Vineta — 1941-ci ildə Almaniyanın Xalqı Maarifləndirmə və Təbliğat üzrə Reyx Nazirliyinin Şərq şöbəsinin nəzdində yaradılmış gizli qurum olub. Qurum Sovet İttifaqına qarşı psixoloji müharibə aparmaq məqsədilə fəaliyyət göstərib.
Vineta Sovet İttifaqında istifadə olunan demək olar ki, bütün dillərdə radio verilişləri, təbliğat vərəqələri və broşürlər üçün mətnlər hazırlayıb. Bu materiallar Qırmızı Ordu əsgərlərinə, rus əhalisinə, həmçinin Vlasov ordusunun hərbi qulluqçularına və Almaniyada çalışan Şərq işçilərinə təbliğat yolu ilə təsir göstərmək məqsədi daşıyıb.
Yaranması "Vineta" qurumu 1941-ci ilin iyun ayının əvvəllərində Sovet İttifaqına qarşı hərbi yürüş ərəfəsində Berlində yaradılıb. Qurumun adı Baltik dənizində, Svina çayının mənsəbi yaxınlığında yerləşdiyi və suya qərq olduğu rəvayət edilən, əvvəllər Svineta adlanan əfsanəvi, gizli Vineta şəhərinin adından götürülüb.
Vineta bütün Şərq dilləri üzrə mərkəzləşdirilmiş gizli tərcümə və təbliğat qurumu kimi təşkil edilib. Qurum Yozef Göbbelsin rəhbərlik etdiyi Xalqı Maarifləndirmə və Təbliğat üzrə Reyx Nazirliyinin (RMVP) Şərq şöbəsinə tabe olub. Şərq şöbəsinə Eberhard Taubert rəhbərlik edib. Vinetanın yaradılmasında məqsəd digər nazirliklərin öz tərcüməçi heyətlərini formalaşdırmasının qarşısını almaq olub. Beləliklə, müxtəlif sahələrdə fəaliyyət göstərən vahid qurum kimi Vineta Təbliğat Nazirliyinin mərkəzləşdirilmiş təsir imkanlarını təmin edib. Sovet İttifaqına qarşı hərbi yürüşə hazırlıq işləri məxfi saxlanılmalı olduğundan müharibə başlamazdan əvvəl qurumun əməkdaşları kazarma şəraitində yerləşdirilib. Məxfilik sonrakı dövrdə də zəruri olub. Çünki əməkdaşların əksəriyyəti alman əsilli olmayıb və onların rəsmi şəkildə Almaniya dövlət qurumunda çalışması çətinlik yarada bilərdi. İşçi heyətinin əsas hissəsini "Reyxə qayıdış" adı altında həyata keçirilən köçürülmə tədbirləri nəticəsində bir müddət əvvəl Almaniyaya gəlmiş Şərq dilləri üzrə tərcüməçilər təşkil edib.
Vineta qurumunun ilk qərargahı Berlin şəhərində, Viktoriastraße 10 ünvanında yerləşib. Qurum Eberhard Taubertin göstərişi ilə onun tabeliyindəki IV qrupun (Siyasət) rəhbəri Henrix Kurts tərəfindən təşkil edilib. Henrix Kurts 1939-cu ilin avqustunda Almaniyanın hərbi kəşfiyyat xidməti olan Abverin əməkdaşı kimi Lemberq şəhərindəki Almaniya konsulluğunda çalışıb, daha sonra isə Krakovda təbliğat fəaliyyəti ilə məşğul olub.
Henrix Kurts qurumun yaradılması mərhələsini belə təsvir edib:"1941-ci ilin iyun ayının əvvəllərində Təbliğat Nazirliyində doktor Taubertin yanına getdim. Doktor Taubert mənə bildirdi ki, yeni bir vəzifəyə təyin olunmağım üçün məni tələb edib. Söhbət ‘Vineta’ qurumunun yaradılmasından gedirdi. Vineta Təbliğat Nazirliyinin xüsusi sərəncamında olan təbliğat və tərcümə qrupu kimi fəaliyyət göstərməli idi. Əvvəlcə bu qurum yalnız kağız üzərində və plan şəklində mövcud idi. Onun fəaliyyətə başlaması istiqamətində ilk addım Viktoriastraße 10 ünvanındakı binanın icarəyə götürülməsi oldu. Növbəti konkret addım isə Estoniya, Latviya, Litva, Belarus, Rusiya və Ukraynanın dillərini bilən, həmin ölkələri tanıyan şəxslərin seçilməsi idi. Bunlar əsasən köçürülmə tədbirləri çərçivəsində həmin ölkələrdən bir müddət əvvəl Almaniyaya qayıtmış şəxslər idi. Onlar Viktoriastraße 10 ünvanındakı binada təcrid olunmuş şəraitdə yerləşdirildilər və ilkin mərhələdə xarici aləmlə əlaqələri kəsildi. Ailə üzvləri ilə əlaqə yalnız senzura yoxlamasından keçirilən məktublar vasitəsilə saxlanılırdı. Həmin məktublarda onların hansı fəaliyyətlə məşğul olduqları göstərilmirdi. Bina kriminal polis əməkdaşları tərəfindən mühafizə olunurdu." Kateqoriya:Çoxdilli kütləvi informasiya vasitələri Kateqoriya:Böyük Vətən müharibəsi Kateqoriya:1945-ci ildə ləğv olunanlar Kateqoriya:Nasist propaqandası