Əbül-Həsən Əli ibn Məhəmməd ibn Abdillah əl-Mədaini əl-Bəsri əl-Qureyşi () və ya sadəcə əl-Mədaini (; ) — tarixçi və nəsəb alimi.
İslamın ilk dövrlərində fəaliyyət göstərmiş tarixçi olan əl-Mədaini tarixi hadisələrə dair qısa monoqrafiyalar yazmaq ənənəsinin ilk nümayəndələrindən biri hesab edilir. Rosenthalın qeyd etdiyinə görə, o, bu sahədə qabaqcıl müəlliflərdən olmuşdur.
Həyatı Özünə istinad edən bir məlumata görə hicri 135-ci (752–753) ildə Bəsrədə anadan olmuşdur.
Etimala görə hicri 153-cü ildən sonra Mədainə gedərək bir müddət burada yaşamış və sonra Bağdada köçmüşdür.
Bağdadda İshaq əl-Mövsili, Əbu Mixnəf, Müfəddəl əd-Dəbbi, Həmmad ibn Sələmə və başqalarından təhsil almış və hədis rəvayət etmişdir.
İbn İshaq, Vəqidi kimi alimlərin əsərlərindən bəhrələnmiş, Mötəzilə kəlamçısı Müəmmər ibn Əbbad əs-Süləminin dərslərində iştirak etmiş və adı Kufə Qədərilərinin arasında qeyd edilmişdir. Vasil ibn Ətanın xütbələrini cəmlədiyi "Kitabu Xütbəti-Vasil" adlı əsəri bu fikri dəstəkləməkdədir.
Ona İbn Səd, Xəlifə ibn Xəyyat və başqaları tələbəlik etmişdir.
Təbəri əl-Mədaininin hicri 228-ci (843) ildə vəfat etdiyini qeyd etsə də, mənbələrin əksəriyyəti onun hicri 225-ci (840) ildə öldüyünü qəbul edirlər.
Elmi şəxsiyyəti Onu Yəhya ibn Məin "siqa", Züheyr ibn Hərb "saduq siqa", Xətib əl-Bağdadi isə "saduq" adlandırmışdır.
O, xüsusi ilə ərəb tarixi, nəsəb və şeir rəvayətində "saduq" hesab edilmişdir. Lakin "siqa" olmayan ravilərdən hədis rəvayət etməkdə günahlandırılmış və İbn Ədi tərəfindən hədisdə "qəvi" olmadığı bildirilmişdir. Cahiz isə onu şiə olmaqda və müxtəlif məlumatlar arasında fərqliliyə diqqət etməməkdə ittiham etmişdir.
Şiə alimləri Şeyx Tusi ilə Həsən ibn Əli ibn Davud əl-Hilli isə əl-Mədaininin sünni olduğunu bildirmişlər.
Əsərləri Əl-Mədaininin Zəhəbi tərəfindən adı qeyd edilən əsərləri bunlardır:
Təsmiyyətül-münafiqin, Xütəbun-Nəbi, Fütuhuhu, Ühuduhu, Əxbaru Qureyş, Əxbaru Əhlil-Beyt, Mən həcəhə zəvcuhə, Tarixul-xülafə, Xütəbu Əliyyin və kütubuhu, Əxbarul-Həccac, Əxbaruş-şuəra, Qissətu Əshabil-Kəhf, Sirətu İbn Sirin, Əxbarul-Əkələ, Kitabüz-zəcr vəl-fal,
Kitabül-cəvahir.
Dövrümüzədək gəlib çatdığı müəyyən edilən əsərləri isə aşağıdakılardır:
Ət-Təazi, Əl-Mürdifət min Qureyş.
İstinadlar
Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:IX əsr tarixçiləri Kateqoriya:IX əsr yazıçıları Kateqoriya:İran tarixçiləri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:VIII əsr tarixçiləri