Əhalinin vəziyyəti
XVI əsrin son rübündə 2 ci Səfəvi-Osmanlı müharibəsi gedişində Azərbaycanın əksər ərazilərinin işğal olunması nəticəsində Azərbaycan dövlətçiliyinin inkişafına ağır zərbə vuruldu, əhali fəlakətlə üzləşdi. İşğalın ilk mərhələsində Osmanlı hakim dairələri Səfəvi hakimiyyəti dövründə müəyyən olunmuş vergi məbləğləri və mükəlləfiyyətlərlə kifayətlənirdilər, lakin işğalın sonrakı mərhələsində onlar dövlət xəzinəsini zənginləşdirmək, şəxsən varlanmaq məqsədilə tədricən vergilərin məbləğini və mükəlləfiyyətlərin sayını artırırdılar. Osmanlı istilasının ağırlığını çəkmiş Azərbaycan əhalisi müstəqil siyasi inkişaf arzusu ilə mübarizəyə qalxırdı. Osmanlı hakimiyyəti dövründə Azərbaycanın iqtisadi vəziyyəti ağır idi. Əhali uzun müddət yaşadığı ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalırdı. Əhalinin yaşadığı yerlərdən getməsi Osmanlı zülmünə qarşı olan etirazın özünəməxsus formalarından birinə çevrilmişdi.
XVI əsrin sonlarına doğru Azərbaycanda yaranmış vəziyyətin şahidi olmuş tarixçi İskəndər bəy Münşi Osmanlı işğalı dövründə Təbrizdəki şəraiti belə təsvir edir: "Təbriz əhalisinin bir hissəsi şəhər işğal olunarkən qılıncdan keçirilmiş, digər bir qismi əsir kimi aparılmış, qalanları isə Əcəm İraqının şəhərlərinə qaçmışdılar". İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Osmanlı işğalı illərində "Təbriz şəhərində əhali qalmamışdı". "Abadlığına və əhalisinin sayına görə islam aləminin şəhərləri arasında tayı-bərabəri olmayan" Təbriz şəhərinin əhalisinin tamamilə köçməsi haqqında Osmanlı mənbələrində də məlumatlar vardır.
XVI əsrin sonlarında Osmanlı imperiyasının iqtisadi vəziyyəti xeyli ağırlaşmışdı. Çoxsaylı ordunun saxlanması dövlət ehtiyatlarının tükənməsinə, xeyli gənc işçi qüvvəsinin ictimai istehsaldan ayrılmasına, istehlakın və məsrəflərin artmasına səbəb olmuşdu. İqtisadi həyatdakı böhranın təzahürləri geniş əraziyə malik olan Osmanlı imperiyasının bütün vilayətlərində nəzərə çarpırdı. Ucqar vilayətlərdə, xüsusilə fəth olunmuş ölkələrdə iqtisadi böhranın nəticələri xüsusilə acınacaqlı idi. Osmanlı hakim dairələri həmin ərazilərdə başlıca diqqəti istehsalın təşkilinə deyil, zəbt olunmuş ərazilərin qarət edilməsinə yönəltmişdilər.
Cəlalilər hərəkatı
XVI əsrin sonlarında Osmanlı hakim dairələri ağır iqtisadi vəziyyətə düşmüş Azərbaycandan ordunun və inzibati aparatın saxlanması üçün zəruri olan vəsaiti əldə edə bilmirdilər. Uzun müddət ərzində məvaciblə təmin olunmayan Osmanlı arasında da narazılıq yaranmışdı. Kütləvi narazılıq, aclıq, soyğunçuluq, dəhşətli dağıntılar və iqtisadi tənəzzül Azərbaycanda osmanlılara qarşı yeni mübarizə dalğasına səbəb oldu. Bu mübarizə tarixə Cəlalilər hərəkatı adı altında daxil olmuşdur. Bu hərəkat adını 1518–1519-cu illərdə Tokatda üsyan başçısı olmuş Şeyx Cəlaldan almışdır. Sonralar Osmanlı imperiyasının müxtəlif vilayətlərində genişlənən kəndli hərəkatları Osmanlı tarixlərində "cəlali fitrəti" adı altında yad edilmişdir.1590-cı il Osmanlı-Səfəvi sülh müqaviləsinə əsasən Osmanlı imperiyası tərkibinə qatılmış Azərbaycan torpaqlarında işğalçı hakimiyyət orqanlarına qarşı üsyanlar Cəlalilər hərəkatı adı ilə məşhur olmuşdur. Ə.Ə.Rəhmaninin qeyd etdiyi kimi, XVI əsrin sonu — XVII əsrin əvvəllərində Şərqi Anadoluda baş verən Cəlalilər hərəkatı uzun müddət tarixi ədəbiyyatda "Türkiyə" amili kimi qeyd olunmuş, onun digər ölkələrdə yayılmadığı göstərilmişdir. Bu hərəkatın Azərbaycana və qonşu ölkələrə yayılması ilk dəfə İ.P.Petruşevski tərəfindən qeyd edilmişdir.
