"Mürvarid" əməliyyatı (; ) — İran–İraq müharibəsi zamanı, İraqın İran tərəfindən həyata keçirilən hava əməliyyatlarına qarşı yönəlmiş, Mina əl-Bəkr və Xor əl-Əmayə neft platformalarında radar və müşahidə avadanlıqları yerləşdirməsinə cavab olaraq, 27 noyabr 1980-ci il tarixində İran Hərbi Dəniz və Hərbi Hava Qüvvələri tərəfindən İraqın hərbi dəniz obyektlərinə qarşı başladılmış hərbi əməliyyat. Əməliyyat hər iki neft platformasını, eləcə də İraq Hərbi Dəniz Qüvvələrinin böyük bir hissəsini məhv etməyi bacaran və İraqın limanları ilə aerodromlarına ciddi ziyan vuran İranın qələbəsi ilə nəticələnmişdir.

Əməliyyatın tarixi (28 noyabr 1980) İranda "Hərbi Dəniz Qüvvələri Günü" kimi qeyd olunur.

Zəmin Noyabrın sonlarında iranlılar İraq tərəfindən Abadan neft emalı zavodunun dağıdılmasına cavab olaraq, Xor əl-Əmayə və Mina əl-Bəkr dəniz neft terminallarını zərərsizləşdirmək qərarına gəlmişdilər. Bu hücumlar vasitəsilə İraq Hərbi Dəniz Qüvvələrinin açıq dənizə cəlb edilməsi və burada İran hərbi hava və dəniz qüvvələri tərəfindən məhv edilməsi planlaşdırılmışdır.

Döyüş 27 noyabr 1980-ci il tarixində İran texnikləri mümkün qədər çox təyyarə və helikopteri döyüşə hazır vəziyyətə gətirdikdən sonra İranın "F-4 Phantom" və "F-5 Tiger II" tipli qırıcıları Bəsrə ətrafındakı İraq aerodromlarına hücum etmişdir.

28 noyabr gecəsi İran Hərbi Dəniz Qüvvələrinin 421 nömrəli Əməliyyat Qrupuna aid altı gəmi, İran dəniz piyadalarını İraqın Mina əl-Bəkr və Xor əl-Əmayə neft terminallarına çıxarmışdır. Ordu Aviasiyasının "AH-1J Cobra", "Bell 214" və "CH-47C Chinook" helikopterləri tərəfindən dəstəklənən dəniz piyadaları qısamüddətli atışma zamanı İraq müdafiəçilərinin böyük qismini zərərsizləşdirmiş, daha sonra isə əraziyə çoxlu sayda bomba və mina yerləşdirmişdir. Onlar daha sonra helikopterlə təxliyə edilmiş, İraqın neft qurğuları və erkən xəbərdarlıq bazaları isə alovlar içində tərk olunmuşdur. Digər mənbələrə görə, neft terminalları üç helikopter (iki "AB.212ASW" və bir "ASH-3D Sea King") vasitəsilə gətirilən və müdafiəçiləri qəfil yaxalayan İran xüsusi təyinatlıları tərəfindən ələ keçirilmiş, ardınca isə üç hava yastıqlı gəmi ilə İran köməkçi qüvvələri və partlayıcı mütəxəssisi olan mühəndislər əraziyə gəlmişdir. Mühəndislər partlayıcı qurğuları yerləşdirdikdən sonra desant qrupları hava yastıqlı gəmilərə təxliyə edilmiş və bir neçə onlarla İraq hərbi əsiri ilə birlikdə Buşəhrə qayıtmışdır.

Eyni zamanda, İranın "Kaman" sinfinə aid ("La Combattante II" tipli) iki raket kateri ("Peykan" və "Cövşən") Əl-Fao və Ümm-Qəsr limanlarını blokadaya alaraq 60 xarici gəminin hərəkətini məhdudlaşdırmış və hər iki obyekti atəşə tutmuşdur.

Buna cavab olaraq, İraq Hərbi Dəniz Qüvvələri əks-hücum üçün "P-6" torpeda katerlərini və "Osa II" sinfinə aid raket katerlərini döyüşə cəlb etmişdir. Bu katerlər iki İran raket kateri ilə döyüşə girmiş və İran tərəfi "Harpoon" raketləri ilə iki "Osa" katerini batırmağa nail olmuşdur. Geridə qalan üç "Osa" sinfindən olan raket kateri "Peykan" raket katerinə hücum etməyə davam etmişdir. "Peykan" heyəti kömək üçün İran Hərbi Hava Qüvvələrinə müraciət etmiş və əraziyə hər biri altı ədəd "AGM-65 Maverick" raketi ilə silahlanmış iki "F-4" qırıcısı göndərilmişdir. Lakin onlar gəlib çatana qədər "Peykan" iki İraq "P-15 Termit" raketinin zərbəsinə məruz qalaraq batırılmışdır. Cavab olaraq "F-4" qırıcıları yerdə qalan İraq gəmilərini hədəf almış, üç "Osa II" və dörd "P-6" katerini batırmışdır. Bununla belə, son dövrlərə aid daha ətraflı mənbələrə görə, "Peykan"ın "Harpoon" raketləri ilə yalnız bir "P-6" torpeda kateri batırılmış, "F-4" qırıcıları tərəfindən isə yalnız iki "Osa" raket kateri məhv edilmişdir.

Tezliklə Şiraz aviabazasından daha dörd İran "F-4" qırıcısı gələrək Əl-Fao limanını bombalamış və "F-5" qırıcıları ilə birlikdə ətrafdakı İraq zenit-raket komplekslərini (ZRK) sıradan çıxarmışdır. Bu zaman bir İran "F-4" qırıcısı vurulub salınmış, digəri isə İraqın "SA-7" zenit raketi ilə vurularaq zədələnmiş, lakin bazaya qayıtmağı bacarmışdır.

Bu əsnada döyüşə İranın "F-14 Tomcat" qırıcı birləşmələri də qoşulmuş və bir neçə "F-4" ilə birlikdə 421 nömrəli Əməliyyat Qrupunun geri çəkilməsini mühafizə edərək İraqın neft platformalarını bombalamışdır. Sonra onlar Mina əl-Bəkr terminalına hücum etmişdir. Bir İraq "Su-22" təyyarəsi "Peykan" katerinə hücum etsə də, kater özünün 76 mm-lik silah qülləsi ilə onu vurub salmağa nail olmuşdur. İraqlılar terminalı müdafiə etmək üçün dörd "MiG-23 Flogger" qırıcısını havaya qaldırmışdır. Qısa müddət sonra İran "F-14" qırıcısı MiQ-lərdən birini vurub salmış, digər üçünü isə geri çəkilməyə məcbur etmişdir.

Nəticəsi İraqın zenit-raket komplekslərinin, radar və müşahidə avadanlıqlarının məhv edilməsi İran Hərbi Hava Qüvvələrinə İraqın cənubundan yenidən hücum etmək imkanı yaratmışdır. Bu əməliyyatda iştirak edən İranın "Cövşən" raket kateri sonralar "Peyğəmbər dəvədəlləyi" əməliyyatı zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri tərəfindən batırılmışdır.

İstinadlar

Xarici keçidlər Operation Pearl Operation Morvarid Kateqoriya:1980-ci ildə İran Kateqoriya:28 noyabrdakı hadisələr Kateqoriya:29 noyabrdakı hadisələr Kateqoriya:İran-İraq müharibəsi Kateqoriya:İranın hərbi əməliyyatları