Teodor Balsamon (; ) — Şərq Pravoslav Kilsəsinin kilsə hüquqşünası (kanonisti) və XII əsrdə Antakiya Yunan Pravoslav Patriarxı olmuşdur.

Həyatı

Teodor Balsamon XII əsrin ikinci yarısında Konstantinopolda anadan olmuş və 1195-ci ildən sonra orada vəfat etmişdir. O, 1193-cü ildə Konstantinopolda yaşamağa davam etməsinə baxmayaraq Antakiya patriarxı seçilmişdir.

Balsamonun ən mühüm əsəri "Sxoliya" () (1170) adlanır. Bu əsər, İmperator I Manuil və Patriarx III Mixailin sifarişi ilə hazırlanmış, Şərq Pravoslav kilsə və imperiya qanunları ilə fərmanlarını əhatə edən Fotinin "Nomokanon"u üzərinə yazılmış geniş bir şərh kitabıdır. Balsamon "Sxoliya" əsərində mövcud qanunların tətbiqində israrlı olmuş, kilsə qanunları (kanonlar) ilə dünyəvi qanunlar arasındakı əlaqəni təhlil etmiş və əvvəlki hüquqi nizamlamalara üstünlük vermişdir.

Balsamon, həmçinin kilsə fərmanlarından ibarət bir məcmu (Sintaqma ()) tərtib etmiş və əksəriyyəti 1054-cü il kilsə parçalanmasından sonra Şərq və Qərb kilsələri arasında davam edən teoloji və hüquqi mübahisələrə həsr olunmuş digər əsərlər də qələmə almışdır. Onun məktublarından ikisi nəşr edilmişdir: onlardan biri oruc, digəri isə yeni başlayanların monastırlara qəbulu məsələləri ilə əlaqədardır.

Töhfələri

Teodor Balsamonun əsas irsi, erkən Bizans siyasi və teoloji tarixinə dair bir çox naməlum mənbə və sənədlər haqqındakı məlumatları hifz edib saxlamasıdır. Şərq Pravoslav kilsə hüququ sahəsində tədqiqat aparanlar onun şərhlərindən bu gün də aktiv şəkildə yararlanırlar. Teodor, həmçinin digər şərq ənənələrini rədd edərək Bizans üsulunu mənimsəmək məqsədilə Antakiya Kilsəsindəki liturgik (ayini) ritualları standartlaşdırmışdır.

Biblioqrafiya

Balsamonun "Sxoliya" () əsəri ilk dəfə Gentsian Erve tərəfindən Parisdə (1561) və Bazeldə (1562) latın dilində, daha sonra isə Parisdə (1615) və Bazeldə (1620) yunan və latın dillərində paralel olaraq nəşr edilmişdir. Bu mətni həmçinin Bevericin "Pandecta Canonum" (Oksford, 1672) əsərində də tapmaq mümkündür. 1852-ci ildən 1860-cı ilə qədər Ralli və Potli Afinada Balsamonun şərhlərini ehtiva edən Yunan kilsə hüququ mənbələri məcmusunu yayımlamışdır. Min isə bu şərhləri özünün "Patrologia Graeca" seriyasında nəşr etmişdir.

İstinadlar

Həmçinin bax

Antioxiya Pravoslav Kilsəsi Pravoslavlıq Bizans imperiyası