Şərqi Anadoluda Cəlalilər hərəkatı Türkiyə tarixçisi M.Ağdağ tərəfindən tədqiq olunmuşdur. Qara Yazıcı- Dəli Həsənin başçılığı altında üsyan isə A.Tveritinova tərəfindən araşdırılmışdır.
1591-ci ildə Təbriz əhalisinin üsyanı Cəlalilər hərəkatının növbəti təzahürü idi. Bu üsyanda şəhərdə yerləşdirilmiş Osmanlı qarnizonunun bir hissəsi də iştirak edirdi. Osmanlı əsgərlərinin bu üsyanın fəal iştirakçısı kimi çıxış etməsi onların uzun müddət ərzində məvacib almaması ilə əlaqədar idi. Osmanlı əsgərlərinin təbrizlilərin üsyanına qoşulması onların Azərbaycandakı hökmranlığı üçün böyük təhlükə törədirdi. Üsyançılar öncə cəbhəxananı ələ keçirdilər, lakin üsyan rəhbərləri aydın məqsəd və qətiyyət nümayiş etdirmədilər. Təbriz hakimi Cəfər paşa bundan istifadə edərək üsyanı amansızcasına yatırdı.
Təbriz üsyanının məğlubiyyəti Azərbaycanda Cəlalilər hərəkatının hələ sonu demək deyildi. İsgəndər bəy Münşi Osmanlı-Səfəvi müharibələrinin növbəti mərhələsi (1603–1607) ərəfəsində Səfəvi dövləti ilə həmsərhəd Osmanlı ərazisində Cəlalilər hərəkatının genişlənməsini Şah I Abbasın Azərbaycanı, Cənubi Qafqazı azad etmək məqsədilə hərbi yürüşə çıxmaq qərarı ilə əlaqələndirir. Onun fikrincə, Osmanlı dövlətinə qarşı müharibəyə başlamaq qərarına gələn Şah I Abbas belə hesab edirdi ki, "irsən bizim müqəddəs nəslimizə məxsus olan Azərbaycan və Şirvan ölkələrini sayca az olan və öz padşahına qarşı mübarizə aparan cəlalilərin hakimiyyəti altında saxlamaq, həmin ölkələrin fəth olunması üçün yaranmış əlverişli məqamı əldən vermək ağıllı şəxslərə xas olmayan hərəkətdir".
Səfəvi qoşunlarının Azərbaycana və qonşu ölkələrə müdaxiləsi Cəlalilər hərəkatının zəifləməsinə səbəb olmadı. Əksinə, Şah I Abbasın həyata keçirdiyi siyasət, xüsusilə böyük əhali kütləsinin vətəndən zorla köçürülməsi Cəlalilər hərəkatının genişlənməsi üçün əlverişli şərait yaratdı. Arakel Təbrizlinin verdiyi məlumata görə, Cəlalilər hərəkatı "İstanbuldan İrəvana, Bağdaddan Dəmirqapıyadək olan torpaqları" əhatə etmişdi.
Şərqi Anadoluda və Azərbaycanda genişlənən Cəlalilər hərəkatı mürəkkəb hadisə idi. Bu hərəkatda həmin tarixi dövrün müxtəlif ictimai təbəqələrindən çıxmış şəxslər iştirak edirdilər. Səfəvi-Osmanlı müharibəsində Səfəvi ordusunun osmanlılara qarşı hərbi əməliyyatları gedişində xarabazarlığa çevrilmiş ərazilərdə hər bir istehsal fəaliyyəti qadağan edilirdi. Arakel Təbrizli yazır ki, "bu səbəbdən torpaq sahibləri və əkinçilər qorxu və dəhşətlə öz yerlərini tərk edir, qalalarda, qəsrlərdə, mağaralarda möhkəmlənir, əkinçiliklə məşğul ola bilmirdilər".
