250px|thumb|right|Ordubadlıların çay süfrəsi. Süfrədə Ordubad qayğanağı, sucuq, mürəbbə, şərbət, Ordubad limonu və cəviz var. 250px|thumb|right|Ordubad rayonunun Nüsnüs kəndi. Ordubad mədəniyyəti — Ordubad rayonunun və Ordubad şəhərinin mədəniyyəti. Ordubad şəhərinin Sərşəhər, Ambaras, Mingis, Varsan, Üçtürləngə məhəllələri orta əsrlər Müsəlman Şərqini xatırladır. Şəhərin məhəllələrinin ensiz və dolanbac olmasının səbəbi həm məskunlaşmanın sıx olması, həm də hücumlara qarşı məhəllələrin belə tikilməsidir. Evlərin həyətləri və divarları daş hasarlarla əhatələnir. Ordubadın inşaat mədəniyyəti, xüsusilə imarətləri həm özünəməxsusdur, həm də bir tərəfdən İran Azərbaycanı şəhərləri ilə oxşarlıq və bəzən də eynilik təşkil edir. Ordubad şəhərində Mədrəsə (XVII əsr), Cümə məscidi (XVII əsr), Hamam (XVI əsr), Buzxana (XIV əsr), Qeysəriyyə (XVI əsr) mövcuddur.
Ordubad və Təbriz şəhərlərinin məişət mədəniyyəti arasında hədsiz oxşarlıq mövcuddur. "Dağlar və bağlar diyarı" kimi tanınan Ordubad camaat arasında həm də "Bala Təbriz", "Təbrizin gül bağçası" adlandırılır. Təbrizdən 94 km şimal-qərbdə yerləşən Ordubad şəhərinin digər ərazilərdən daha çox Təbrizlə mədəni və məişət oxşarlığı coğrafi yaxınlıq və tarixi köçlərlə izah edilə bilər. Bəzən ordubadlılar cənuba köçmüş, bəzən də İran tayfaları Ordubada gəlib kəndlər salmışdır. Bu, Ordubadla Təbrizin məişət yaxınlığı və dialekt oxşarlığına səbəb olmuşdur. Ordubad və Təbrizin şəhərsalma mədəniyyəti, küçə və məhəllələri, evləri, həyətləri, daxili sahman, kəhriz, saqqaxana, buzxana, ziyarətgahlar, hamamlar, yollar, təndirlər, içki və yeməklərin hazırlanması, yetişdirilən meyvə sortları və s. iki şəhər arasında oxşarlıq, bəzən də eynilik təşkil edir.
XIX əsr–XX əsrin əvvəllərində Ordubadda həllaclıq, boyaqçılıq, toxuculuq, metalişləmə sənətləri mövcud idi. Qadınlar əsasən, namazlıqlar, xovlu xalçalar, duz torbaları, yun xovsuz zililər, məfrəş, xurcun, kilim və şəddə kimi xalça növləri toxuyurdu. Müasir dövrdə də şəhərdə bəzi sənətkarlıq sahələri (şəbəkəçilik, dülgərlik, misgərlik, toxuculuq və tikmə sənəti (mərfəc toxuculuğu) və s.) qismən mövcudluğunu davam etdirir.
Azərbaycan dilinin Ordubad dialekti bu dilin cənub qrupuna daxildir. Məmmədağa Şirəliyevin qruplaşdırmasında Ordubad dialekti Naxçıvan, İrəvan və Təbriz dialektləri ilə, Gerhard Dörferin qruplaşdırmasında Naxçıvan, İrəvan və Lənkəran dialektləri ilə, Lars Yohansonun qruplaşdırmasında Naxçıvan dialekti ilə birlikdə cənub qrupuna aid edilir. XIX əsrdə yaradılmış Əncüməni-şüəra məclisi bu dövrdəki Ordubad mədəni mühitinin inkişafı üçün xüsusi rol oynamışdır. Məclisin yaradıcısı Şıxəli Naib böyük ehtimalla Kəngərlilər sülaləsindən olan, Ordubad naibi Şeyxəli xan Kəngərlidir. 1831-ci ildə məclis təşkil edilərkən onun rəhbəri Qüdsi Vənəndi olmuşdur. Daha sonra isə bu məclisə Fəqir Ordubadi və Məhəmməd Tağı Sidqi rəhbərlik etmişdir.
Ordubad Tarix-Memarlıq Qoruğu 1979-cu ildə fəaliyyətə başlamış, 2024-cü ildə "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu olaraq adlandırılmışdır. Ordubad Qoruğu Ordubad şəhərinin tarixi yerlərini əhatə edir, arxeoloji və memarlıq abidələri, ziyarətgahlar, qala, yaşayış evləri, kəhrizlər və digər daşınmaz tarix-mədəniyyət abidələri buna daxildir. 2006-cı ildə isə "Gəmiqaya" Tarix-Bədii Qoruğu yaradılmışdır.
Mədəniyyət tarixi
Arxeoloji tapıntılar
250px|thumb|left|Gəmiqaya petroqlifləri 250px|thumb|left|Kiran karvansarasının qalıqları
Ordubad şəhəri ərazisində ilk yaşayış məskəninin V–VI əsrlərə aid olması ehtimal dilir. Müasir Ordubad şəhərinin ərazisində geniş, orta əsrlərə aid yaşayış məskəni tapılmışdır.
"Naxçıvanın Qobustanı" adlandırılan Gəmiqayada isə 2 minə yaxın qayaüstü təsvir vardır. Gəmiqayanın ən qədim qayaüstü rəsmləri eramızdan əvvəl IV minillik–I minilliyin sonlarına aiddir ki, bu da müasir Azərbaycan ərazisində köçəri heyvandarlığın və yaylaq maldarlığının yaranması ilə üst-üstə düşür.Antonio Sagona. The Archaeology of the Caucasus: From Earliest Settlements to the Iron Age. — Cambridge University Press, 2017-11-30. — 563 с. — ISBN 9781107016590. Təsvirlər Naxçıvanda qədim insanların rituallarını və mənəvi həyatını, eləcə də onların iqtisadi həyatını, həyat tərzini, sənətkarlıq bacarıqlarını əks etdirir.Karimov, Emil. (2014). Nakhchivan — an Ethnographic Phenomenon. Qrup şəklində olan rəsmlər əsasən su mənbələrinin yaxınlığında yerləşir. Bu cür rəsmlər Dəli bulağın şimal-şərqində müşahidə olunur. Bu mənbələrdən uzaqda rəsmlərə daha az rast gəlinir. Rayon ərazisindəki digər arxeoloji abidələr Xaraba-Gilan, Plovdağ, Muncuqlu-təpə, Xalı-keşan, Mərdangöl, Dəlmə, Sumbatan, Rəsul dərəsi, Dəmyələr, İlikli qaya abidələri və digərləridir.
Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxeologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. Xarabagilan yaşayış yerinin sistematik arxeoloji tədqiqinə 1976-cı ildə Naxçıvan arxeoloji ekspedisiyasının V. Q. Əliyevin rəhbərlik etdiyi Xarabagilan dəstəsi tərəfindən başlanılmışdır. Qazıntılar nəticəsində Kiran karvansarası aşkar edilmiş və onun şimal tərəfi təmizlənmişdir. Tikililərin memarlıq üslubu və əldə edilmiş külli miqdarda artefaktların stilistik analizi aşkar edilmiş kompleksin XII–XIII əsrlərə aid edilməsinə imkan vermişdir. 1977-ci ildə qazıntılar sitadel yaxınlığındakı şəhristanın ikinci məhəlləsində aparılmışdır. Bu qazıntılar nəticəsində yaşayış binaları üzə çıxarılmış və təmizlənmişdir. 1978-ci ildə həmin ərazidə qazıntıların genişləndirilməsi nəticəsinə evin daha yeddi otağı və ikinci mərtəbəyə aparan daş pilləkən, üç təndir və giriş tağı aşkar edilmişdir. Abidənin statiqrafiyasının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, birinci mədəni təbəqə XIII–XIV əsrləri, ən aşağı mədəni təbəqə isə IX–XII əsrlərə aiddir. Statiqrafik məlumatlar abidə ərazisindən aşkar edilmiş sikkələr və saxsı materiallarının xarakterləri ilə də təsdiqlənmişdir. Bu ərazidə aşkar edilmiş yaşayış kompleksi, yaşayış məhəllələrinin sıxlığını və memarlıq xarakteri baxımından monqolların yürüşündən əvvəlki yaşayış evlərinin sıxıcı xarakterini aşkara çıxarmışdır. 