«Puppet on a String» () — Birləşmiş Krallıq müğənnisi Sendi Şou tərəfindən ifa olunmuş, Bill Martin və Fil Koulter tərəfindən yazılmış mahnı. Mahnı 1967-ci ildə Vyanada keçirilmiş Avroviziya Mahnı Müsabiqəsində Birləşmiş Krallığı təmsil etmiş və qalib gəlmişdir. Bununla da, həmin mahnı Birləşmiş Krallığın "Avroviziya" tarixindəki beş qələbəsindən birincisi olmuşdur.

Müğənninin Birləşmiş Krallıqda buraxılmış on üçüncü sinqlı olan «Puppet on a String» 27 aprel 1967-ci ildə Britaniya sinql çartında birinci yerə yüksəlmiş və üç həftə ərzində zirvədə qalmışdır. ABŞ-də «Billboard» çartlarında El Hirtin 1967-ci il versiyası "Adult Contemporary" çartında 18-ci yeri tutmuş, əsas "Hot 100" siyahısına daxil ola bilməmiş, lakin "Hot 100"ə yaxınlaşan mahnıları əhatə edən "Bubbling Under Hot 100" siyahısında 129-cu pillədə yer almışdır.

Tarixi

"Puppet on a String" mahnısı Bill Martin və Fil Koulter tərəfindən yazılmış, Sendi Şou tərəfindən səsləndirilmişdir. Britaniya Yayım Korporasiyası (BBC) Şounu 12-ci Avroviziya Mahnı Müsabiqəsində ölkənin nümayəndəsi kimi seçmişdir. Müğənni müsabiqədə iştirak məsələsinə xüsusi həvəs göstərməmişdir, lakin onu kəşf edən Adam Feyt bu addımın onun meneceri İv Teyloru sevindirəcəyini bildirərək razı salmışdır. Teylor Şounun imicinə daha çox kabare üslubunda cazibədarlıq əlavə etmək niyyətində olmuş və bunu düzgün addım hesab etmişdir. O, həmçinin yaxın zamanda boşanma qalmaqalında adı hallanan Şounun ictimaiyyətin rəğbətini yenidən qazanacağını düşünmüşdür.

Şou mahnını müsabiqə üçün mümkün beş namizəddən biri kimi «The Rolf Harris Show» proqramında ifa etmişdir. Həmin beş mahnı arasında «Puppet on a String» Şounun ən az bəyəndiyi əsər olmuşdur. Müğənni sonralar bu barədə danışarkən mahnıya ilk «umpa» səslənməsindən son «zərb aləti» akkordunadək nifrət etdiyini bildirmiş, mahnının seksist məzmununun və kuku saatını xatırladan melodiyasının onu instinktiv şəkildə uzaqlaşdırdığını qeyd etmişdir.Shaw, Sandie: The World at my Feet. HarperCollins Publishers Ltd; 1991.

25 fevral 1967-ci il tarixində Şou BBC tərəfindən təşkil olunmuş milli seçim mərhələsi — «A Song for Europe 1967» proqramında beş mahnını ifa etmişdir. Müsabiqədə qalib poçt açıqcaları vasitəsilə keçirilən səsvermə nəticəsində müəyyən edilmiş və 4 mart tarixində BBC «Puppet on a String» mahnısının qalib gələrək Britaniyanın "Avroviziya" təmsilçisi seçildiyini elan etmişdir.

Şou mahnını həmçinin fransız dilində «Un tout petit pantin», italyan dilində «La danza delle note», ispan dilində «Marionetas en la cuerda» və alman dilində «Wiedehopf im Mai» adı ilə də yazdırmışdır.

Avroviziyada

8 aprel 1967-ci il tarixində Vyanadakı Hofburq sarayının Böyük Festival Zalında Avstriya Yayım Şirkəti (ORF) tərəfindən təşkil olunmuş və bütün Avropa üzrə canlı yayımlanan «Eurovision» Mahnı Müsabiqəsi keçirilmişdir. Sendi Şou həmin axşam mahnını on birinci sırada ifa etmişdir. O, Belçikanı təmsil edən Luis Nifsin «Ik heb zorgen» mahnısından sonra, İspaniyanı təmsil edən Rafaelin «Hablemos del amor» mahnısından əvvəl səhnəyə çıxmışdır. Britaniya nümayəndəsinin çıxışı zamanı canlı orkestrə Kenni Vudman dirijorluq etmişdir.

Səsvermənin yekunlarına əsasən mahnı 47 xal toplamış, on altı iştirakçı arasında birinci yeri tutaraq müsabiqənin qalibi olmuşdur.

İstinadlar

Xarici keçidlər Sandie Shaw personal website

Kateqoriya:İngilis dilində mahnılar