Milli dəyərlərimizdən olan toy adətləri oxşar və fərqli xüsusiyyətləri ilə seçilir. Qubadlı rayonunun toy adəti 1970-1980-ci ildən başlayaraq 1993-cü il 30 avqust işğal gününə qədər olan dövrü əhatə edir. Qubadlı rayonunun toy mərasimi bir neçə mərhələdən keçir. Rayonda toylar qışda və yayda az hallarda, payızda isə daha çox olub.S.Bağdadova. Qubadlının toy adətləri. Qız seçimi mərhələsi Bu mərhələdə məcburiyyətə yol verilmir. Qızseçimində oğlanın seçimi əsas tutulur, ya da ata-ananın arzusuna uyğun qız seçilir. Qızın bəyənilməsi əsasən digər toylarda olurdu. Qız daha çox dövranda bəyənilirdi. Məsələn, oğlunu evləndirmək istəyən ata hansı qızdan xoşu gəlibsə, ağır bir oyun havası çaldırıb həmin qızı rəqsə dəvət edir, həm əlinə pul verir, həm də başına pul tökər. Bununla da bildirmək istəyir ki, qızı oğlu üçün alacaq. El-oba arasında işlədilən "Toy toyu gətirər" deyimi düzdür. Yəni, rayonda hər bir toy yeni bir xeyir işin başlanmasına səbəb olurdu.
Göbəkkəsdi yolu ilə evlənmə az hallarda olurdu. Bu yolla deyiklənən qız bir qədər nüfuza malik olur. Bütün kənd həmin qıza hörmət edir. Oğlan evi qızı uşaq yaşlarından qorumağa çalışır. Həmişə qızı görməyə gedirlər. Bütün bayramlarda onun adına xonça aparılır. Daha heç kim həmin qıza elçi getmir. Sonralar isə bu yolla evlənməyə üstünlük verilmədi. Sərbəst seçimə yer verilməyə başlanıldı. Bütün bunlar hamısı toyun başlanmasına qədər olan mərhələdir.Qarabağ: Folklor da bir tarixdir (Laçın, Qubadlı və Zəngilan) folklor örnəkləri.
Elçilik mərhələsi Qız seçimindən sonra elçilik başlanılır. Elçilik 2 hissədən ibarət olur: Böyük elçilik və kiçik elçilik. Kiçik elçilik xanımların (oğlanın anası, xalası, bibisi, bacısı və s.) olduğu elçilikdir.Qızın razılığını aldıqdan sonra böyük elçilik mərhələsi başlayır. Böyük elçilikdə isə ağsaqqallar (oğlanın atası, əmisi, dayısı, qardaşı və s.) gedir. Əgər razılıq tez verilərsə qız evinin l-obada nüfuzu aşağı düşər. Dördüncü və beşinci elçilik mərasimində qızın atasının razılığı alınır. "Hə" cavabını alana qədər elçilər süfrəyə əl atmırlar. "Hə" cavabından sonra onların şərəfinə yemək-içmək verilir.
Nişanqoyma mərhələsi Qubadlı rayonunda nişanqoyma dəbdəbə ilə keçirilmir. Çünki bunun düşər-düşməzi olmasına inam var. Çox vaxt üzük aparılmır. Ad eləmə mərasimi baş tutur. Oğlanın bacısı qızın başına yaylıq örtür. Qız ad edildikdən sonra toyu gecikdirmirlər. Sonra isə toya hazırlıq görülür.
Ağsaqqallıq mərhələsi Ağsaqqallıq Qubadlı toylarının əsas sütununu təşkil edir. Çətin və məsuliyyətli vəzifəyə təyin edilən həm nəslin, kökün tanınmış, sözü keçən, həm də el-oba tərəfindən hörmətlə qarşılanan nüfuzlu bir şəxs olmalıdır. Seçilən ağsaqqal toyun bütün məsuliyyətini üzərinə götürür. Burada oğlanın atası da ağsaqqala tabe olur. Onun qoyduğu qayda-qanunu pozmağa belə ixtiyarı yoxdur. Ona görə də kənddə toyun necə keçəcəyini bilmək üçün birinci olaraq onun ağsaqqalını soruşurlar. Toyun başlanmasından bir həftə əvvəl münasib bir gündə hər iki tərəfin iştirakı ilə qızgildə toyun vaxtı təyin edilir.
Yolun danışılması mərhələsi Yol - oğlan evinin qız evinə verəcəyi toy xərci deməkdir. Toydan bir neçə gün qabaq oğlan evinin ağsaqqalı qız evində yolun (xərcin) miqdarını müəyyənləşdirmək üçün danışıqlar aparır. Bəzən bu danışıqlar baş tutmur. Bu da qız evinin xərci çox istəməsindən irəli gəlir. Ona görə də bu məsələni həll etmək üçün xüsusi bacarığı olan adamları clb edirlər. Qız evi bu cür yol tutursa, el-oba tərəfindən yaxşı qarşılanmır, hörmətsiz olur. Yol üçün qoyulan xərc təxminən belə olur, 2-3 qoyun, bir tay düyü, bir tay qənd, yağ, məmər (nəmər), şirniyyat, pendir, müəyyən miqdarda müxtəlif tərəvəz və s. Yolu aparanda qızın ata-anası üçün də xələt aparılır.
Toyun 1 həftə müddətində keçirilməsi mərhələsi Toy 1 həftə müddətində, birinci günündən başlayaraq bazar günü axşama qədər davam edir. Ona görə də bir kənddə iki toy olmur. Çünki həftənin bir gününün öz xüsusiyyəti var. Hətta xeyri-şəri bir olan kəndlərdə də həmin gün toy olmur.
Birinci gün - duz günü ağır gün hesab edilir. Ona görə də bu gün heç bir adət keçirilmir. Sadəcə, görüləcək işlər barəsində hər kəsin vəzifəsi müəyyən edilir.
İkinci gün - Həftənin ikinci günü toyun ən maraqlı hissəsi Çörəkbişirdi mərhələsi başlanır. Bu adət çox təmtaraqla keçirilir. Kəndin toy məclisinin çörəyini bişirən çörəkçilər dəstəsi olur. Çörəkçilər dəstəsi səhər-səhər, gün çıxmamış toy evinə gəlir. Gün batana qədər çörək bişirirlər. 2-3 tay (kisə) un yoğrulur. Təxminən 200 bükümə yaxın yuxa salınır. Hər büküm də dörd yuxadan ibarətdir. Həyətdə dörd-beş sac qalanır. Hər sacın başçısı olur. Yuxanın yaxşı bişməsi daha çox sacın küllənməsindən asılıdır. Ev yiyəsi bu işi əli yüngül, ruzili olan bir adama tapşırır. Həmin qadın ürəyincə olan şirinliyi almamış sacı külləmir. Hər sacın öz dəstərxanı (süfrəsi) olur. Hər süfrənin 3-4 nəfərdən ibarət işçisi olur. Böyük və kiçik yuxa yayayn, yuxanı çevirən, sac altı qalayan. Kündənin (hər bir yuxanın xəmir şəklində olan yumru forması) vərdənasını (yuxanın kiçik forması) açana kiçik yuxa yayan deyilir. Böyük yuxayayan yuxanı hazır vəziyyətə gətirir. Çörək bişirənlər şirinlik almaq istədiklərini hərəkətləri ilə bildirirlər. Məsələn, kündəni yaymamaqla, ocağı tüstülətməməklə, ilk yuxanı yandırmaqla şirinliklərini istəyirlər. Həmin gün zarafat olaraq toy evinin "müflis günü" kimi qeyd olunur. Toy evinin ən yaxın adamları gəlib hər sacın başçısına çörəkbişdinin şirinliyini verir. Məclisin axırında verilən şirinliklər çörəkçilər arasında bərabər sayda bölüşdürülür. Sonda onların şərəfinə yemək-içmək verilir.
Qız evində (oğlanla qız eyni kənddə olanda) çörəkbişdi həftənin üçüncü günü olur. Mütləq oğlan evindən bir nəfər gəlib qız evində un xaralının ağzını şirinlik verdikdən sonra açdırır. Bundan sonra xəmiri yoğururlar.
