Qabriel Qalantara (; ) — İtaliya jurnalisti, ölkənin aparıcı karikaturaçı və satirik rəssamlarından biri.
Həyatı
Macerata əyalətinin Montelupone şəhərində, ailələri Risorcimento hərəkatında fəal iştirak etmiş Covanni və Culiya Terenzinin ailəsində anadan olmuşdur.
1874-cü ildə ibtidai təhsil və texniki məktəbdə oxumaq üçün Macerata əyalət pansionuna daxil olmuşdur. Təhsili illərində həvəskar rəssam olan atasının da təşviqi ilə rəsm çəkməyə böyük həvəs göstərmişdir. 1884-cü ildə atasının vəfatından sonra, anası ciddi maddi çətinliklərə baxmayaraq, onun Bolonya Universitetinin riyaziyyat fakültəsinə daxil olmasını təmin etmişdir.
Universitet dərslərinə seyrək davamiyyət göstərən Qalantara rəsm, rəngkarlıq və ümumilikdə təsviri sənətə daha çox maraq göstərmişdir.
Bolonyanın intellektual mühiti, xüsusən də universitet ətrafında toplaşan dairələr onun mədəni və siyasi baxışlarının formalaşmasına həlledici təsir göstərmişdir. Bolonyada o, eyni yaşda olduğu və satirik jurnalistikaya eyni həvəsi paylaşdığı filologiya tələbəsi Qvido Podrekka ilə tanış olmuş, onların arasında yaranan dərin dostluq uzunmüddətli əməkdaşlığın təməlini qoymuşdur.
Satirik rəssam kimi ilk addımları 1886-cı ildə Blits təxəllüsü ilə Alfredo Testoni tərəfindən 1879-cu ildə təsis edilmiş «Ehi ch'al scusa» yumoristik həftəlik mətbuat orqanında rəsmlərini dərc etdirərək mətbuatda debüt etmişdir. Bədii iddialardan xali olmayan bu qəzet yüngül mövzulara və şayiələrə həsr olunmuşdur. Çap üçün fürsəti şəhərdə San Petronio meydanında II Viktor Emanuelə ucaldılacaq abidə ilə bağlı yaranmış və hələ o zaman respublikaçı olan Cozue Karduççinin də qatıldığı qızğın müzakirələr yaratmışdır.
1887-ci ildə Bolonya Təsviri Sənət Akademiyasında təhsil almağa başlamışdır.
1888-ci ildə, Bolonya Universitetinin sekkiz yüz illiyi münasibətilə, dostu Podrekka ilə birlikdə «Bononia ridet» satirik həftəlik qəzetini təsis etmişdir. Qəzet qısa sürede şəhər həyatının və milli siyasətin ən aktual mövzularına toxunmağa başlamış, sosialist ideallarına həssaslıq nümayiş etdirmişdir. O, eyni zamanda Bolonyanın digər bir yumoristik mətbuat organı olan «La rana» ilə də əməkdaşlıq etmişdir.
«Bononia ridet» qəzetinin tirajı kəskin artmış, bununla da qəzetlərini fəhlə məramnaməsinin sözçüsünə çevirən müəlliflərin məşhurluğu yüksəlmişdir. Onlar 1891-ci ilin mart-may ayları arasında Bolonyada baş verən tələbə nümayişlərinə görə məsuliyyətə cəlb olunmuş, tətilə təhriketmə ittihamı ilə həbs edilmiş, lakin sübutların kifayət etməməsi səbəbindən bəraət almışdırlar. Bu ittihamlar hər ikisinin universitetdən xaric edilməsi ilə nəticələnmişdir.
Bu ərəfədə Qalantara Ancelina Ravalya ilə ailə həyatı qurmuş və bu nikahdan Liberta, Luçe, Covanni və Vera adlı dörd övladı anadan olmuşdur.
L'Asino Jurnalistika aləmində artıq tanınan Podrekka və Qalantara 1892-ci ildə Luici Arnaldo Vassallo tərəfindən Qandolin təxəllüsü ilə tanınan Vassallonun rəhbərlik etdiyi «Il torneo» qəzetində işləmək üçün Romaya dəvət olunmuşdurlar. Paytaxtda müxtəlif sosialist, respublikaçı və anarxist qruplarla təmasda olaraq öz qəzetlərini yaratmaq layihəsini gerçəkləşdirmişdirlər. Qəzeti Françesko Domeniko Qveraççinin "Xalq eşşək kimidir: faydalı, səbirli və... döyülən" kəlamına istinadən «L'Asino» () adlandırmışdılar.
İlk sayı 27 noyabr 1892-ci il tarixində işıq üzü görən yeni həftəlik qəzetin rəhbərliyini Podrekka üzərinə götürmüş, Qalantara isə illüstrasiyaları müxtəlif təxəllüslərlə imzalamışdır. Onun rəsmləri ekspressionist üslubda, oldukça kəskin və qətiyyətli xətlərlə fərqlənmişdir.
«L'Asino» oxucuların rəğbətini qazanaraq 20.000-dən çox tirajla çap olunmuş və sosialist ideyalarının (çox da sərt olmayan formada) yayılmasında təsirli vasitəyə çevrilmişdir. Satiranın hədəfi başda Roma Bankı qalmaqalı olmaqla siyasi özbaşınalıqlar və siyasi xadimlər olmuşdur. Bunların arasında geyindiyi uzun redinqot geyiminə görə "Palamidone" ləqəbi verilmiş Covanni Ciolitti başda olmaqla, Françesko Krispi, Antonio di Rudini və Luici Pellu yer almışdır.
Qəzetin uğuru redaktorları 1895-ci ilin əvvəlində onu gündəlik qəzetə çevirməyə vadar etsə də, bu addım həm maliyyə, həm də redaksiya baxımından davamsız olmuş və avqust ayında «L'Asino» yenidən həftəlik nəşr rejiminə qayıtmışdır.
Avanti! 1896-cı ilin sonunda İtaliya Sosialist Partiyasının mətbuat orqanı kimi «Avanti!» qəzeti təsis olunmuş və Qalantara burada hər gün dərc olunan karikaturaları ilə müntəzəm əməkdaşlığa başlamışdır.
1897-ci ildə «L'Asino»nun redaktorları nəşriyyatçı Luici Moncini ilə birlikdə anti-dövlət təbliğatına görə həbs olunmuş və qəzetin nəşri gödək müddətə dayandırılmışdır. Qalantara sosialist fəalı kimi 1898-ci ilin may iğtişaşlarında iştirak etdiyinə görə yenidən həbs edilmişdir.
Fəaliyyətinin ilk səkkiz ilindən sonra — katoliklərin İtaliya cəmiyyətində və zəhmətkeş kütlələr arasında artan mövqeyi fonunda satirik qəzetin yönümü köklü şəkildə dəyişmiş və kəskin anti-klerical xarakter almışdır.
Müəllif bu dövrdə xaricə, əsasən Fransa, Belçika və Almaniyaya çoxsaylı səfərlər etmişdir. Onun karikaturaçılıq istedadı «L'Asino» qəzetinə ilham verən «Der Wahrer Jacob» sosialist satirik jurnalı ilə əməkdaşlıq sayəsində bu ölkələrdə də tanınmışdır.
1905-ci ildən etibarən sosial satira sahəsində tanınmış Fransa mətbuat orqanı olan «L'Assiette au Beurre» jurnalı ilə əməkdaşlıq etmiş, bu nəşr üçün «Le Vatican» (1905), «Vive la Russie!» və «Chronique russe» (1906) adlı xüsusi buraxılışlar hazırlamışdır. 1909-cu ildə Parisdə "Salon des humoristes" sərgisində otuz yeddi rəsm və tablosu ilə iştirak etmiş, iki əsəri isə "Salon d'Automne" sərgisinin İtaliya müasir incəsənəti bölməsində nümayiş olunmuşdur.
1911-ci ildə İtaliya–Osmanlı müharibəsi Podrekka ilə ciddi fikir ayrılığına səbəb olmuşdur. Podrekka 1909-cu ildə İtaliya Sosialist Partiyasından deputat seçilmiş və müstəmləkə yürüşünü dəstəkləmiş, Qalantara isə anti-müstəmləkəçi mövqe nümayiş etdirmişdir. Qəzet her iki mövqeyə yer ayıra bilsə də, Qalantaranın müharibə aleyhinə böyük rəngli karikaturaları Podrekkanın məqalələrindən daha təsirli olmuşdur. Podrekka 1912-ci ildə «Avanti!»nin banisi Leonida Bissolati, İvanoe Bonomi, Ancolyo Kabrini və digər doqquz sosialist deputatla birlikdə İtaliya Sosialist Partiyasından xaric edilmiş və sonradan İtaliya İslahatçı Sosialist Partiyasını təsis etmişdir.
Birinci Dünya müharibəsi ərəfəsində Bissolatinin ifadə etdiyi müdaxiləçilik xəttində hər ikisinin həmrəy olması aralarındakı ziddiyyətləri qismən aradan qaldırmışdır.
Qalantaranın mövqe dəyişikliyi onun demokratik Fransaya duyduğu rəğbət, eləcə də irtica və klirikalizmin qalası hesab etdiyi Mixvər dövlətlərinə, xüsusən də Avstriyaya bəslədiyi ədavətlə izah olunurdu. Bu səbəbdən Sosialist Partiyası ilə əlaqələri kəsilsə də, Qalantara sosialist prinsiplərinə sadiqliyini bəyan etməkdə davam etmişdir.
O, Vilhelm və Frans İosifin məşhurlaşan karikaturaları ilə müdaxiləçilik təbliğatına və müharibə təbliğatına öz töhfəsini vermiş, "alman barbarlığına" karşı ədavəti təbliğ etmişdir. On karikaturaları Antanta ölkələrinin digər qəzetlərində yenidən dərc olunmuş və 1916-cı ilin iyulunda Londonun "Leicester Galleries" qalereyasında nümayiş etdirilmişdir. Digər karikaturaları Parisin «L'Europe antiprussienne» mətbuat orqanında və «Signor sì» cəbhə qəzetində işıq üzü görmüşdür.
Müdaxiləyə və 1917-ci il Rusiya inqilabi hadisələrinə tutduğu mövqeyə görə (Lenin və bolşeviklər alman agentləri kimi təsvir olunurdu) «L'Asino» sosialist kütlələrin rəğbətini və oxucu dəstəyini itirmişdir. Bu məsələdə, hətta birbaşa adını çəkmədən həmkarlarını "saxta sosialist" kimi təsvir edən Cuzeppe Skalarini ilə də fikir ayrılığı yaşanmışdır.
Müharibədən sonrakı iqtisadi böhran qəzetin tənəzzülünü dərinləşdirmiş və 1918-ci ilin əvvəlində «L'Asino» nəşrini dayandırmışdır.
Təxminən dörd illik fasilədən sonra (bu müddətdə artıq faşistpərəst mövqeyə keçmiş Podrekka ilə münasibətlər tamamilə kəsilmişdir) «L'Asino» Sosialist Partiyasının maksimalist cərəyanına qoşulmuş yalnız Qalantaranın redaktorluğu altında yenidən fəaliyyətə başlamışdır.
25–31 yanvar 1921-ci il tarixli buraxılışın "Qayıdış" adlı baş məqaləsində Qalantara əvvəlki fəaliyyətinə yekun vuraraq özünütənqid etmiş və oxuculara qəzetin ilkin ruhuna "qayıdacağını" vəd etmişdir, lakin faşizmin irəliləyişi qarşısında sosialist hərəkatının gerilədiyi bir şəraitdə qəzet əvvəlki kəskinliyini və qüvvəsini böyük ölçüdə itirmişdir. Buna baxmayaraq, Qalantara Cuzeppe Skalarininin də qəzetlə əməkdaşlığı sayəsində «L'Asino»nu açıq antifaşist mövqeyə gətirmiş və satirasını Mussolininin diktaturasına qarşı yönəltmişdir.
Redaksiyaya faşist dəstələrinin hücumları, təqiblər və hədə-qorxulardan sonra, 1925-ci ilin yazında nəşri tamamilə dayandırmağa məcbur olmuşdur. «L'Asino» təcrübəsi başa çatdıqdan sonra Qalantara Alberto Cannininin «Becco giallo» satirik qəzetində çalışmış, lakin bu nəşr də faşist rejimi tərəfindən bağlanmışdır.
1926-cı ilin dekabrında həbs olunaraq beş il müddətinə sürgünə məkum edilmiş, sonradan bu cəza polis nəzarəti ilə əvəz olunmuşdur. Buna baxmayaraq ona jurnalistika fəaliyyəti ilə məşğul olmaq qadağan edilmişdir. O, gizli şəkildə «Marc'Aurelio» yumoristik qəzeti və müxtəlif nəşriyyatlarla kitab illüstrasiyası sahəsində əməkdaşlıq etmişdir.
Xüsusi nəzarət yalnız onun ölümündən qısa müddət əvvəl ləğv olunmuşdur. O, 1937-ci ilin yanvarında Romada əziyyət çəkdiyi ağciyər emfizemasının kəskinləşməsi nəticəsində vəfat etmişdir.
Mason olan Qalantara İtaliya Böyük Şərqinin "Propaganda massonica" Roma locasının üzvü olmuşdur.
İstinadlar
Kateqoriya:İtaliya jurnalistləri Kateqoriya:Masonlar