Mahmud Qədirəli oğlu İsmayılov () — azərbaycanlı şərqşünas, pedaqoq, Kazan Universitetinin ilk azərbaycanlı məzunlarından biri.

Həyatı Mahmud Qədirəli oğlu İsmayılov 1823-cü ildə Moskvada anadan olmuşdur. Atası Qədirəli Yusif oğlu İsmayılov əslən Gəncədən idi. O, uşaq yaşlarında Gəncədən çıxmış, bir müddət Tiflisdə ticarətlə məşğul olmuş, daha sonra Moskvaya köçmüşdür. 1842-ci ilə aid rəsmi sənədlərdə Qədirəli İsmayılov üçüncü gildiya Moskva taciri kimi qeyd olunmuşdur.

Qədirəli İsmayılov oğlu Mahmudu təhsil alması üçün Lazarev Şərq Dilləri İnstitutuna göndərmişdir. Mahmud İsmayılov burada beş il təhsil almış, türk, fars və ərəb dillərini öyrənmişdir.

Təhsili Mahmud İsmayılov 1847-ci ilin avqustunda imtahanları uğurla verərək öz hesabına Moskva Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 1847–1848-ci tədris ilinin birinci yarısında universitetdə rus ədəbiyyatı, qədim tarix, qanunşünaslıq ensiklopediyası, Rusiya qanunvericiliyi tarixi, latın və alman dilləri üzrə mühazirələr dinləmişdir.

1847-ci ilin noyabrında Zaqafqaziya işləri üzrə Komitənin razılığı ilə təhsilini dövlət hesabına Kazan Universitetində davam etdirməyə başlamışdır. Onun Moskvadan Kazana keçməsi Şərq dilləri, tarixi və ədəbiyyatı üzrə biliklərini dərinləşdirmək istəyi ilə bağlı idi. Bu qərarda Kazan Universitetində çalışan Mirzə Kazım bəyin nüfuzu da müəyyən rol oynamışdır.

Mahmud İsmayılov Kazan Universitetində Tarix-filologiya fakültəsinin ərəb-fars şöbəsində təhsil almışdır. Fakültə dekanı Mirzə Kazım bəyin 1848-ci il tarixli raportunda Mahmud İsmayılov nümunəvi tələbə kimi xarakterizə edilmişdir. O, ərəb, türk dilləri və kalliqrafiyadan əla, fars, ingilis, fransız dilləri, ümumi tarix və ümumi ədəbiyyat tarixindən yaxşı qiymətlər almışdır. Universitetdə təhsil aldığı dövrdə Mirzə Əbdüssəttar Kazım bəyin yanında Azərbaycan ləhcəsinə dair əlavə məşğələlərdə də iştirak etmişdir.

Mahmud İsmayılov 1851-ci ildə Kazan Universitetini namizəd diplomu ilə bitirmiş və Qafqaz canişinliyinin sərəncamına göndərilmişdir.

Pedaqoji fəaliyyəti Universiteti bitirdikdən sonra Mahmud İsmayılov Tiflisə göndərilsə də, inzibati sahədə fəaliyyət onun maraqlarına uyğun gəlməmişdir. O, Lazarev Şərq Dilləri İnstitutundan Şərq dillərinin tədrisi ilə bağlı dəvət aldıqdan sonra Moskvaya qayıtmışdır.

1852-ci ildən 1865-ci ilə qədər Lazarev Şərq Dilləri İnstitutunda müəllim işləmişdir. Burada ərəb, fars və Azərbaycan dillərini tədris etmişdir. O, institutda Şərq dilləri üzrə hazırlıq görmüş azərbaycanlı ziyalılardan biri kimi tanınmışdır.

Mahmud İsmayılov səhhətində yaranan problemlərə görə 1865-ci ildə müəllimlik fəaliyyətindən uzaqlaşmışdır. İnstitut rəhbərliyinin Xalq Maarifi Nazirliyi ilə yazışmalarından sonra ona təqaüd ayrılmışdır.

Mahmud İsmayılov 1867-ci ildə Moskvada 44 yaşında vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycan pedaqoqları