Əbu Abdullah ən-Numan ibn Bəşir ibn Səd əl-Xəzrəci (; ) — səhabə, Əməvilərin Suriya, əl-Cəzirə və Kufə valisi. Şair də olan Numan ibn Bəşirin şeirləri Xalid ibn Külsüm tərəfindən "Məcmuu şirin-Numan" adı altında bir yerə cəmlənmişdir. Həmçinin Numan ibn Bəşirin şeirləri Frits Krenkov və Yəhya əl-Cüburi tərəfindən nəşr olunmuşdur.
Həyatı Onun ailəsi ilk müsəlmanlardan olub və o, bu mühitdə böyüyüb. Səhabə olan atası Bədr, Uhud və Xəndək başda olmaqla bütün qəzvələrdə iştirak edib.
Muaviyənin dövründə Suriya, Cəzirə və sonra da Kufə valisi olub, lakin Hüseyn tərəfdarı olduğu üçün Yezid tərəfindən vəzifədən kənarlaşdırılıb. Buxari onun bu vəzifəni 7 ay icra etdiyini deyib. Onun Muaviyə tərəfindən Hüms valiliyinə nəql edildiyi də deyilib.
Numan ibn Bəşir Kufə valisi vəzifəsindən azad edildikdən sonra oğlu Məhəmmədlə birlikdə Dəməşqə köçüb və burada qazı vəzifəsini icra edib. O, II Muaviyənin dövründə də burada yaşayıb. Daha sonra Abdullah ibn Zübeyrin tərəfinə keçib və Hüms valisi təyin edilib.
Mərvanın xəlifə olması və Dəhhak ibn Qeysin öldürülməsindən sonra Hüms əhalisi üsyan qaldırıb. O, qaçmağa çalışarkən Hümsün kəndlərindən birində qətlə yetirilib (avqust 684) və başı kəsilərək ailəsinə göndərilib. Onun 684-cü ilin əvvəlində öldürüldüyü də qeyd edilib.
Hədis elmindəki yeri Hədis alimlərinin bir çoxu görə, Numan ibn Bəşrin yaşı olduqca kiçik olduğundan o, İslam peyğəmbəri Məhəmməddən olduqca az hədis eşitmişdir. O, bu səbəblə "halal bəllidir, haram da bəllidir" hədisi istisna olmaqla, "səməə" () bildirən ifadələr yerinə "Allah rəsulu buyurdu ki" ifadəsini istifadə etmişdir. O, rəvayət etdiyi hədislərin bir çoxunu Abdullah ibn Rəvaha, Ömər və Aişədən nəql etmişdir. Bu hədislərdən 5-inə "Səhiheyn"də, 1-inə "Səhihi-Buxari", 4-ünə "Səhihi-Müslüm"də yer verilmişdir. Həmçinin Hakim onunla bağlı hadisələrdən bəhs edən rəvayətlərə və qiyamətdən əvvəl baş verəcək olan fitnələrdən bəhs edən 1 hədisə yer vermişdir.
İstinadlar Kateqoriya:Ənsarilər