Həftənin dördüncü günü toyun Paltarbiçdi hissəsi başlanır. Paltarbiçdi qadınların yığıncağıdır. Bu yığıncaqda kişilər iştirak etmir. Xüsusilə xeyri-şəri bir olan qonşu kəndlərin arvadları da bu məclisdə iştirak edir. Qadınları toya təlif (çağırmaq) etmək üçün iki təlifçi (dəvət edən, carçı) olur. Təlifçilər də paltarbiçdidən bir gün qabaq, yaxud həmin gün hər evin bir qadınını paltarbiçdiyə təlif edir. Təlifçilər dəvəti sakitcə yox, ucadan car çəkir ki, bütün kənd eşitsin. Məsələn, filankəs sizi oğlunun paltarbiçdisinə dəvət edir, subaylarınızdan görəsiniz və s. Paltarbiçdi iki hissədən ibarət olur. Birinci hissədə gəlin üçün alınmış paltar və qızıl əşyaları göstərilir. Bu işi iki qadın həyata keçirir. Onlar həm səs, həm də boy-buxun baxımından fərqlənirlər. Xüsusi bir aktyorluq qabiliyyətinə malik olurlar. Həmin qadınlar qırmızı lentlərlə bəzədilmiş çemodanı başlarının üstünə alıb məclisə gəlirlər. Xeyir-dualarla, alqışlarla "balalarınızdan görəsiniz" deyib onlar üçün bəzədilmiş yerə keçirlər. Gəin üçün alınmış paltaları bir-bir göstərirlər. Zarafatla "hələ bu kənd belə paltar görməyib" deyə məclisi daha da şənləndirirlər. Bu hissədə musiqi çalınmır. Paltar göstərmədən sonra məmər (nəmər) paylamaq hissəsi başlayır. Başqa regionlarda məmər (nəmər) formasında toya salınan pula deyilir. Bu hissəni də 2 qadın həyata keçirir. Məmər üçün kiçik torbalar tikilir. Hər torbaya bərabər sayda, məsələn. 2 konfet, 3 peçenye, bir neçə noğul qoyulur. Torbanın ağzı qırmızı lentlə bağlanır. Şirniyyatın azlığına baxmayaraq bu torba toyun simvolik mənasının daşıyıcısıdır. Təsadüfən bir kəndə gedəndə kiminsə əlində bu torba varsa, həmin kənddə toyun olduğunu bildirir (əvvəllər məməri balaca qabla verirdilər). Qadınlardan biri məmər torbaları ilə dolu süfrəni belinə bağlayır. O bii qadın isə toya salınan pulların siyahısını yazmaq üçün dəftər-qələm götürüb birlikdə məclisə gəlirlər. Onlar vəzifələrini oturaq vəziyyətdə deyil, toyxananı gəzə-gəzə həyata keçirirlər. Belə olanda məclis daha da maraqlı olur. Məsələn, onlar hər bir qadının qarşısında dayanaraq toya yazdırdıqları pulun miqdarını ucadan elan edirlər. Məsələn, filankəs 100 manat, oğluna, qızına borc olsun. Sonra onların hər birinə bir məmər torbası verilir. Paltarbiçdinin birinci və ikinci mərhələsi qonşu kəndlərdən gələn qadınlar üçün təşkil edilir. Axırıncı məclis isə kəndin qadınlarına aid olur. Bu məclisdə daha çox ailəli qadınlar iştirak edir.
Beşinci gün günortadan başlayaraq bazar günü axşama qədər toy çalınır. Kişi də, qadın da eyni toyxanada rəqs edirlər. Musiqiçilərin hər birinə aşıqlar deyirlər. Birinci dəstəni xanəndələr, ikinci dəstəni isə zurnaçılar təşkil edir. Zurnaçılar əsasən gündüz toyunu. xanəndələr isə həm gecə, həm də gündüz toyunu idarə edir. Gecə toyunun başlanmasından 1-2 saat əvvəl, təxminən saat 5-7 arası fasilə olur. Bu da əsasən kənd camaatının mal-heyvanlarının erbəyer etməsi üçün edilir. Axşam saat yeddidən sonra dövran - gecə toyu başlayır. Gecə saat 12-yə, 1-ə qədər toy davam edir. Toya baxmağa heç kimi xüsusi dəvət etmirlər. Kənd adamları toya baxmağa gəlir. Aşıqların stolunun üstünə qırmızı məxmərdən olan süfrə salınır.
