Əjdər Qurtulan və ya Əjdər Babazadə - azərbaycanlı zabit, siyasətçi və siyasi mühacir.

Azərbaycan Cümhuriyyəti dövründə Milli Hərbiyyə Məktəbində hərbi təhsil alıb. Aprel işğalından sonra Gizli Müsavatın üzvü olub və sovet işğalına qarşı mübarizədə iştirak edib. Siyasi fəaliyyəti ilə əlaqədar 1923 və 1927-ci illərdə həbs olunub. 1927-ci ildə İrana mühacirət edib. Əvvəlcə Rəştdə, daha sonra Tehranda yaşayıb və burada Azərbaycan istiqlal hərəkatı ilə bağlı fəaliyyətini davam etdirib.

1956-cı ildə Türkiyəyə mühacirət edib və İstanbulda məskunlaşıb. Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində iştirak edib, dərnəyin mətbu orqanı olan "Azərbaycan" jurnalında xatirə və məqalələri dərc olunub. Türkiyədə fəaliyyət göstərən Azərbaycan Gənclik Dərnəyinin Müşahidə Şurasının üzvü olub.

Həyatı 200x200px|thumb|left|Tehranda yaşayan azərbaycanlı mühacirlərlə birlikdə Əjdər Qəni oğlu Babazadə 1898-ci ildə Bakı şəhərinin Çəmbərəkənd kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Bakıda fəaliyyət göstərən Milli Hərbiyyə Məktəbində hərbi təhsil alıb. 1920-ci ilin aprelində məktəbi mülazimi-əvvəl rütbəsi ilə bitirib.

Aprel işğalından sonra Gizli Müsavata üzv olub. Təşkilatın tövsiyəsi ilə Gəncədə yerləşən hərbi hissələrdən birinə göndərilib. 1923-cü il iyunun 15-də İstiqlal Komitəsinin bir sıra üzvləri ilə birlikdə həbs edilib. Bir müddət sonra həbsdən azad olunub. 1927-ci ildə yenidən həbs olunan Əjdər Qurtulan yaxınlarının köməyi ilə azadlığa çıxıb. Daha sonra İran pasportu əldə edərək İrana keçib və burada "Qurtulan" soyadını qəbul edib. Əvvəlcə Rəştdə, daha sonra isə Tehranda yaşayıb. Tehranda Məhəmməd Əmin Rəsulzadə ilə əlaqə yaradıb və onun İrandakı nümayəndələrindən biri olub. Mühacirlər arasında "İstiqlal" qəzetinin və "Qurtuluş" jurnalının yayılmasında iştirak edib.

1941-ci ilin avqustunda Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsindən sonra Əjdər Qurtulan ailəsi və Əli Azərtəkinlə birlikdə Tehrandan ayrılaraq əvvəlcə İsfahana, daha sonra Qahirəyə köçüb. 1943-cü ildə İrana qayıdıb. Həmin dövrdə SSRİ ilə yaxın münasibətləri olan Əli Süheyli baş nazir olduğu üçün həbs olunublar. İkinci Dünya müharibəsinin başa çatmasından sonra Əli Azərtəkinlə birlikdə azad edilib.

1956-cı il fevralın 13-də Əjdər Qurtulan ailəsi və Əli Azərtəkinlə birlikdə Türkiyəyə mühacirət edib və İstanbulda məskunlaşıb. Burada Azərbaycan Kültür Dərnəyinin fəaliyyətinə və dərnəyin mətbu orqanı olan "Azərbaycan" jurnalına dəstək verib. Jurnalda Azərbaycan milli ordusunun tarixi ilə bağlı xatirə və məqalələri dərc olunub. 1965-ci il fevralın 20-də Türkiyədə fəaliyyət göstərən Azərbaycan Gənclik Dərnəyinin Müşahidə Şurasına üzv seçilib.

Əjdər Qurtulan 1971-ci il iyulun 6-da İstanbulun Kadıköy bölgəsində vəfat edib.

Xatirələri Əjdər Qurtulan 1962-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "27 aprel 1920-ci ildə Azərbaycan Hərbiyyə məktəbinin vəziyyəti" adlı məqaləsində Aprel işğalı dövründə Milli Hərbiyyə Məktəbinin vəziyyəti ilə bağlı xatirələrini qələmə alıb:

Ailəsi İkinci Dünya müharibəsi başladıqdan sonra Əjdər Qurtulanın ailə üzvləri Qazaxıstana sürgün edilib. Qardaşları Əbdülbağı və Əliabbas sürgündə olarkən donaraq vəfat ediblər.

Əjdər Qurtulan Əsədulla Axundovun qızı Törə xanımla ailə həyatı qurub. Bu evlilikdən Eldəniz, Elxan, Eldar və Elbay adlı dörd oğlu dünyaya gəlib.

Əjdər Qurtulanın oğlu Eldəniz Qurtulan 1932-ci il avqustun 8-də Ənzəli şəhərində anadan olub. İlk təhsilini Tehranda, orta təhsilini isə Əlburzda alıb. İstanbul Universitetinin Tibb Fakültəsini bitirdikdən sonra həkim kimi fəaliyyət göstərib və Qasımpaşada özəl klinikası olub. Eldəniz Qurtulan yazıçılıq və rəssamlıqla yanaşı heykəltəraşlıqla da məşğul olub. Türkiyədə Azərbaycan Gənclik Dərnəyinin sədri vəzifəsində çalışıb. Azərbaycan Cümhuriyyəti və Azərbaycan mühacirətinin tarixinə həsr olunmuş "Amcam Hamlet" romanının müəllifidir. 2007-ci ildə İstanbulda vəfat edib.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

AXC-nin ən gənc zabitlərindən biri Əjdər Qurtulanın ailə üzvü həqiqətləri danışır… / Belə belə işlər

Yazdığı məqalələr 27 aprel 1920-ci ildə Azərbaycan Hərbiyyə məktəbinin vəziyyəti Əsgəran müharibəsi və Zəngəzur bölgəsinin qurtuluşu Nargin adasından qaçırılan əsirlər

Kateqoriya:Müsavat Partiyasının üzvləri Kateqoriya:Azərbaycan zabitləri Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycanlı siyasətçilər