Əbül-Həsən Səid ibn Məsadə əl-Mücaşii əl-Bəlxi əl-Əxfəş əl-Əvsat (; ) — Bəsrə dilçilk məktəbinə mənsub alim, "Əl-Əxfəş" ləqəbi ilə tanınan Ərəb dili alimlərinin ən məşhuru.
Həyatı Əslən Bəlxdəndir. Bənu Mücaşi ibn Dərimin mövlası idi. Əxfəş ləqəbi ilə tanınan ərəb dili alimlərinin tarixi ardıcıllıq baxımından ikincisi və ən məşhurudur. Əl-Əxfəş əl-Əkbər (əl-Kəbir) kimi tanınan Əbül-Xəttabdan sonra bir müddət əl-Əxfəş əl-Əsğər (əs-Səğir) ləqəbi ilə tanınmışdır. Lakin bu ləqəb sonralar yetişən Əli ibn Süleymana verildikdən sonra təbəqat müəllifləri onu əl-Əxfəş əl-Əvsat (Ortanca Əxfəş) adı ilə qeyd etməyə başladılar. Nəhv sahəsindəki nüfuzuna görə "Əxfəş" deyiləndə ilk ağla gələn şəxs məhz o olmuşdur. Təhsilini Bəsrədə tamamlamışdır. Ən məşhur müəllimi Sibəveyhi olmuşdur.
Əxfəş əl-Əvsat Sibəveyhinin ən güclü və ən məşhur tələbəsi, eyni zamanda onun yaxın dostu olmuşdur. Müəlliminin ölümündən sonra da onun "əl-Kitab" əsərini tədris etmiş və bu əsəri elm aləminə tanıtmışdır. Müəllimi Sibəveyhi Bağdadda əl-Kisai ilə apardığı məşhur debatda məğlub hesab edildikdən sonra Bəsrəyə qayıtmış, üzləşdiyi haqsızlığı Əxfəşə danışmış və Əhvaza getmişdir. Əxfəş isə əl-Kisai ilə görüşmək üçün Bağdada yollamışdır. Əl-Kisaiyə verdiyi suallarla onu çətin vəziyyətə salmasına baxmayaraq, əl-Kisainin yaxın marağı ilə qarşılaşmış və onun xahişi ilə yanında qalaraq tələbələrə dərs demişdir. Eyni zamanda ona Sibəveyhinin "əl-Kitab" əsərini oxutmuşdur. Yenə əl-Kisainin təkidi ilə "Məani əl-Quran" adlı əsərini yazmışdır. Daha sonra əl-Kisai və onun tələbəsi Yəhya ibn Ziyad əl-Fərra bu əsəri nümunə götürərək eyniadlı kitablarını yazmışlar.
Əxfəş nəhvdən başqa kəlam, təfsir və əruz elmləri ilə də məşğul olmuşdur. Bununla belə, fəaliyyətinin əsas istiqamətini dil məsələləri təşkil etmişdir. Xəlil ibn Əhmədin on beş bəhrdən ibarət əruz sisteminə əl-həbəb və ya əl-mütədarik adı ilə daha bir bəhr əlavə edərək əruz bəhrlərinin sayını on altıya çatdırmışdır.
Sibəveyhiyə bir çox məsələlərdə müxalif olmuş və fərqli fikirlər irəli sürmüşdür. Bu fikirlərin bir çoxunu Kufə dil alimləri mənimsəmiş və sonralar Kufə dilçilik məktəbini formalaşdırmışlar. Tələbələri arasında Əbu Osman əl-Məzini, Əbu Hətim əs-Sicistani, Əbül-Fəzl ər-Riyaşi və əl-Kisai kimi alimlər vardır.
Onun mötəziləyə mənsub olduğu məlumdur. Müxtəlif mənbələrdə onun hicri 210 (825), 215 (830) və ya 221-ci (836) ildə vəfat etdiyi qeyd edilir.
Həmçinin bax Əl-Əxfəş əl-Əkbər Əl-Əxfəş əl-Əsğər
İstinadlar Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:IX əsr elm adamları