitənin ofisi 1980-ci ilin noyabrında bağlanmışdır.
Xomeyniyə ünvanlanmış məktub Əliəsgər Hacı Seyid Cavadi 5 fevral 1981-ci ildə Ruhullah Xomeyniyə ünvanladığı kəskin tənqidi məktubunda ölkədəki mövcud idarəçilik sistemini və istibdad meyillərini tənqid etmişdir. Müəllif Xomeyninin dövlət rəsmilərindən ixtilaflara son qoymağı, mətbuatdan isə təfriqəçi mövzulardan uzaq durmağı tələb edən televizor çıxışına istinad edərək ölkədəki əsas problemin rəsmilərin xalq tərəfindən seçilməməsi və xalq qarşısında məsuliyyət hiss etməməsi olduğunu bildirmişdir. O, Xomeyninin Nəcəfdə olan zaman "Vilayəti-fəqih" mövzusunda irəli sürdüyü "millətin qəyyumu ilə yetimlərin qəyyumu arasında vəzifə baxımından heç bir fərq yoxdur" fikrinin inqilabın taleyindəki qaranlıq dövrün təməl daşı olduğunu vurğulamışdır.
Məktubda qeyd olunmuşdur ki, bu yanaşma səbəbindən Xomeyni tərəfindən təyin edilən rəsmilər xalqı öz qəyyumlarına tabe olmalı olan iradəsiz yetimlər kimi görürlər. Müəllif Konstitusiyanın qəbulundan sonra Xomeyninin Ali Məhkəmə Şurası ilə məsləhətləşmədən birbaşa Ali Məhkəmənin sədrini və baş prokurorunu təyin etməklə Konstitusiyadan kənara çıxan ilk addımı atdığını xatırlatmışdır. O, monarxiya konstitusiyasında belə şahın hakimiyyətinin qanundan və xalqın suverenliyindən üstün olmadığını, lakin respublika konstitusiyasında fəqihin və Qəyyumlar Şurasının hakimiyyətinin qanundan üstün və xalq qarşısında məsuliyyətsiz bir güc kimi tanındığını qeyd edərək bu sistemin gələcəkdə cəmiyyəti hara aparacağı barədə xəbərdarlıq etdiyini bildirmişdir. Hacı Seyid Cavadi xalqı fəaliyyət qabiliyyəti olmayan, azyaşlı və ya şüursuz şəxslər kimi idarə etmək təfəkkürünün ölkəni və xalqın taleyini mütləq hakimiyyətə qovuşmaq istəyən rəsmilərin mübarizə meydanına çevirdiyini vurğulamışdır. O, inqilabdan sonra ölkənin patriarxal üsullarla və xəlifələr dövrünün ənənələri ilə idarə oluna bilməyəcəyini yazdığını, indiki şəraitdə isə ölkənin təfriqə, müharibə, yalan, korrupsiya və xalqın beytülmalının talanması burulğanına batdığını ifadə etmişdir.
Məktubda dövlətin yüksək vəzifələrini tutan, xalqın hüquq və azadlıqlarına məhəl qoymadan yalnız mütləq hakimiyyəti ələ keçirmək və azadlıqları boğmaq üçün sui-qəsdlər təşkil edən, təbliğat aparan və təzyiq qrupları formalaşdıran rəsmi şəxslər kəskin tənqid olunur. Həmçinin, fəqih və şəriət hakimi adı altında insanların əmlakına və həyatına nəzarəti ələ keçirənlərin, məhkəmələrdə və həbsxanalarda günahsız insanların müdafiə və dadxahlıq hüquqlarını əllərindən alanların fəaliyyəti ifşa edilir. Dövlət təşkilatlarında və özəl müəssisələrdə islam komitələrinin yaradılması vasitəsilə nifaq salınması və şəxsi intriqaların idarəçiliyə gətirilməsi pislənilir.
Müəllif ABŞ səfirliyinin tutulması və girov böhranının ABŞ-nin iqtisadi və hərbi gücünün bərpasına xidmət etdiyini, İranın milyardlarla dollar vəsaitinin itirilməsinə yol açdığını və sonda rəsmilərin ABŞ qarşısında təslim olduğunu qeyd etmiş, bu uğursuzluğun təbliğat və senzura vasitəsilə insanlıq tarixinin ən böyük qələbəsi kimi təqdim olunmasını tənqid etmişdir. Dövlət rəsmilərinin öz mövqelərini möhkəmləndirmək üçün Xomeyninin nüfuzundan sui-istifadə edərək onu rəhbərlik statusundan çıxarıb ilahiləşdirməyə çalışdıqlarını və köhnə rejimdəki yaltaqlıq üsulları ilə "Şah və millət" şüarını "İmam və ümmət" şüarı ilə əvəz etdiklərini bildirmişdir.
Sonda müəllif Xomeyninin rəsmi şəxsləri bir-biri ilə barışığa dəvət etməsini səmərəsiz bir addım kimi qiymətləndirmişdir, çünki həmin şəxslərin inqilabın nailiyyətlərinə, xalqın yoxsulluq, işsizlik və savadsızlıqdan xilas olmasına inanmadıqlarını, onların bütün fəaliyyətinin gələcəkdə mütləq hakimiyyəti təmin etmək məqsədi daşıdığını vurğulamışdır.