İzotoplara ayırma — müxtəlif izotopların qarışığından ibarət olan maddədə müəyyən bir izotopun miqdarının artırılması və ya azaldılması (zənginləşdirilməsi və ya tükəndirilməsi) ilə bağlı prosesdir. İzotoplara ayırma, izotopların və onların birləşmələrinin fiziki və kimyəvi xüsusiyyətlərindəki fərqlərə əsaslanır. Kimyəvi elementlərin izotopları elmin müxtəlif sahələrində, praktikada və sənayenin bir çox sahəlində geniş istifadə olunur.Баранов В.Ю. (Ред.) Изотопы: свойства, получение, применение (М.: ИздАТ, 2000) İzotoplara ayırma metodlarının inkişafı əsasən nüvə energetikasının (235U izotopu ilə zənginləşdirilmiş uranın alınmasıОбогащение Урана в Мире. https://web.archive.org/web/20160919004357/http://www.ieer.org/ensec/no-31/no31russ/uenrichtable.html) inkişafı ilə əlaqədardır. İzotoplara ayırma üçün elektromaqnit (plazma da daxil olmaqla), qaz-dinamik, fiziki-kimyəvi və optik (əsasən lazer) metodlarından istifadə olunur. İzotoplara ayırmada ilk və hələ də istifadə edilən elektromaqnit metodu kütlə-spektrometrinin iş prinsipinə (eyni elektrik yükünə, lakin fərqlı kütlələrə malik sürətlənmiş ionların xarici maqnit sahəsində müxtəlif trayektoriyalarla hərəkət etməsi) əsaslanır. Kütlə-spektrometrik separatorlar (ayırıcılar) istənilən elementin izotoplarını ayıra bilir və yüksək ayırdetmə qabiliyyəti ilə xarakterizə olunur. Onların çatışmazlıqlarına aşağı məhsuldarlıq (ildə onlarla qram) və bu üsulla əldə edilən izotopların yüksək qiymətə malik olmasıdır. Lakin elə elementlər (əksər nadir torpaq elementləri və nəcib metallar) var ki, onların izotopları digər üsullarla ayrıla bilmir. İzotoplara ayırmanın qaz-dinamik metodları diffuziya və mərkəzdənqaçma üsullarından ibarətdir. Bu metodlarla izotoplarının ayrılması üçün tələb olunan elementin qaz şəklində birləşməsinin mövcudluğu lazımdır. Diffuziya metodu məsaməli membrandan keçən müxtəlif kütləli molekulların qaz diffuziyası sürətindəki fərqə əsaslanır. Mərkəzdənqaçma ayırma metodunda, müxtəlif kütləli molekullardan ibarət qaz halındakı işçi maddə, ya axınının fırlanması və ya da qazın fırlanması nəticəsində yaranan mərkəzdənqaçma qüvvəsinin təsirinə məruz qalır. Daha ağır molekullar mərkəzdənqaçma qurğusunun (sentrifuqanın) periferiyasında (kənarlarında), daha yüngül molekullar isə oxun yaxınlığında cəmləşir. Qaz sentrifuqaların köməyi ilə İzotoplara ayırma, uran və bir çox digər elementlərin izotoplarının sənaye üsulu ilə ayrılması üçün ən effektiv metoddur. İzotoplara ayırmada istifadə olunan fiziki-kimyəvi metodlar, maddələrin molekullarının izotop tərkibi ilə müəyyən edilən bəzi fiziki-kimyəvi xüsusiyyətlərində (məsələn, uçuculuq, kimyəvi reaksiya sürətləri və s.) mövcud olan kiçik fərqlərdən istifadə edir. Bu metodlar içərisində ən effektli olanlar rektifikasiya və izotop mübadiləsi prosesləridir. Optik metodlar izotopların və ya müxtəlif izotop tərkibli molekulların optik spektrlərindəki fərqlərə əsaslanır. Rezonans halına köklənmiş işıq mənbəyinin köməyi ilə izotopik qarışığı şüalandırmaqla, müəyyən izotopa malik atomları və ya molekulları selektiv şəkildə həyəcanlandırmaq və ya ionlaşdırmaq və sonra onları fiziki və ya kimyəvi üsullarla ayırmaq mümkündür. Optik metodlar iki qrupa bölünür: atomar və molekulyar. Birincisi, izotop qarışığının atom buxarı axınında hədəf izotopunun atomlarının çoxfotonlu selektiv ionlaşmasına əsaslanır. Hədəf izotopun ionlaşmış atomları elektrik sahəsinin köməyi ilə neytral atomlar axınından yayındırılır (uzaqlaşdırılır) və müəyyən bir kollektorda toplanır. İzotoplara ayırmanın molekulyar proseslərində selektiv şəkildə həyəcanlanmış molekullar kimyəvi reaksiyaya girir və kimyəvi üsullarla həyəcanlanmamış molekullardan ayrılır. Bir çox elementlərin izotoplarının ayrılması üçün daha ensiz və daha yüksək spektral sıxlığa malik lazer mənbələrindən istifadə olunur.Г.Н.Макаров. Низкоэнергетические методы молекулярного лазерного разделения изотопов // Успехи физических наук. — 2015. — Т. 185, вып. 7 (1 июля). — С. 717–751. https://ufn.ru/ufn15/ufn15_7/Russian/r157b.pdf İzotoplara ayırmanın əsas tətbiq sahələri aşağıdakıladır: Nüvə energetikası – 235uranın zənginləşdirilməsi və ağır suyun emalı; Təbabət – diaqnostika və müalicə üçün radioaktiv izotopların alınması; Elmi tədqiqatlar – nişanlanmış atomlardan kimyada, biologiyada və fizikada istifadə edilməsi; Sənaye – xüsusi materialların istehsalı.

İstinadlar

Kateqoriya:Almaniya ixtiraları Kateqoriya:Ayrılma prosesləri Kateqoriya:İstehsalat prosesləri Kateqoriya:İzotoplar Kateqoriya:Nüvə texnologiyası