Arakel Təbrizlinin verdiyi məlumatdan aydın olur ki, Səfəvi-Osmanlı müharibəsinin gedişində Osmanlı və Səfəvi ordularının yürüşlərindən sonra Cənubi Qafqazda Cəlalilər hərəkatı daha da fəallaşırdı. Bu hərəkata qarət olunmuş ərazilərdə yaşayan yerli kəndlilər və şəhər yoxsulları yaxından iştirak edirdilər. Onlar yerli feodallara və varlılara hücum edərək onların əmlakını müsadirə edirdilər.
Arakel Təbrizlinin verdiyi məlumata görə, Şərqi Anadoluda və Azərbaycanda Qarayazıcı Dəli Həsənin, Kosa Səfərin, Canpolad oğlu Əli paşanın, Tanrı tanımaz, Göyəbaxan Çılpağın, Qara Səidin, Kəsəkəsin, İncəxanın, Ağacan Pirinin, Manoğlunun, Yolasığmazın, Dəli Nəsibin, Gizir oğlu Mustafa bəyin, Əhməd paşanın, Koroğlunun rəhbərliyi altında Cəlali dəstələri fəaliyyət göstərmişdi.
Arakel Təbrizli baş vermiş hərəkata kilsə-feodal mövqeyindən yanaşır, həmin hərəkatın tezliklə yatırılmasını arzulayırdı, lakin hərəkata düşmən mövqeyində durmuş salnaməçi cəlalilərin "əsilzadə, hər şeyə qalib döyüşçü, əyilməz cəngavər olduqlarını" etiraf edirdi. Arakel Təbrizli Cəlalilər hərəkatını sırf islam hadisəsi kimi təqdim etməyə can atmış, onun xristianlar, o cümlədən ermənilər əleyhinə yönəldiyini sübut etməyə çalışmışdır, lakin tarixi faktlar erməni müəllifinin bu fikrini təkzib edir.
Arakel Təbrizlinin verdiyi məlumata görə, Azərbaycanın İrəvan bölgəsində Cəlalilər hərəkatına Məhəmməd Kənakerli rəhbərlik etmişdi. Qırxbulaq yaxınlığında Topal Osman paşanın dəstəsi ilə toqquşmadan sonra Məhəmməd Kənakerli bölgəni tərk etməyə məcbur olmuşdu. Topal Osman paşanın rəhbərliyi altında cəlalilər Qərbi kəndini özünə mərkəz seçərək qışı orada keçirmişdi. Kiçik qruplara ayrılan Topal Osman paşanın dəstəsi bir ilə yaxın Arazın hər iki sahilində fəaliyyət göstərmişdi. Arakel Təbrizlinin verdiyi məlumata görə, İrəvan bölgəsində Əbdürrəhman Müsəllimin rəhbərliyi altında digər cəlali dəstəsi də fəaliyyət göstərmişdir.