1980-ci ildə AMEA Tarix İnstitutu tərəfindən təşkil edilmiş və Q. M. Aslanovun rəhbərlik etdiyi Xarabagilan ekspedisiyası şəhər ərazisində qazıntılara başlamışdır. Ekspedisiya üzvləri Xarabagilanın şəhər mərkəzində və yaxınlıqdakı Muncuqlutəpə nekropolunda qazıntılar aparmışdır. Ümumilikdə orta əsr şəhəri ərazisində 5000 m2 ərazidə qazıntı aparılmışdır. Bu tədqiqatlar nəticəsində çoxlu sayda yaşayış binaları, türbələr və karvansara aşkara çıxarılaraq təmizlənmişdir. Ekspedisiyanın Muncuqlutəpə nekropolunda üzə çıxardığı hurri möhürü və xəncəri, xarakterik tipli keramik qablar Xarabagilanın e.ə. VI–IV və e.ə. IX–VI əsrlərə aid mədəni təbəqəsini tədqiq etməyə imkan vermişdir.
Rus arxeoloqları tərəfindən Ordubadın qədim yaşayış məskənlərində aparılan arxeoloji qazıntılar zamanı Tunc dövrünə aid qalıqlar aşkar edilmişdir. Buraya IV əsrə aid döyüşçülərin məzarlarının aşkar edildiyi nekropol da daxildir. Bunlar əvvəlcə 1928-ci ildə yalnız döyüşçü kişilərin skeletləri kimi qiymətləndirilmişdir, lakin sonradan 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnologiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, skeletlərdən ən azı biri oxdan, oxlar və dəbilqə kimi silah-sursatı ilə birlikdə tapılmış qadın döyüşçüyə məxsusdur.
Erkən tarixi 150px|thumb|right|Şeyx Əbu Səidin qəbri üzərində qoyulmuş başdaşıya həkk edilmiş xatirə kitabəsi, 1357-ci il.
Ordubad şəhərinin adının türk (ordu) və fars (bad, yəni şəhər) sözlərinin birləşməsindən (ordu şəhəri) əmələ gəlməsinə görə, fikirləşilir ki, bu şəhər ya Ali Monqol xaqanlığı (1256-cı ildən əvvəl), ya da Elxani hakimiyyəti dövründə salınmışdır.
Ordubadın ən qədim abidəsi, şəhərdəki qədim qəbiristanlığın lövhələrindən birinin üzərində fars dilindəki, 824-cü ilə aid kufi yazısıdır. Bu yazı M. Xanikov tərəfindən aşkar edilmiş və o, 1851-ci ildə M. Arxangelski tərəfindən, onun üçün bu yazının qravürasının çəkildiyini yazmışdır. Lakin bu lövhə dövrümüzə qədər gəlib çatmamışdır. Artıq 1927-ci ildə V. M. Sysoyev Ordubad qəbiristanlığında bir dənə də olsun kufi yazısı tapmamışdır. Ordubadın qədim abidələri arasında XIX əsrin sonlarına qədər qalan qədim karvansara xarabalıqları var. O, Arasa-meydanın yanında yerləşirdi və oradan yeraltı keçid məşhur əfsanəyə görə, V əsrin əvvəllərində, xristianlığın yayılmasının ilk dövrlərində tikilmiş qədim kilsəyə aparırdı. Ordubadın bu günə qədər gəlib çatmış ən qədim abidələrindən biri Ordubad qəbiristanlığında 1357-ci ilə aid, üzərində ərəb-fars dini yazısı olan məzar daşıdır. 824-cü il məzar daşı ilə eyni qəbiristanlıqda tapılan bu məzar, İbn Sinanın müasiri olan Ordubad sakini Şeyx Əbu Səidə məxsus idi.
