Sayakbay Karalayev (; ) — SSRİ–Qırğızıstan şair-nağılçısı və böyük manasçısı. O, 1939-cu ildə Qırğızıstan SSR Xalq artisti fəxri adına layiq görülmüşdür.

Həyatı

Sayakbay Karalayev 1894-cü ildə Maman məntəqəsində (hazırda İssık-kul vilayətinin Ak-Suu rayonu) Buqu tayfasının Arık nəslindən olan yoxsul Karalanın ailəsində anadan olmuşdur. Gənc yaşlarından muzdla çalışmışdır. 1916-cı ildə Rusiya imperiyasının ekspansiyasına qarşı qırğızların üsyanında iştirak etmişdir. 1918-ci ildə könüllü olaraq Fəhlə-Kəndli Qırmızı Ordusuna yazılmışdır. Vətəndaş müharibəsi boyunca, 1922-ci ilə qədər Türküstan cəbhəsində ağqvardiyaçılara və basmaçılara qarşı döyüşmüşdür.

Sayakbayın poetik qabiliyyətləri hələ uşaq yaşlarından təzahür etməyə başlamışdır. Qırğız xalq eposu "Manas"dan ilk dəfə nənəsindən eşitdiyi parçaları Qırmızı Orduda xidmət etdiyi illərdə ifa etmişdir. Karalayevin peşəkar bir "Manas" ifaçısı kimi formalaşması 1920-ci illərin sonunda, kənd sovetinin sədri vəzifəsində çalışdığı Maman kəndində yaşayan məşhur manasçı Çoyuke Ömürov ilə tanışlığından sonra baş tutmuşdur. Sayakbay bir neçə il ərzində Ömürovun evində manasçılıq sənətinin sirlərini öyrənmişdir. 1930-cu ildə o, artıq peşəkar bir manasçı kimi Frunze şəhərinə dəvət edilmişdir.

Sayakbay Karalayev 7 may 1971-ci il tarixdə Frunze şəhərində vəfat etmiş və Ala-Arça qəbiristanlığında dəfn olunmuşdur.

Təltifləri Sayakbay Karalayev qırğız mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülmüşdür:

Qırğızıstan SSR Xalq artisti (28 mart 1939-cu il); "Qırmızı Əmək Bayrağı" ordeni (7 iyun 1939-cu il) — qırğız teatr sənətinin inkişafındakı müstəsna xidmətlərinə görə; "Qırmızı Əmək Bayrağı" ordeni (1 noyabr 1958-ci il); "Qırmızı Əmək Bayrağı" ordeni; "Şərəf nişanı" ordeni (24 oktyabr 1964-cü il); Müxtəlif medallar və Qırğızıstan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdir.

Mirası Sayakbay Karalayevin portreti Qırğızıstanın 500 somluq milli valyutasının üzərində əks olunmuşdur.

Mədəniyyətdə 2017-ci ildə Sayakbay Karalayevin həyat və yaradıcılığına həsr olunmuş "Sayakbay. XX əsrin Homeri" adlı bədii film çəkilmişdir. Rejissor Ernest Abdıcaparovun quruluş verdiyi bu ekran əsərində baş rolu aktyor Marat Jantaliyev canlandırmışdır. Filmin baş prodüseri Samat İvrayev olmuş, layihə "Sayakbay manasçı" fondu tərəfindən dəstəklənmişdir.

İstinadlar

Xarici keçidlər

Биография Саякбая Каралаева

Kateqoriya:Qırğızıstan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)