Yadviqa Şavinska-Davidova (; ) — Polşalı müəllim, məktəb təsisçisi, yazıçı və feminist. O, qadınları ali təhsillə təmin etmək üçün gizli "Səyyar universitet"i (Flying University) təsis edib və Varşava İctimai Kitabxanasının yaradılması təşəbbüsü ilə çıxış edib. Həyat yoldaşı ilə birlikdə mədəniyyət və təhsil jurnalları yaradıb, həmçinin ömrünün sonunadək bu jurnallarda köşə yazarı və redaktor kimi fəaliyyət göstərib.
Həyatı Yadviqa Mariya Şavinska 6 oktyabr 1864-cü ildə Varşavada, Svyetoyanska küçəsi 16 ünvanında Bronislava Nataliya və Voysex Albert Şavinskinin ailəsində anadan olub. Anası Varşavalı papaqçının qızı olub, "Pravdziç" (Prawdzic) gerbini daşıyan, lakin sonradan müflisləşmiş nəsildən gələn atası isə polis idarəsinin inzibati xidmətində çalışıb. Şavinska dörd uşağın ən böyüyü olub. Bacı-qardaşları arasında sonradan həkim olacaq Vanda Mariya (1866–1955), bəstəkar Henrik Meltser-Şavinskinin ilk həyat yoldaşı olacaq Helena Zofiya (1872–1931) və sonradan yazıçı və iş adamı olacaq Qustav Stefan (1874–1937) yer alıb. Şavinska 1880-ci ildə Varşava Qadın Gimnaziyasını qızıl medalla bitirib. Daha sonra müəllimlik imtahanından keçib və orta məktəbdə dərs demək hüququ qazanıb.
Fəaliyyəti Şavinska bir neçə il İkinci Milli Qadın Kiçik Liseyində dərs demək üçün işə götürülüb, lakin o, Rusiya imperiyası tərəfindən idarə olunan Polşa Krallığında polyak dilinin tədrisini qadağan edən ruslaşdırma qanununa tabe olmayıb. Onun bu üsyankar xarakteri işdən azad edilməsinə səbəb olub və o, qızları imtahanlara hazırlamaq üçün öz evində özəl dərslər verməyə başlayıb. Eyni zamanda, Tokarı kəndində kəndli qadınlara səbət toxumağı öyrətmək üçün bir məktəb təsis edib. 1884-cü ildə o, gizli kurslarda mühazirə oxuyan Yan Vladislav David (Jan Władysław Dawid) ilə tanış olub. O dövrdə Rusiya qanunları katolisizm, Polşa tarixi və polyak dilini ehtiva edən ənənəvi Polşa təhsilini qadağan etdiyi üçün David kimi polyak irsini qorumaq istəyən müəllimlər gizli dərnəklərdə dərs demək məcburiyyətində qalıblar.
Növbəti il Şavinska qadınlara universitet səviyyəsində kurslar təklif etmək üçün çar polisindən yayınmaq məqsədilə tez-tez strateji olaraq yerini dəyişən və buna görə də Səyyar Universitet (Uniwersytet Latający) adlandırılan təhsil müəssisəsini yaradıb (baxmayaraq ki, bura kişilər də davam edə bilirdi). Dərslər şəxsi evlərdə keçirilib və tələbələrə toplantıların aşkar edilməməsi üçün gəliş vaxtlarını fərqli tənzimləmək tapşırılıb. Tələbələr əksəriyyəti əvvəllər Varşava Universitetində mühazirə oxumuş professorların dərsləri üçün hər fənnə görə aylıq 2-4 rubl ödəyiblər. Müəllimlər heyətinə ilk polyak bakterioloq Odo Buyvid, ədəbiyyat tarixçisi Pyotr Xmielovski, iqtisadçı və sosioloq Lüdvik Kjivitski və Polşa tarixi professoru Vladislav Smolenki daxil olub. Məktəbin ən tanınmış tələbələrindən bəziləri Nobel mükafatı laureatı Mariya Küri, pedaqoq Yanuş Korçak (Janusz Korczak) və yazıçı Zofiya Nalkovska (Zofia Nałkowska) olub.
Şavinska məktəbin idarə heyətinə rəhbərlik edib, lakin məktəbin maliyyəsinin sosial proqramlara, yoxsa xalq təhsilinə xərclənməsi ilə bağlı digər üzvlərlə münaqişəyə girib. O, alimlərin həm pedaqoq, həm də sosial fəal kimi yetişdirilməsinin tərəfdarı olub. Lakin idarə heyətinin bir çox üzvü onun bu yanaşması və ciddi davranışı ilə razılaşmayıb. Bu münaqişələr 1889-1890-cı tədris ilində kulminasiya nöqtəsinə çatıb və Bronislava Qutmanovnanın rəhbərlik etdiyi qrup istefa verərək rəqib bir qurum yaradıb. Elə həmin dövrdə, 14 iyul 1889-cu ildə Şavinska və Yan Vladislav David Varşavadakı Müqəddəs Aleksandr kilsəsində evləniblər. Xasiyyətcə bir-birlərindən çox fərqlənsələr də — Nalkovska Davidi diqqətsiz, dağınıq və "heç vaxt gülümsəməyən", Şavinskanı isə "çoxdanışan və həyat dolu" biri kimi təsvir edib — onlar sosial inkişaf, elm və müstəqil, azad Polşa naminə ortaq bir ehtiras bölüşüblər.
Davidova müxtəlif təxəllüslərdən (o cümlədən "Jotes", "Wojciech Kłos", "J.S.D." və "J. Sz.") istifadə edərək "Głos" (Səs) və "Przegląd Społeczny" (Sosial İcmal) kimi jurnallarda məqalələr dərc etdirib, jurnalist kimi fəaliyyət göstərməyə başlayıb. O, 1890-cı ildə kənd yerlərində xalq təhsilinə həsr olunmuş "Kółka rolnicze w Galicji" (Qalisiyada kənd təsərrüfatı dərnəkləri) adlı əsərini nəşr etdirib. O, xüsusilə sosial məsələlərlə yaxından maraqlanıb; tələbə təhsilinin yetərsiz maliyyələşdirilməsi, qadınların aşağı əməkhaqqı və pis iş şəraiti, qadın seçki hüququ və gənclərin intiharı kimi mövzulardan yazıb. Elə həmin il Davidova Varşavada ictimai kitabxananın yaradılması hərəkatına rəhbərlik edib və elmi jurnallar təklif edən bir qiraətxana təsis edib. Üç il sonra o, ikinci bir qiraətxana da açaraq alimləri öz şəxsi kolleksiyalarındakı materialları bura ianə etməyə dəvət edib. Bir neçə ay ərzində 6000 cild kitab əldə edilib. Fəhlələrin rahatlığını təmin etmək üçün o, kitabxananın səhər saat 10-dan gecə 1-ə qədər açıq qalmasını təmin edib və kitabxananı yaşatmaq, qiraətxananın fəaliyyətini saxlamaq üçün vəsait toplamaq məqsədilə məqalələr yazıb.
1894-cü ildə çar polisi cütlüyün evinə basqın edib və Səyyar Universitetdəki fəaliyyətlərinə görə hər ikisini həbs edib. Onlar Varşava Sitadelinin Onuncu Pavilyonunda bir həftə saxlanılıblar. Azadlığa buraxıldıqdan sonra yenidən jurnalistika və təhsil fəaliyyətlərinə qayıdıblar. Bu dövrdə Davidova "Pedaqoji İcmal" jurnalında "O potrzebie założenia publicznej biblioteki w Warszawie" (Varşavada ictimai kitabxananın yaradılması ehtiyacı haqqında, 1897) adlı məqaləsini, 1900-cü ildə isə "Wojciech Kłos. Historia pożytecznego człowieka" (Voysex Klos: Faydalı bir adamın hekayəsi) adlı əsərini çap etdirib. Sonuncu nəşrlə eyni vaxtda David "Głos" jurnalının baş redaktoru vəzifəsini öz üzərinə götürüb, Davidova isə jurnalın təşkilati və marketinq idarəçiliyinə rəhbərlik edib. 1905-ci ildə Polşa inqilabı uğursuzluqla nəticələnəndə və həyat yoldaşına Polşanı tərk etmək əmri verilib o, Vyanaya qaçıb. Səhhəti pisləşən Davidə maddi dəstək göndərən Davidova, mart ayından iyun ayınadək "Głos" jurnalının redaktorluğunu da həyata keçirib. İyun ayında isə hakimiyyət orqanları jurnalın fəaliyyətini dayandırıb.
Səyyar Universitetdən təxminən 5000 tələbə məzun olsa da, 1906-cı ildə universitetin fəaliyyətinin "Towarzystwo Kursów Naukowych" (Elmi Kurslar Cəmiyyəti) kimi qanuniləşdirilməsinə icazə veriləndə Davidova idarə heyətindən çıxıb. O və həyat yoldaşı elə həmin il "Przegląd Społeczny" (Sosial İcmal) jurnalında redaktor kimi fəaliyyət göstərməyə başlayıblar. 1907-ci ildə isə "Społeczeństwo" (Cəmiyyət) jurnalına keçiblər və Davidova burada sosial məsələlər və təhsil haqqında yazmağa davam edib. 1910-cu ilə qədər o, redaktoru olduğu jurnallarda və "Przegląd Tygodniowy Życia Społecznego" (Həftəlik Sosial Həyat İcmalı), "Literatura i Sztuki Piękne" (Ədəbiyyat və İncəsənət) və "Przegląd Pedagogiczny" (Pedaqoji İcmal) kimi digər mətbu orqanlarda 30-dan çox məqalə və əlyazma dərc etdirib.
Ölümü və irsi Depressiya və tükənmişlik sindromundan əziyyət çəkən Davidova, 1910-cu ildə dostlarının təkidilə Qura Kalvarya (Góra Kalwaria) yaxınlığındakı Rokoş (Rokosz) kəndinə dincəlməyə yollanıb. O, 1910-cu il fevralın 26-da orada özünü beton quyuya ataraq intihar edib. Cütlüyün evləndiyi kafedralda keçirilən dəfn mərasimindən sonra o, Povonzki (Powązki) qəbiristanlığında dəfn olunub. Həyat yoldaşının ölümündən böyük sarsıntı keçirən əri isə 1912-ci ildə Krakova köçüb və ondan dörd il sonra vaxtsız vəfat edib.
Davidova Polşada qadınların təhsili və hüquqlarının genişləndirilməsinin öncülü kimi tanınıb. Cütlüyün sağlığında bir-birinə yazdığı məktublar, Davidin ölümündən sonra, 1915-ci ildə Varşava İctimai Kitabxanasının Qədim Çaplar və Əlyazmalar Şöbəsinə təhvil verilib. Kitabxana 2014-cü ildə, Şavinska-Davidovanın 150 illik yubileyində, onun Varşavada ilk ictimai kitabxananın yaradılması yolundakı xidmətlərinin şərəfinə "Schodząca w otchłań" (Uçuruma eniş) adlı sərgi təşkil edib. 2017-ci ildə Davidovların bəzi məktublarını təhlil edən "Jadwigi Szczawińska-Dawidowej Listy do Jana Władysława Dawida: (marzec – kwiecień – maj 1905)" (Yadviga Şavinska-Davidovanın Yan Vladislav Davidə məktubları: (mart – aprel – may 1905)) adlı tədqiqat işi nəşr olunub və kitabxananın 110 illiyi münasibətilə onların şərəfinə sərgi keçirilib.
İstinadlar
Ədəbiyyat Bibliography
Xarici keçidlər Skrzypek, Dominika (2002). "The Flying University". In Maciejewski, Witold (ed.). The Baltic Sea Region: Cultures, Politics, Societies. Poznań, Poland: Baltic University Press. p. 533. ISBN 978-91-973579-8-2.
Kateqoriya:Rusiya imperiyası yazıçıları