Mirzə Əzim Sami () () — Buxara əmirliyində yaşamış tarixçi və şair. O, fars dilində yazılmış bir neçə əsərin, o cümlədən Buxara tarixinin müvafiq olaraq "rəsmi" və "qeyri-rəsmi" versiyaları hesab edilən "Töhfeyi-şahi" (1899–1901-ci illərdə) və "Tarixi-salatini-manqıtiyyə" (1906/07-ci illərdə) əsərlərinin müəllifidir.
Müəllif Buxaranın "Maarifpərvəri" adı ilə tanınan ilk nəsil ədəbi maarifçilik hərəkatının nümayəndəsi olmuşdur. O, Buxara əmirliyini kəskin tənqid etmişdir, lakin islahat tərəfdarı olan cədidizm hərəkatından fərqli olaraq, yeniliklərin tətbiqini yox, özünün ideal hesab etdiyi keçmiş dövrlərin nizamına qayıtmağı müdafiə etmişdir.
Həyatı Təxminən 1840-cı ildə Buxara əmirliyinin paytaxtı Buxara şəhəri yaxınlığındakı Bustan kəndində anadan olmuşdur. Buxarada mədrəsə təhsili almış, daha sonra Molla Sədəddin Mahirin rəhbərliyi altında təhsilini davam etdirmiş və müəllimi ona "Sami" təxəllüsünü vermişdir. Erkən yaşlarından elmə böyük maraq göstərmiş və tarixlə yaxından maraqlanmışdır.
Təhsilini başa vurduqdan sonra Sami bir neçə Buxara hakiminin yanında münşi (katib) kimi fəaliyyət göstərmişdir. Buxara əmiri Müzəffər bin Nəsrullahın (hakimiyyəti: 1860–1885-ci illər) hakimiyyətinin ilk illərində onun katibi təyin edilmişdir. 1863–1864-cü illərdə Buxara ilə Şəhrisəbzin özbək hakimi arasında baş verən müharibə zamanı Sami Buxara ordusunda nüvisəndə (rəsmi tarixçi) kimi xidmət etmişdir. 1866–1868-ci illərdə Rusiya ilə aparılan müharibə dövründə yenidən Buxara ordusunun sıralarında vaqayənigar (salnaməçi) vəzifəsini icra etmişdir. 1868-ci ildə Buxara əmirliyi Rusiyanın protektoratlığına keçmişdir.
Vəliəhd Əbdüləhəd xan 1883-cü ildə III Aleksandrın (hakimiyyəti: 1881–1894-cü illər) tacqoyma mərasimində iştirak etmək üçün Moskvaya gedən zaman Sami də onun nümayəndə heyətinin tərkibində yer almışdır. Onun sonralar Rusiyaya edilən digər diplomatik səfərlərdə də iştirak etdiyi qeyd olunur. 1885-ci ildə Əbdüləhəd xan yeni Buxara əmiri olduqdan sonra Sami ilkin olaraq katib vəzifəsini qorumuşdur, lakin əmiri və onun sarayını açıq şəkildə tənqid etməsi səbəbindən 1890-cı illərin ortalarında vəzifəsindən kənarlaşdırılmışdır.
Bundan sonra Sami yoxsulluq içində yaşamış, ailəsini dolandırmaq üçün həm başqalarının əsərlərinin, həm də öz yazılarının əlyazmalarını köçürməklə məşğul olmuşdur. Müasiri olan yazıçı Sədrəddin Ayninin məlumatına görə, ömrünün sonuna yaxın Saminin gözləri kor olmuşdur. Onun adına son dərəcə 1914-cü ildə, "Risaleyi-inşa" əsəri üçün əlyazma hazırladığı zaman rast gəlinir.
Baxışları XIX əsrin son iki onilliyində Buxarada Mərkəzi Asiyanın bir hissəsinin Rusiya imperiyası tərəfindən işğal edilməsi nəticəsində yaranan və "Maarifpərvəri" kimi tanınan ədəbi maarifçilik hərəkatı başlanmışdır. Bu dövrdə Rusiya və Avropadakı elmi-texniki tərəqqi diqqət mərkəzinə gəlmişdir. Ziyalılar əmirlikdəki mövcud problemlərin kökünü əmirin və məmurların İslam dinini yanlış təfsir etməsində görmüş, Rusiya isə cəmiyyət tərəfindən bir növ azadlıq və inkişafın təzahürü kimi qəbul edilmişdir.
İranlı tarixçi Azita Həmədani Samini Əhməd Doniş, Sədri-Ziya, Məxdum Şahin, Əbdülqadir Xacə Soda, Qari Rəhmətullah Vazeh və Məhəmməd-Siddiq Heyrət ilə birlikdə "Maarifpərvəri" hərəkatının ilk nəslinə aid etmişdir. Sami Şərq islam dünyasında uzun əsrlər boyu formalaşmış ənənəni davam etdirərək, poeziya və ədəbiyyatın müzakirə olunduğu ziyalı məclislərində iştirak etmişdir. Buxarada bu cür toplantılar yalnız ədəbiyyatla məhdudlaşmamış, həm də aktual sosial və siyasi məsələlərin müzakirəsinə meydan açmışdır. Bu məclislərdə həm cədidist islahatçılar, həm də saray mənsubları təmsil olunurdu. Saminin də iştirak etdiyi bu növ görüşlərin bir qismi Sədri-Ziyanın evində təşkil edilirdi.
Buxara cəmiyyətinin mənəvi tənəzzülü və sosial parçalanması ilə bağlı narahatlıqlar həm Sami, həm də cədidistlər üçün ortaq məsələ olmuşdur, lakin cədidçilərdən fərqli olaraq, Sami öz əsərlərinin heç birində özünü islahatçı kimi təqdim etməmişdir. Buxara əmirliyinə qarşı narazılığına baxmayaraq, onu daha çox mövcud vəziyyətin ağırlığı və cəmiyyətin ideal hesab etdiyi qədim dövrlərin dəyərlərindən nə dərəcədə uzaqlaşması maraqlandırırdı. Həm müsəlman, həm də Qərb ənənələrini özündə əks etdirən daha müasir və maarifçi bir dövlət modelinin qurulması onun məqsədləri sırasına daxil deyildi.
Əsərləri Sami tərəfindən fars dilində qələmə alınmış üç tarixi salnamə bəstələnmişdir. Müəllif ilk olaraq 1899–1901-ci illərdə Cani sülaləsindən olan Məhəmməd Übeydullah xanın hakimiyyət dövründən (hakimiyyəti: 1702–1711-ci illər) öz dövrünə qədərki Buxara tarixini əks etdirən "Töhfeyi-şahi" əsərini yazmışdır. Həmin mətndə Əbdüləhəd xanın rəğbətini yenidən qazanmaq məqsədilə Buxara əmirliyi hakimlərinin fəaliyyəti mədh edilmişdir, əsər xüsusilə Buxara əmirliyinin Rusiya tərəfindən işğal edilməsi prosesinə dair mühüm və zəngin məlumat mənbəyi hesab olunur. Saminin 1906/1907-ci illərdə qələmə aldığı növbəti tarixi əsəri "Tarixi-salatini-manqıtiyyə"dən fərqli olaraq, "Töhfeyi-şahi" geniş ictimaiyyət üçün nəşr edilmişdir.
"Tarixi-salatini-manqıtiyyə" əsəri daha məhdud oxucu kütləsi üçün nəzərdə tutulmuşdur, çünki Sami burada Buxara əmirliyinin idarəçilik sisteminə açıq şəkildə narazılığını bildirmiş, baş verən hadisələri və ayrı-ayrı şəxsləri tənqid atəşinə tutmuşdur. Tənqidə məruz qalan tarixi şəxsiyyətlər arasında Nəsrulla xan (hakimiyyəti: 1827–1860-cı illər), Müzəffər bin Nəsrullah və Əbdüləhəd xan da var idi. Əsərdə eyni zamanda kəskin anti-Rusiya meylləri də özünü büruzə vermişdir. Müəllif Osmanlı hökmdarı II Əbdülhəmidin (hakimiyyəti: 1876–1909-cu illər) müsəlman torpaqlarını qeyri-müsəlmanlardan qorumaq sahəsindəki rolunu xüsusi vurğulamış, onu müasir müsəlman hökmdarının ideal nümunəsi kimi təqdim etmişdir. "Tarixi-salatini-manqıtiyyə" fars-islam ədəbi modelinə uyğun yazılmışdır. Burada Saminin mənəvi dəyərləri islamın ədalət və ədəb prinsipləri əsasında formalaşmış, onun dünyagörüşü isə şanlı keçmişin, bu kontekstdə Teymurilər dövlətinin irsindən ilhamlanmışdır. Bu səbəbdən qeyd olunan əsər ümumilikdə Buxara tarixinin "qeyri-rəsmi versiyası", "Töhfeyi-şahi" isə "rəsmi versiyası" kimi qəbul edilmişdir.
Saminin üçüncü tarixi əsəri Məhəmməd-Sadiq Münşi Candarinin 1785-ci ildə Cani sülaləsi haqqında yazdığı "Dəxmeyi-şahan" adlı qısa satirik tarixin davamı xarakterini daşıyır. Müəllif bu əsərə Buxara əmirliyinə dair xüsusi bir bölmə əlavə etmişdir. Sədrəddin Ayni Buxara əmirliyinin tarixinə dair öz salnaməsini qələmə alarkən Saminin tarixi xronikalarından geniş istifadə etmişdir.
Tarixi salnamələrdən başqa Sami digər janrlarda da əsərlər meydana gətirmişdir. Onun "Miratül-xəyal" adlı əsəri əsasən öz dövrünün insanları və hadisələri haqqında yazılmış şeirlər məcmusudur. Katiblər üçün bir növ təlimat və rəhbərlik sənədi olan "Risaleyi-inşa" əsərində ideal katib obrazı ədəbiyyat, poeziya və qrammatikanı dərindən bilən bir şəxs kimi xarakterizə olunur. Müəllif həmçinin öz dövrünün ən görkəmli on Buxara şairinin yaradıcılığını özündə əks etdirən bir antologiya da tərtib etmişdir.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:Fars dilində yazan şairlər