Georqi Aleksandroviç Romanov (; ) — Rusiya imperatoru III Aleksandrın oğlu, böyük knyaz.

Həyatı 1871-ci ildə Sankt-Peterburqdakı Çarskoye seloda dünyaya gəldi. Atası çareviç Aleksandr, rus çarı II Aleksandrın varisi və Rusiya taxt-tacının vəliəhdi idi. Anası isə onun ilk xanımı, Danimarka kralı IX Kristianın qızı Mariya Fyodorovnadır. Yunanıstan kralı olan dayısı I Georqun şərəfinə adlandırıldı. Doğulduğu əsnada babası II Aleksandr taxtda idi. Onun 1881-ci ildə sui-qəsd nəticəsində öldürülməsinin ardından atası III Aleksandr adıyla taxta çıxdı. Ancaq siyasi olaraq gərgin bir dövr idi və bu səbəblə, atası bütün ailə üzvlərini təhlükəsizlik tədbiri kimi Qış sarayından Qatçina sarayına köçürdü. Beləcə, uşaqlıq və ilk gənclik illəri burada bacı və qardaşlarıyla birlikdə keçdi. Yaşca böyük qardaşı Nikolay kimi, Georqi də mükəmməl saray təlim-tərbiyəsi və təhsili aldı. Ana dili rusca başda olmaqla, ingilis, fransız, dan və alman dillərini öyrəndi. Yay istirahətlərini babası IX Kristianın şəxsi mülkü olan Fredensborq qəsrində bütün ailə üzvləriylə birlikdə keçirirdi.

1890-cı ildə qardaşı çareviç Nikolay və Yunanıstan taxtının varisi olan dayısı oğlu Şahzadə Georqla birlikdə Asiya səyahətinə yollandı. Ancaq bu səyahət əsnasında səhhəti pisləşdi və səyahət tamamlanmadan Afinaya geri döndü. 1894-cü ildə atasının vəfatından sonra böyük qardaşı II Nikolay taxta çıxdı. O əsnada qardaşının oğul varisi yox idi. Bu səbəblə, Georqi çareviç elan edildi. Ancaq sağlamlıq problemləri davam edirdi.

10 iyul 1899-cu ildə Abastumanidə vəfat etdi. Cənazəsi 4 gün sonra Sankt-Peterburqa gətirildi və burada Pyotr və Pavel kafedralına dəfn olundu. Heç vaxt evlənmədi və övladı olmadı.

Mənbə

Ədəbiyyat

Mənbə Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri