Cəmil bəy Əlimuradbəyli () — azərbaycanlı neft mühəndisi, Cümhuriyyət tələbəsi, repressiya qurbanı.
Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Frayberq Dağ-Mədən Akademiyasında təhsil alıb. 1925-ci ildə Bakıya qayıdıb. Müxtəlif neft mədənlərində fəaliyyət göstərib. Əmək fəaliyyətinə görə 1931-ci ildə "Lenin" ordeni ilə təltif olunub və ABŞ-yə elmi ezamiyyətə göndərilib. 1935–1937-ci illərdə "Stalinneft" trestinin rəisi işləyib. 1937-ci ildə Stalin repressiyaları dövründə həbs olunub və 8 il müddətinə Uxto-İjemsk İslah Əmək Düşərgəsinə sürgün edilib.
1945-ci ildə sürgündən azad olunub. SSRİ ərazisində müxtəlif bölgələrdə neft sənayesində yüksək vəzifələrdə xidmət edib. 1949-cu ildə yenidən həbs olunub və Norilsk şəhərinə müddətsiz sürgün olunub. 1954-cü ildə sürgündən azad olunub.
Həyatı
İlk illəri 150px|thumb|left|Cəmil bəy Frayberqdə Əlimuradbəyli Cəmil bəy Cümşüd bəy oğlu 1897-ci ildə Cəbrayıl qəzasının Qorqan kəndində anadan olub.
1918-ci il 28 may tarixində Azərbaycan Cümhuriyyəti qurulub. Cümhuriyyətin Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul etdi. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edildi. Cəmil bəy Əlimuradbəyli də ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılan sənədlər Cavad bəy Əlimuradbəylinin adına rəsmiləşdirilsə də, təhsil almaq üçün xaricə göndərilən şəxs onun qardaşı Cəmil bəy Əlimuradbəyli olub. Xaricə göndərilən tələbələr o cümlədən də Cəmil bəy 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalında yola salındılar. Cəmil bəy əvvəlcə Batuma daha sonra Fransaya ordan isə Almaniyaya gedib. 1920-ci ildə Frayberq Dağ-Mədən Akademiyasına daxil olub və 1924-cü ildə oranı bitirib. Təhsilini başa vurduqdan sonra Hannover şəhəri yaxınlığındakı neft mədənlərində altı ay müddətində təcrübəçi mühəndis kimi fəaliyyət göstərib. 1925-ci ildə Bakıya qayıdıb.
Sovet İttifaqında 1925-ci ildə Neftçilər Həmkarlar İttifaqına üzv olub. Əmək fəaliyyətinə görə 1931-ci ildə "Lenin" ordeni ilə təltif olunub. 1932-ci ildə Azərbaycan Kommunist Partiyasına üzv olub. Suraxanı neft mədənlərində fəaliyyət göstərib. Burada qazma rəisi vəzifəsinə qədər yüksəlib. 1933-cü ilin iyul ayından dekabr ayına qədər qazma işinin qoyuluşunu öyrənmək üçün ABŞ-də elmi ezamiyyətdə olub. Burada Kaliforniya, Oklahoma və Texas ştatlarının neft mədənlərində olub. 1934-cü ildə Azərneftin Bakı-Lökbatan mədənlərində mədən direktoru kimi fəaliyyət göstərib. 1935–1937-ci illərdə "Stalinneft" trestinin rəisi işləyib. 300px|thumb|right|Cəmil bəyin həbsdə çəkilmiş fotosu 1937-ci il 1937-ci ilin noyabr ayında Stalin repressiyaları dövründə həbs olunub. Onu əks-inqilabi trotskiçi təşkilata üzv olmaqda və Azərbaycan neft sənayesinin neft mədənlərində pozuculuq işləri aparmaqda ittiham ediblər. 2 ildən artıq həbsxanada saxlanılıb və işgəncələrə məriz qalıb. 1939-cu il noyabrın 10-da onun işi ilə bağlı ittihamnamə elan edilib. 1939-cu il dekabrın 16-da məhkəmə onu 7 il islah əmək düşərgəsinə, 5 il seçki hüququndan məhrumluğa məhkum edib və "Lenin" ordeninin alınması haqqında SSRİ Ali Soveti Rəyasət Heyəti qarşısında vəsatət qaldırıb. Cəmil bəy məhkəmədə bu ittihamların heç birini qəbul etməyib. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 1940-cı il iyulun 12-də onun kassasiya şikayəti əsasında qərara alıb ki, bu iş yenidən əlavə istintaqa göndərilsin. Lakin onun şikayəti qəbul olunmayıb və o, 1940-cı il oktyabrın 5-də anti-sovet trotskiçi təşkilata üzv olmaqda ittiham olunaraq 8 il müddətinə islah əmək düşərgəsinə sürgünə göndərilib. 1937–1940-cı illər arasında Bayıl həbsxanasında saxlanılıb. 1940–1945-ci illər arasında isə Komi MSSR ərazisində yerləşən Uxto-İjemsk İslah Əmək Düşərgəsində (Uxtijemlaq) cəza çəkib. 1945-ci il noyabrın 2-də həbsdən azad olunub.
1947-ci ilin avqust ayına Uxta 1 saylı neft şaxtasında azad əməklə mədən rəisinin müavini kimi fəaliyyət göstərib. 1947-ci ildə Bakıya qayıdıb və yenidən neft sənayesində fəaliyyət göstərməyə başlayıb. Burada "Neftçalaneft" tresti qazma kontorunun sahə rəisi təyin olunub. 1948-ci ilin aprel ayında SSRİ Neft Sənayesi Nazirliyinin əmri ilə Türkmənistan SSR-a göndərilib. Orada "Türkmənneftkəşfiyyat" Birliyinin texniki bölməsinin rəisi işləyib. 1949-cu il avqustun 24-də Cəmil bəy yenidən həbs olunaraq Aşqabad şəhərinə aparılıb. 1950-ci ilin mart ayında SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Özəl Müşavirəsinin qərarı ilə Krasnoyarsk diyarının Norilsk şəhərinə müddətsiz sürgün edilib. 1954-cü il sentyabrın 8-də sürgündən azad olunub və ona yaşayış yerinə qayıtmağa icazə verilib. Bakıya qayıtdıqdan bir neçə il sonra dünyasını dəyişib.
Ailəsi Cəmil bəy Əlimuradbəylinin əcdadı Əlimurad bəy Məhəmmədhüseyn bəy oğlu olub. Əlimurad bəy 1818-ci ildə Cavanşir-Dizaq mahalının Hacılı camaatına bağlı Aybasanlı obasında anadan olub. Molla yanında oxuduqdan sonra könüllü milis heyətinə başçılıq edib və bir müddət sərhəd gözətçisi olub. Əvvəlcə praporşik rütbəsini daha sonra isə bəy ünvanı alıb. Onun törəmələri "Əlimuradbəyov", "Əlimuradbəyli" soyadını daşıyıblar. Əlimurad bəyin Cümşüd bəy adlı oğlu və Nənəş xanım adlı qızı olub.
Cəmil bəyin atası Cümşüd bəy Əlimuradbəyli Mahşərəf xanım Hüseynəli qızı ilə ailə həyatı qurub. Bu evlilikdən Cavad, Cəmil və Rəşid adlı oğulları və Minəş adlı qızları dünyaya gəlib. Cümşüd bəy Qorqan kəndində əkinçilik və maldarlıqla məşğul olub. 1920-ci ildə Aprel işğalından sonra həbs olunub. 1922-ci ildə həbsdən azad edilib. 1924-cü ildə öldürüldükdən sonra təsərrüfatı kolxoza verilib.
Cəmil bəyin qardaşı Cavad bəy Azərbaycan Döövlət Universitetinin tibb fakültəsini bitirib və həkim olub. Azərbaycanda Stalin Repressiyaları dövründə 1936-cı ildə həbs olunub.
Cəmil bəy Əlimuradbəyli Səriyyə Salman qızı adlı xanımla ailə qurub. Bu evlilikdən 1928-ci ildə Cəmilə, 1932-ci ildə isə Elmira adlı qızları dünyaya gəlib.
Həmçinin bax Azərbaycan Cümhuriyyəti tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri