Mütəllib Zeynal oğlu Babayev () — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan LKGİ MK-nin birinci katibi (1940–1945), Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin rəisi (1967–1973), 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı.
Həyatı Mütəllib Zeynal oğlu Babayev 1911-ci ildə Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1929–1933-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır.
İnstitutu bitirdikdən sonra Mütəllib Babayev aqronom vəzifəsində işləmişdir. Daha sonra o, rəhbər komsomol işində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində təlimatçı, şöbə müdiri, Azərbaycan LKGİ Voroşilov Rayon Komitəsinin birinci katibi işləmişdir. 1940-cı ildə Azərbaycan LKGİ MK-nin birinci katibi seçilmiş və bu vəzifədə 5 il işləmişdir. 1945-ci ildən Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının Azərbaycan SSR müvəkkili olmuşdur.
Mütəllib Babayev sonrakı illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sədrinin müavini vəzifələrində işləmişdir. O həmçinin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində şöbə müdiri, Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi və Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini olmuşdur. 1967-ci ildən həyatının sonunadək Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə rəhbərlik etmişdir.
Mütəllib Babayev 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan KP MK üzvlüyünə namizəd və Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü seçilmişdir. 2-ci çağırış SSRİ Ali Sovetinin, həmçinin Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir. "Şərəf nişanı", "Qırmızı ulduz" ordenləri, həmçinin "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif olunmuşdur.
Mütəllib Babayev 1973-cü ilin dekabr ayında vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavinləri