Fəryal bint Faruq (; ) — Misir və Sudan kralı I Faruqun qızı.
17 noyabr 1938-ci ildə İsgəndəriyyədəki Montaza sarayında dünyaya gəldi. Atası Misir və Sudan kralı I Faruq, anası isə onun ilk xanımı çərkəz əsilli Fəridə xanımdır. Yeni kralın ilk övladı idi və bu səbəblə, doğuşu dövlət səviyyəsində qeyd olundu. Paytaxt və əsas şəhərlərdə kasıblara yemək və geyim paylandı. Həmin gün Misirdə dünyaya gələn 1700 uşağın ailəsinə ianələr verildi. Özündən sonra 2 bacısı - Fövziyyə və Fədiyə dünyaya gəldi. Ancaq oğul varisi istəyən atasıyla anasının münasibətləri pisləşdi və cütlük 1948-ci ildə boşandılar. Boşanma əsnasında ən kiçik bacısı Fədiyə anasıyla birlikdə saraydan göndərilsə də, Fəryal və Fövziyyə atasıyla birlikdə qaldı. Atasının 1951-ci ildə Nəriman Sadiqlə evlənməsinin ardından ögey qardaşları Fuad dünyaya gəldi.
Atasının istəyilə Fəryal və bacıları özəl saray təlim-tərbiyəsi aldı. 1952-ci il iyul inqilabının ardından digər ailə üzvləriylə birlikdə ölkədən sürgün edildi və İtaliyaya yollandı. Bu əsnada onun 13 yaşı vardı. Sürgün illərini Neapol, Kapri və Romada keçirdi. Bacılarıyla birlikdə 1954-cü ildə İsveçrədəki yatılı məktəbə göndərildilər. Bütün bu illər ərzində anasıyla məktublaşdı və onunla əlaqəsini heç vaxt kəsmədi. Atasının icazəsiylə adını dəyişərək Lozannadakı bir məktəbdə müəllim kimi çalışdı.
1966-cı ildə Londonda əslən İsveçrəli Jan-Pyer Perretanla evləndi. Bəy namizədi otel sahibkarının oğlu idi və evlilik səbəbilə İslamı qəbul edərək Samir Şərif adını aldı. Cütlüyün bu nigahdan bir qızı dünyaya gəlsə də, çox keçmədən əri vəfat etdi və Fəryal bir daha evlənmədi.
Yasəmən Perretan-Şəravi (1967-), 2004-cü ildə Hüda Şəravinin nəvəsi Əli Şəravi ilə evləndi.
Anasının 1988-ci ildə vəfatından sonra bacılarıyla birlikdə analarına məxsus Misirdəki şəxsi əmlaklar uğrunda Misir hökumətini məhkəməyə verdilər. Ancaq valideynlərinin inqilabdan öncə rəsmi şəkildə boşanmaları səbəbilə bu iddialarını uğursuz oldu. 1973-cü ilədək ölkəyə girişi qadağan olsa da, bu tarixdən etibarən tez-tez Misirə səyahət etdi.
2009-cu ildə İsveçrədə 7 ildir ki, müalicə olunduğu xəstəxanada mədə xərçəngi diaqnozu ilə vəfat etdi. Cənazəsi Qahirəyə gətirildi və Əl-Rifai məscidindəki ailə məzarlığına dəfn olundu.
Mənbə
Ədəbiyyat
"The princess who chose exile". The National. 12 December 2009 "Princess Ferial Farouk". The Telegraph Egyptian princess dead, says family friend. Deccan Chronicle
İstinadlar
Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri