Korneliu Zelya Kodryanu (, əsl adı — Korneli Kodryanu; ) — rumın millətçisi, Ukrayna/Polşa-Alman mənşəli siyasi xadim, "Dəmir Qvardiya" () kimi də tanınan "Arxangel Mixail Legionu" () adlı millətçi təşkilatın yaradıcısı və rəhbəri. Ardıcılları tərəfindən "Kapitan" () olaraq adlandırılırdı.

Həyatı

1899-cu ildə Rumıniya Moldovasında anadan olmuşdur. Kiçik bir Moldova şəhərciyində baş verən hadisələr fonunda, o, ibtidai sinif müəlliminin ailəsində böyümüşdür. Ata tərəfdən polyak (Zelinski), ana tərəfdən isə alman mənşəli idi.

İbtidai məktəbi bitirdikdən sonra, 1912–1916-cı illərdə Manastirea Dyalu () hərbi liseyində təhsil almışdır. Daha sonra Yassı Universitetinin hüquq fakültəsinə daxil olmuş və burada Hüquq Tələbələri Cəmiyyətinə rəhbərlik etmişdir. Onun rəhbərliyi altında bu təşkilat məcburi dini ibadətin tədris proqramından çıxarılmasına qarşı etirazlar təşkil etmişdir.

Birinci Dünya müharibəsi illərində atası ordu sıralarına çağırıldıqda, o da evdən qaçaraq atasının xidmət etdiyi hərbi hissəyə yollanmışdır. Lakin yaşının az olmasına görə müraciət etdiyi bütün hərbi bölmələr onun xidmətə qəbul edilməsindən imtina etmişdir.

1917–1918-ci illərdə Hərbi Piyada Məktəbində təhsilini davam etdirmişdir. Ali təhsilinin sonrakı illərində isə Berlin və Yena universitetlərində mühazirələr dinləmişdir.

LANC sıralarında

1919-cu ildə Yassidə təhsil alarkən Kodryanu, professor Aleksandru Kuza və millətçi fəhlə Konstantin Panku ilə tanış olmuşdur. Onlar bərabər sol radikallara qarşı küçə mübarizəsi aparan və radikal millətçiliyi müdafiə edən Milli Vicdan Qvardiyasını təsis etmişdilər. Zamanla bu qrupun bazasında Xristian Milli Müdafiə Liqası (LANC) formalaşdırılmışdı. Bu təşkilat 1926-cı il parlament seçkilərində 120 000 seçici səsi əldə edərək dövlətin ali qanunverici orqanında 10 deputat mandatı qazanmağa nail olmuşdur.

Tədricən LANC-ın gələcək inkişaf kursuna dair baxış fərqliliklərinə görə Kodryanu ilə Kuza arasında ciddi ixtilaflar yaranmışdır. 24 iyun 1927-ci ildə Kodryanu, partiyadakı daxili intriqalara, eləcə də rəhbərliyin qətiyyətsizliyinə və real fəaliyyət zəifliyinə etiraz edərək təşkilatın sıralarını birdəfəlik tərk etmişdir.

"Arxangel Mixail Legionu"

1924-cü ildən etibarən Kodryanu tədricən cəngavər ordeni tipli şəxsi təşkilati strukturunu yaratmağa başlamışdır. İlkin olaraq bu layihə "Xaç Qardaşlığı" adlansa da, formalaşma prosesində təşkilat adını dəyişərək "Arxangel Mixail Legionu" adını almışdır.

Legionun ideologiyası sağçı mistisizmlə sıx əlaqəli olan, ənənəvi-mühafizəkar dini-milli kulta əsaslanırdı.

Legionerlərin əsas hədəfi ölkəni idarə etmək üçün keyfiyyətcə tamamilə yeni bir millət formalaşdırmaq idi. Hər bir legioner rumın xalqının keçmişi ilə gələcəyi arasındakı daxili mənəvi bağlılıq hissini yaşatmalı idi.

Legionun daxilində "Dəmir Qvardiya" adlı hərbi-döyüş strukturu yaradılmışdı. Təşkilatın əsas struktur vahidi "yuva" () adlanırdı. Yaşıl rəngli köynəklər isə legionerlərin rəsmi forması hesab olunurdu.

Legion aktiv siyasi fəaliyyətə başlamış və 1931-ci ildən Kodryanu parlament deputatı seçilmişdir. 1932-ci ilin iyununda keçirilən seçkilərdə legionerlərin partiyasına 70 674 seçici səs vermişdir.

Lakin hərəkatın sürətlə populyarlaşması krallıq sarayından, polisdən tutmuş rəqib siyasi qüvvələrə qədər hər kəsin kəskin narazılığına səbəb olmuşdur. Daxili işlər naziri İon Dukanın əmri ilə Korneliu Kodryanunun təşkilatı rəsmən qadağan edilmişdir. Bu qərardan üç gün sonra isə üç legioner tərəfindən nazir Duka güllələnərək öldürülmüşdür.

