Fatma Bəlkıs Dərman (; ) — Türk əczaçısı.
O, Türkiyənin ilk qadın əczaçısıdır və Türkiyədə qadınların əczaçılıqla məşğul olmasına öncülük edib.
Həyat və fəaliyyəti Fatma Bəlkıs Dərman 1906-cı ildə İzmitdə anadan olub. Belqrad və Vidindən köç etmiş bir ailənin övladıdır.
İstanbulda Ərənköy Qız Liseyini 1928-ci ildə bitirdikdən sonra Əczaçılıq Məktəbinə daxil olub. Bu məktəbdəki üç illik təhsilin ardından Fateh ilçəsindəki "Sırrı Ənvər" aptekində təcrübə keçib. 1930-cu ildə Ayşə Səmiyə və Fatma Bədriyə ilə birlikdə Əczaçılıq Məktəbindən məzun olan ilk üç qadından biri olub.
Məktəbi bitirdikdən sonra Adapazarındakı ailəsinin yanına gedərək Ömər bəyin xalq aptekinə şərik olub. 1931-ci ildə Adapazarında "Bəlkıs" aptekini açıb. Bununla da Türkiyənin ilk qadın əczaçısı ünvanını alıb.
Fatma Bəlkıs Dərman əczaçı Həsən Dərman bəylə ailə quraraq 1932-ci ildə İstanbula köçüb. Qumqapıdakı "Əhməd Sürəyya" aptekini təhvil alaraq, 1939-cu ilə qədər bu apteki işlədib. Oğlu Mehmed Uğur Dərman 1939-cu ildə dünyaya gətirib.
Fatma Bəlkıs xanım 1941-ci ildə əczaçı Asım Manapın Bağçaçqapıdakı "İstanbul" aptekinin rəhbərliyinə keçib. Aptekində "Kinol", "Vinokinyum" və "Comprimé Sulfaseptin" adlı dərmanları istehsal edib. 16 fevral 1944-cü ildə İstanbul Əczaçılıq Laboratoriyasının müdirliyinə təyin edilib, lakin qısa müddət sonra buradan ayrılıb. 1947-ci ildən etibarən özünə məxsus olan "İstanbul Əczaçılıq" aptekində fəaliyyətini davam etdirib.
O, xroniki revmatizm və yüksək qan təzyiqi ilə bağlı ürək çatışmazlığından 26 iyul 1958-ci ildə vəfat edib. Zəncirliquyu qəbiristanlığında dəfn olunub. Apteki, ölümündən sonra üç il ərzində yoldaşı tərəfindən idarə edilsə də, sonradan Türkiyənin ilk qadın laboratoriya mütəxəssisi Ləman Başkur-Kazuka satılıb.
İstinadlar