Cənubi Qafqazda Səfəvi-Osmanlı hərbi əməliyyatlarının gedişində Cəlalilər hərəkatının arealı daha da genişlənmişdi. Osmanlıların Cənubi Qafqazdakı hakimiyyəti möhkəmləndikcə cəlalilər mübarizə meydanından sıxışdırılmış və xalq kütlələrinin azadlıq hərəkatı yeni formalar almışdı. Osmanlı ordusunun məğlub etdiyi cəlalilərin bir qismi Səfəvi hökmdarı Şah I Abbasın himayəsinə sığınmışdı. 1608-ci ildə Ərzurum ətrafında 20 minlik Osmanlı qoşununa qarşı son döyüşdən sonra cəlalilər qızılbaşlar ölkəsinə pənah gətirmiş, Çuxursəd hakimi Əmirgünə xan Qacar onların Azərbaycanda yerləşməsinə razılıq vermişdi. Səfəvi şahı cəsur və cəngavər cəlalilərin böyük dəstəsindən hə tabe olmaq istəməyən kürd feodallarına, həm də Osmanlı dövlətinə qarşı istifadə etmək istəyirdi, lakin o, cəlalilərdən qorxurdu. İsgəndər bəy Münşi şahın cəlalilərə ehtiyatlı, ikili münasibətini əsərinin bir neçə yerində aydın şəkildə qeyd etmişdir. O, cəlaliləri "özbaşına və hərəkətlərində ardıcıl olmayan" şəxslər kimi təqdim edir. "Böyük vəzir" Hatəm bəy Ordubadi şahın göstərişi ilə Təbrizdə olan cəlaliləri siyahıya aldı. İsgəndər bəy Münşi qeyd edir ki, bu zaman Təbrizdə 1380 nəfər cəlali vardı və onlar daim mərkəzi hakimiyyətin nəzarəti altında saxlanılırdılar. Səfəvi sarayı Azərbaycanda yenicə məskunlaşmış Şərqi Anadolu cəlalilərinin yerli cəlalilərlə birləşməsindən qorxurdu, lakin Anadolu cəlalilərinin öz daxilində vahid fikir və əməl birliyi yox idi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Türkiyədən İrəvan bölgəsinə gələn cəlalilər ilk gündən bir-biri ilə rəqabət aparan üç dəstəyə ayrılmışdı. Ərzurum yaxınlığında İbrahim paşaya məğlub olan Qələndər oğlu Məhəmməd paşa Şah I Abbasın himayəsinə qəbul edilmişdi. Səfəvi sarayı Anadolu cəlalilərinin qüvvələrini Həsən Ustaclının rəhbərliyi altında Səfəvi ordusu ilə birləşdirərək Marağa istiqamətində yürüş edərək Kürdüstana yiyələnmək, Türkiyə ərazisi ilə Diyarbəkirə kimi irəliləyərək Çuxursəd hakimi Əmirgünə xan Qacarın dəstəsi ilə cəbhəni birləşdirmək fikrində idi. Hadisələrin gedişi göstərir ki, iki ilədək Şah I Abbasa xidmət edən Anadolu cəlaliləri hökmdarın münasibətindən narazı qalmışdılar. Osmanlı hakim dairələrinin təbliğatı, üsyançıların bağışlanması haqqındakı vədlər, vətənə qayıtmaq çağırışları da öz nəticəsini verdi. 1610-cu ilin ortalarına doğru 500 nəfərlik dəstə istisna olunmaqla bütün Anadolu cəlaliləri Osmanlı imperiyasına qayıtdılar. Qara Səidin və Hacı Məhəmmədin rəhbərliyi altında cəlalilər Şah I Abbasa sədaqətli qalaraq Ali Divanın şəxsi xidmətçiləri sırasına daxil olundular.
Cəlalilər hərəkatına başçılıq edən rəhbərlər arasında Koroğlu xüsusilə seçilirdi. Koroğlu şəxsiyyəti və onunla əlaqədar hadisələr Azərbaycan folklorunda özünün geniş əksini tapmışdır. Tarixi ədəbiyyatda Koroğlunun tarixi şəxsiyyət olduğunu ilk dəfə qeyd edən P.H.Boratav olmuşdur. O, Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində saxlanılan Mühimmə dəftərlərindən istifadə edərək Köroğlu ilə bağlı 4 sənəd aşkara çıxarmışdır. Sovet tarixşünaslığında Koroğlunun tarixi şəxsiyyət olduğunu ilk dəfə qeyd edən İ.P.Petruşevski olmuşdur. Arakel Təbrizli Koroğlu barədə yazır ki, "bu o Koroğludur ki, hazırda aşıqlar tərəfindən oxunan çoxlu nəğmələr bəstələmişdir".
Yadelli işğalçılara, feodal zülmünə qarşı barışmaz mövqeyi və mübarizliyi xalq kütlələrində Koroğluya sonsuz hörmət və sevgi qazandırmışdı. Real tarixi şəxsiyyət olan Koroğlu ədalətli xalq müdriki, yenilməz qəhrəman, mahir aşıq kimi xalqın sevimlisinə çevrilmişdi. Xalqın qəhrəmanlıq və ədalətli hakim idealları Koroğlu obrazında əksini tapmışdır.