Legionun fəaliyyəti

Yarandığı ilk günlərdən etibarən Legion daxilində kənd yerlərində fiziki əmək təcrübəsi, eləcə də fiziki əməklə məşğul olan insanlara maddi və mənəvi yardım göstərilməsi aktiv şəkildə tətbiq olunurdu.

1936-cı ildə Legionun Fəhlə Korpusu rəsmən açılmış, həmçinin legionerlərin ticarət sahəsindəki fəaliyyətinə start verilmişdir. Bir ildən az bir müddətdə Legionun Kommersiya Batalyonu tərəfindən legioner restoranları, baqqal dükanları və emalatxanalardan ibarət geniş bir şəbəkə yaradılmışdır. Bu fəaliyyətlərdən əldə olunan gəlirlər hesabına aztəminatlı ailələrdən olan uşaqların istirahəti maliyyələşdirilirdi. Bundan əlavə, Legion xeyriyyə təşkilatına və sanatoriyaya rəhbərlik edirdi. Hökumətin köməyini gözləmədən, yaşılköynəklilər öz idealizasiya etdikləri Rumıniyanı yaradırdılar.

1936-cı ilin sonlarında 7 nəfər legioner İspaniya falanqistlərinə kömək etmək məqsədilə İspaniya vətəndaş müharibəsinə yollanmışdı. Növbəti ilin yanvarında Legionun səlahiyyətli kapitanı İon Mota və Buxarest legionerlərinin lideri Vasile Marin döyüşdə həlak olmuşdular. Onların cəsədləri Buxarestə gətirilmiş və Kodryanunun bu qəhrəman ardıcıllarını son mənzilə on minlərlə həmvətəni yola salmışdır.

Ümumilikdə, 1924–1937-ci illər ərzində legionerlər tərəfindən əksəriyyəti siyasi motivli olan 11 qətl törədilmişdi. Eyni dövr ərzində isə 500-dən çox yaşılköynəkli qətlə yetirilmişdi. 1939-cu ilin aprel-dekabr ayları arasında isə 1200-ə yaxın legioner həbs edilmiş, zindana atılmış və məhv edilmişdir.

"Hər şey Vətən üçün"

Legion fəaliyyətini davam etdirsə də, qanunvericilikdəki qadağalara görə Kodryanu formal olaraq yeni və leqal bir partiya — "Hər şey Vətən üçün" (, qısaca: TPȚ) partiyasını yaratmaq məcburiyyətində qalmışdı. Bu müddət ərzində legionerlərin populyarlığı durmadan artmaqda idi. Müxalif partiyalar Kodryanu hərəkatı ilə rəqabət apara bilmək üçün təcili surətdə öz proqram prinsiplərini dəyişməyə başlamışdılar. Legionun özünün proqramı isə Avropa miqyasında faşist hərəkatlarının qazandığı nailiyyətlərdən güc alırdı.

Eyni zamanda, kral yenidən Kodryanu ilə kompromis tapmağa çalışsa da, o, növbəti dəfə rədd cavabı vermişdi. Bu, monarx üçün artıq son damla olmuşdu. Yeni daxili işlər naziri Kelinesku siyasi partiyaların fəaliyyətinə qadağa qoyulması təşəbbüsü ilə çıxış etmişdir. Kodryanu isə öz növbəsində TPȚ partiyasına fəaliyyətini dayandırmaq və özünü buraxmaq əmrini vermişdir.

Legioner hərəkatının sonu

30 noyabr 1938-ci ildə Kodryanu və onun 13 tərəfdaşı kralın gizli əmri ilə həbs olunduqdan sonra kimsəsiz bir kənd yerində məhkəməsiz-istintaqsız edam edilmişdirlər (rəsmi məlumata görə, qaçmağa cəhd göstərərkən güllələnmişdirlər).

Kodryanunun varisi Horiya Sima olmuşdur. Lakin o, "Dəmir Qvardiya"nın keçmiş nizam-intizamını və strukturunu yenidən bərpa etməyi bacarmadı. Legionerlərin 21–23 yanvar 1941-ci ildə dövlət hakimiyyətini tamamilə ələ keçirmək üçün etdikləri hərbi çevriliş cəhdi müvəffəqiyyətsizliklə (fiasko ilə) nəticələnmişdir.

Yon Antoneskunun diktatura rejimi dövründə Kodryanu rəsmən görkəmli xadim kimi qəbul edilsə də, onun rəhbərlik etdiyi partiyanın fəaliyyətinin bərpa olunmasına icazə verilməmişdir.

İstinadlar

Həmçinin bax

Dəmir Qvardiya Rumıniya krallığı Rumıniyada çevriliş (1944) Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:Edam olunmuş inqilabçılar