Yusif Hacı Rüstəm oğlu Abdullayev () və ya daha çox tanın adı ilə Malbaş Yusif – Bakı qoçusu.

İlk illəri 1866-cı ildə Bakının Sabunçu kəndində dövlətli tacir ailəsində doğulmuşdur. Atası Hacı Rüstəm kişi Sabunçunun Dağüstü adlanan ərazisində yerləşən bir neçə obyektin və bir çox evin sahibi idi. Yusifin iki qardaşı və bir bacısı var idi: İlyas, Kəblə İbrahim və Həlimə.

Qoçuluğu Yusifin qoçuluğa meyil etməsinin əsas səbəbi böyük qardaşı İlyasın 22 yaşında öldürülməsi olmuşdur. Qoçu kimi o, "Malbaş" ləqəbi ilə tanınmışdır. Bu ləqəbin səbəbi onun iribaşlı olması ilə bağlı olmuşdur. O, ucaboy və enlikürək bir şəxs kimi tanınmışdır. Ətrafına Əmizdərli Qoçu Baloğlan, Pirşağılı Bədəl, Hilal Nağıyev, Tuz Cabir kimi qoçulardan ibarət bir dəstə toplamışdı. Sabunçu-Ramana qoçusu Qafarla əvvəlcə düşmən olmuş, daha sonra dostlaşmışdır. Birinci Dünya müharibəsi illərində Nargin adasında saxlanılan 200-dən çox Osmanlı əsirinin gizli şəkildə qaçırılaraq xilas edilməsində iştirak etmişdir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təqiblərə məruz qalmışdır. 1920-ci ilin avqustunda ÇK sədri Baba Əliyevin göstərişi ilə həbs olunaraq Bayıl həbsxanasına atılmışdır. Əlinə süpürgə verilmiş və Dənizkənarı Milli Parkı süpürməyə məcbur edilmişdir. Böyük qardaşı Kəblə İbrahim Yusifin bu halını gördükdən qısa müddət sonra ölmüşdür. Yusif 1920-ci ilin sentyabrında güllələnərək öldürülmüşdür.

Var-dövləti Malbaş Yusif Bəşir bəy Aşurbəyovla qohum və yaxın dost olmuşdur. Yusif Neftçilər prospekti ilə Zevin küçəsinin kəsişdiyi yerdə yerləşmiş ikimərtəbəli binanı Əşrəf bəy Əsədullayevdən 200 min qızıl pul qarşılığında satın almışdı. Onun Şüvəlanda bağı yerləşirdi. O, bu bağı 1918-ci ildə xeyriyyəçi Əlibala Zərbəliyevin vasitəçiliyi ilə pəhləvan Şaban Baxşəliyevdən böyük bir miqdarda qızıl pul qarşılığında almışdı. Bu mülklərdən əlavə Yusifin Ləhiş bağlarında bir neçə evi var idi.

Malbaş Yusif xalq arasında xeyriyyəçi şəxs kimi tanınmış, yoxsullara dəstək göstərmişdir. Onunla bağlı əhvalatların birinə görə Yusif Ramana mədənlərini nəzərdən keçirərkən orada işləyən yoxsul işçiləri görmüş, yaxınlıqdan keçən neft kəmərini bir neçə yerdən güllələrlə deşmiş, onlara "Nə gözləyirsiniz? Qab-qacaq tapıb gətirin, doldurun, aparıb satın, çörək pulu edin" demişdir.

Şəxsi həyatı Gənc yaşlarında Cənnət adlı qadınla evlənmişdir. Cütlüyün övladı olmamışdır.

İstinadlar

Kateqoriya:Qoçular