Əbu Osman Bəkr ibn Məhəmməd ibn Həbib əl-Məzini (; ) — Ərəb dili və ədəbiyiatı alimi. Bəsrə dilçilik məktəbinin nümayəndəsi. O, sərf elmini (Ərəb dilinin morfologiyası) müstəqil bir elm sahəsi halında cəmləyən ilk dilçi olmuşdur.

Həyatı Hicri 175-ci (791) ildə Bəsrədə anadan olmuşdur. Bənu Bəkir qəbiləsinin Məzin ibn Şeyban qoluna mənsubdur. Bəsrə dilçilik məktəbinin görkəmli simalarından biri olmuş, 842–847-ci illərdə Bağdada getmişdir. Atası da nəhv və qiraət alimi olmuşdur.

Əbu Ubeydə ət-Teymi, əl-Əsmai və Əbu Zeyd əl-Ənsarinin tələbəsi olmuş, Sibəveyhinin "əl-Kitab" əsərini isə əl-Əxfəş əl-Əvsatdan və Əbu Ömər əl-Cərmidən oxumuşdur.

Mənbələr Əbu Osman əl-Məzininin nəhv (qrammatika) və lüğət sahəsində Bəsrə alimlərinin ən məşhurlarından biri olduğunu qeyd edirlər. Tələbəsi Mübərrəd onun Sibəveyhidən sonra nəhvi ən yaxşı bilən şəxs olduğunu söyləmişdir. Əl-Cahizə görə də o, dövrünün üç böyük nəhv alimindən biridir.

Güclü mübahisə və dəlilləndirmə qabiliyyətinə malik olan Əbu Osman əl-Məzini, apardığı müzakirələrdə həmişə qalib gəlmişdir. Bu müzakirələr zamanı əl-Əxfəş əl-Əvsatla bir çox məsələdə mübahisə etmiş və onu cavabsız qoymuşdur. Təbəqat kitablarında onun apardığı mübahisələrdən müxtəlif nümunələr mövcuddur.

Onun Xəlifə Vasiq ilə tanışlığı belə başlamışdır: Bir cariyə xəlifənin hüzurunda Üməyyə ibn Əbüssəltin şeirindəki bir sözün oxunuşuna etiraz etmişdi. Bu səbəbdən həmin sözün Bəsrənin ən böyük alimi Əbu Osman əl-Məzini tərəfindən də eyni şəkildə oxunduğunu söyləmişdir. Bundan sonra Əbu Osman əl-Məzini Səmərra sarayına dəvət edilmişdir. Aralarındakı münasibət zaman keçdikcə inkişaf etmiş və Vasiq Əbu Osman əl-Məziniyə maaş vermişdir.

Onun sarayla əlaqəsi Xəlifə Mütəvəkkilin hakimiyyəti dövründə də (847–861) davam etmişdir.

Əbu Osman əl-Məzini hicri 249-cu (863) ildə Bəsrədə vəfat etmişdir.

İstinadlar