Krasnodar diyarı üzərində A-50U təyyarəsinin vurulması — Rusiyanın Ukraynaya müdaxiləsi zamanı, 23 fevral 2024-cü ildə Krasnodar diyarı üzərində baş vermiş aviasiya hadisəsidir.
Ukrayna tərəfinin versiyasına görə, təyyarə Ukrayna Hava Hücumundan Müdafiəsi tərəfindən vurulmuşdu, bu fakt daha sonra Rusiya tərəfindən də təsdiqlənib.
Hadisələrin gedişi 2024-cü il fevralın 23-də, təxminən saat 19:50-də Krasnodar diyarı üzərində, Kanevski rayonu ərazisində, Zəhmətkeş Ermənistan kəndi yaxınlığında Rusiyaya məxsus A-50U uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi vurulub. Bu, cəbhə xəttindən təxminən 250 kilometr aralıda baş verib.
Ukrayna tərəfinin versiyası Ukrayna mənbələrinin və Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçukun məlumatına görə, təyyarə Ukrayna Hava Hücumundan Müdafiəsi tərəfindən vurulmuşdu. Fevralın 23-də axşam "RBK-Ukrayna" Ukrayna Silahlı Qüvvələrinə istinadən bildirdi ki, Ukrayna hərbçiləri Azov dənizi üzərində A-50 təyyarəsini vurublar. "Ukrainskaya pravda"nın məlumatına görə, təyyarə modernləşdirilmiş sovet istehsalı olan uzaqmənzilli S-200 zenit-raket kompleksi ilə vurulmuşdur.
Rusiya tərəfinin versiyası Rusiyanın hərbi yönümlü Telegram kanallarının məlumatına görə, təyyarə Rusiya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulmuşdur. "Dosye şpiona" Telegram kanalının məlumatına görə, Ukrayna tərəfi təyyarəyə S-200 raketi buraxmış, onun qarşısını almaq üçün isə Taqanroqdakı HHM sistemi tərəfindən iki raket atılmışdı. Birinci Rusiya raketi Ukrayna raketini vurmuş, ikinci raket isə A-50-ni vurmuşdu, çünki rusiyalılarda "özününkü-yad tanıma sistemin"də nasazlıq baş vermişdi.
İstinadlar