Üç gün müddətində rəq meydanını idarə edən, səliqə-sahman yaradan bir şəxs olur. Həmin şəxsə Toybaşı deyilir. Toybaşı kişi olur. Hər kəndin 1-2 toybaşısı olur. Onlar illərlə sınaqdan çıxmış, təcrübsi olan adamlardır. Yaş baxımından nə çox cavan, nə də çox qoca olurlar. Toybaşının qoluna qırmızı yaylıq bağlayırlar. Toybaşının nar ağacından düzəldilmiş bir çubuğu olur. Buna bəyin toy çubuğu deyilir. Çubuq qırmızı lentlərlə bəzədilir. Bəzən bu çubuğa əhd, niyyət çubuğu kimi də baxılır. Məsələn, əhd edilir ki, bir iş var, düzəlsin, filankəsin oğlunun toy çubuğunu özüm hazırlayacam və s. Toybaşı nizam-intizamın çoxunu çubuğunun köməyi ilə yaradır. Çubuğu müxtəlif formalarda hərəkət etdirir. Rəqs zamanı çubuğu üç dəfə yerə vurmaqla rəqsi dayandırmaqlarına hazırlıq işarəsidir. Əgər onun dediklərinə əməl etmirlərsə, çubuğu göyə qaldıraraq musiqiçilərə çalmamaq əmri verir. Toybaşı musiqi fasiləsi zamanı adamların darıxmaması üçün özünü lallığa və karlığa qoymaqla, balaca uşaqları oğurlamaqla gülməli hərəkətlər edir. Toybaşı toya gələn kişilərin qarşısında oynaya-oynya bu sözləri üç dəfə ucadan deyir: ay şabaş, ay şabaş, ay şabaş. Allah evinizə toy qismət eləsin deyib onlardan aşıqlar üçün xələt alır və onları rəqsə dəvət edir. Rəqs zamanı istər qadın, istərsə də kişi olsun onların başına pul tökülür. Qadın və qızların əlinə verilən pul rəqsin sonunda toybaşıya verilir. Toybaşı da pulun miqdarı azdırsa aşıqlara, çoxdursa az hissəsini çıxıb, qalanını sahibinə qaytarır. Həmin az hissəni d aşıqlara verir. Oyun zamanı qayda-qanuna fikir verilir. Hər musiqi çalınanda hamı oynamır. Buna pis baxıldığı üçün heç kim bir-birinin rəqsinə müdaxilə etmir. Toybaşının zəhmət haqqını ev yiyəsi deyil, aşıqlar verir.
Beşinci gün yemək-içmək verilmir. Altıncı gün qızğın oyun olur. Ancaq uzaq yerdən gələnlərə yemək-içmək verilir.
Xınayaxdı mərasimi Oğlanla qız eyni kənddən olanda Xınayaxdı toyun altıncı günü olur. Adətən, xınayaxdıda yaşlı arvadlar iştirak etmir. Bir neçə qız-gəlin xına xonçasını götürüb qız evinə gedirlər. Xına xonçası şirinlik verildikdən sonra açılır. Hörmət əlaməti olaraq xınanı oğlanın kiçik bacısı yaxır. Qızın bir əlinə özünün, o birisinə isə oğlanın adı yazılır. Xınanın yarısı isə oğlan evinə aparılır. Oğlanla qız eyni kənddən olanda qız evində toy altıncı günü başlanır.
Paltarbiçdi altıncı gün olur. Toyu oğlan evindən bir nəfər gəlib açır. Musiqi bazar günü çalınır. Oğlan evindən bir nəfər aşıqların xələtini verəndən sonra toy çalınır. Qız evinə aşıqları oğlan evi gətirir.
Kişi məclisinin keçirilməsi mərhələsi Kişi məclisi həftənin bazar günü olur. Qonşu kəndlərin kişiləri də bu məclisə təlif olunur. Bu məclis çox ağır məclis olur. Aşıqların bir dəstəsi həmin məclisdə çalıb oxuyur. Kişilərə yeməkiçmək verilir. Xanəndə oxuya-oxuya adı çəkilən kişiləri pul cəriməsi edir. Cavan bir oğlan da rəqs edə-edə həmin adamlardan şirinlik üçün pul yığıb aşıqlara verir. Kişilər toya pul salmırlar. Pulu paltarbiçdidə qadınlar salır.
Gəlinin gətirilməsi mərhələsi