Fayf hersoqu () — Birləşmiş Krallıqda yaradılan bir neçə monarxial tituldan biri.
Ünvanın ilk sahibi Aleksandr Duff şotland əsilli torpaq mülkədarı və 5-ci Fayf qrafı Ceyms Duffun ən böyük oğlu idi. Atasının 1879-cu ildə vəfatının ardından İrlandiya zadəgan sisteminə 6-cı Fayf qrafı olaraq daxil oldu. 1885-ci ildə isə Kraliça Viktoriya tərəfindən Fayf qraflığı Birləşmiş Krallıq zadəgan sisteminə yüksəldildi.
27 iyul 1889-cu ildə Aleksandr Duff Kraliça Viktoriyanın nəvəsi və Uels şahzadə Albert Eduardın qızı Şahzadə Luiza ilə Bukingem sarayında evləndi. Üstəlik hər ikisi də Britaniya kralı III Georqun şəcərəsinə mənsub idi. Belə ki, qrafın anası Britaniya kralı IV Vilhelmin məşuqəsindən doğulan nəvəsi Leydi Aqnessa Haydır. Toy mərasimindən 2 gün sonra Kraliça Viktoriya tərəfindən Fayf hersoqluğuna yüksəldi. 29 iyul 1889 tarixli bu fərmanla ünvan Aleksandr Duff və onun şəcərəsindən gələn kişi varislərinə miras verildi.
Ancaq cütlüyün 3 övladı doğulsa da, bunlardan ilki olan oğlu doğuşdan bir neçə saat sonra vəfat etdi. Digər iki övladı isə qız idi və bu da Aleksandr Duffun ölümündən sonra ünvanın ləğvi demək idi. Bu səbəblə, Kraliça Viktoriya 24 aprel 1900-cü ildə verdiyi xüsusi fərmanla hersoqun vəfatı halında ünvanın qız övladlarına, onlardan sonra isə onların oğul varislərinə keçməsini təsdiqlədi. Beləcə, cütlüyün böyük qızı şahzadə Aleksandra Viktoriya Duff atasının varisi oldu.
Kraliça Viktoriyanın vəfatından sonra taxta çıxan qaynatası VII Eduard isə hər iki qız nəvəsini 9 noyabr 1905 tarixli fərmanla Əlahəzrət şahzadə () ünvanına yüksəltdi. 1-ci Fayf hersoqu Aleksandr Duffun 1912-ci ildə vəfatının ardından böyük qızı şahzadə Aleksandra Viktoriya Duff Fayf hersoginyası oldu. Şahzadə Aleksandra Viktoriya Duff 15 oktyabr 1913-cü ildə Sent-Ceyms sarayında anasının əmisi oğlu şahzadə Arturla evləndi. Seçilən bəy namizədi Kraliça Viktoriyanın oğlu Konnaut hersoqu Arturun oğlu idi. Ancaq cütlüyün yeganə oğlu Alastar Vindzor 1943-cü ildə anasından öncə vəfat etdi.
Beləcə, hersoqun böyük qızı Aleksandra Duffun şəcərəsi sonlandı və varislik hersoqun kiçik qızı Maud Duffun şəcərəsinə keçdi. Mərhum Maud Duff Sautesk qrafı Karl Karneqi ilə evli idi və yeganə oğlu Ceyms Karneqi xalasının 1959-cu ildəki vəfatından sonra ünvanları miras aldı.
Ceyms Karneqinin 2015-ci ildə vəfatından sonra yeganə oğlu David Karl Karneqi ünvanları miras aldı. Hal-hazırda da ünvan ona məxsusdur.
Bütün tarix boyu titulu 4 nəfər daşıyıb.
Aleksandr Duff (1889-1912) Aleksandra Viktoriya Duff (1912-1959) Ceyms Georq Karneqi (1959-2015) David Karl Karneqi (2015-davam edir)
Mənbə
Ədəbiyyat
Heywood, Valentine (1951). British Titles - The Use and Misuse of the Titles of Peers and Commoners, with Some Historical Notes (1st ed.). A. & C. Black, Ltd Charles Kidd, David Williamson (Hrsg.): Debrett’s Peerage and Baronetage. St Martin’s Press, New York 1990 Kateqoriya:Fayf