Tarixçi Xumar Vaidova qeyd edir ki, Ordubad haqqında ilk məlumatlar VII əsrə aiddir. Bu dövrdə Ordubad da daxil olmaqla bütün Zaqafqaziya Ərəb Xilafətinin hakimiyyəti altında idi və vahid Ərməniyyə əmirliyinin tərkibində birləşdirilmişdi. Ordubad xəlifələr tərəfindən təyin edilmiş əmirlər tərəfindən idarə olunurdu.Хумар Ваидова. История города Ордубад в XIX — начале ХХ вв. — Институт истории им. А. А. Бакиханова, Баку: Nurlan, 2007. — С. 15. — 189 с.
Ordubad Çin, Avropa və Hindistandan gələn karvanların keçdiyi mühüm ticarət şəhəri idi. Şəhərdən meyvə, kənd təsərrüfatı məhsulları və ipək ixrac olunurdu. Həmdullah Qəzvini XIV əsrin ortalarında Ordubad şəhərini Naxçıvan bölgəsindəki beş şəhərdən biri kimi, meyvə bağları ilə əhatə olunmuş və gözəl üzüm, taxıl və pambıq istehsal edən əyalət şəhəri kimi təsvir etmişdir.
Səfəvi dövründən XIX əsrə qədər 300px|thumb|left|Ordubad mədrəsəsi. XIX əsrdə Səfəvilər dövründən, Şah I İsmayılın hakimiyyətindən başlayaraq Ordubad kələntərlər tərəfindən idarə edilirdi. Ənənəyə görə, bu kələntərlər XIII əsr alimi Nəsirəddin Tusinin nəslindən gələnlərdən (Ordubadilər sülaləsi) təyin olunurdu.
XVI əsrə qədər Ordubad sənətkarlıq və ticarət mərkəzi idi. XVII əsrdə Ordubadçayın sol sahilində yeni ticarət mərkəzləri salınmışdır. Şəhərin inkişafı əsasən sağ sahildə getdiyi üçün qala əhəmiyyətini itirmişdir. XVII əsr II yarısında xarici siyasi sakitliyə görə şəhər həyatı inkişaf etmiş, müharibədən əziyyət çəkmiş sənətkarlıq və ticarət bərpa edilmişdir. Mədrəsələrin tikilməsi bu dövrdə baş vermişdir. XVII–XVIII əsrlərdə Ordubadın sağsahil ərazisində yeni ticarət mərkəzləri salınmışdır.А. В. Саламзаде. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана. — Элм, 1979. — С. 47. — 138 с. Şah I Abbasın dövründə başlanan sakitlik dövrü nəticəsində sənətkarlıq və ticarətdən başqa, Ordubad şəhərində ədəbiyyat, mədəniyyət və bağçılıq da inkişaf etmişdir.
XVII əsrdən XIX əsrə qədər daxili və xarici vəziyyətə görə, Ordubadın sosial-iqtisadi bazası böyük bir inkişaf keçirməmişdir və bəzi dövrlərdə geriləmişdir. Şəhərin əsas məşğuliyyət sahələri bağçılıq, sənətkarlıq və ticarət olaraq qalmaqda idi. 1882-ci ildə şəhərdə və ətraf 62 kənddə 13 min 200 nəfər azərbaycanlı və 8 min 800 nəfər erməni yaşayırdı. Erməni kəndləri inkişafı və var-dövləti ilə tanınırdı. Ordubad şəhərinin özündə isə əsasən azərbaycanlılar yaşayırdı. Onlar bağçılıq və ipəkçilik ilə məşğul olurdular. Şəhərdə diqqətəlayiq, nəhəng bir çinar ağacı (Platanus orientalis) var idi. O dövrdə şəhərdə birsinifli şəhər məktəbi fəaliyyət göstərirdi.Ордубат // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907."Кавказ " № 241 от 12 сентября 1886 г.
200px|thumb|right|Ordubad şəhərinin gerbi 1914–1916-cı illərdə fəaliyyət göstərən "Molla Nəsrəddin" jurnalında Məmməd Səid Ordubadinin əsərləri çap edilmişdir. Əvəz Sadıq Naxçıvanda dərc edilən "Şərq qapısı" qəzetində Ordubadi ləqəbi ilə öz yazılarını dərc etdirmişdir. 1932-ci ildən müxtəlif adlarla Ordubad qəzeti ("Ordubad fəhləsi", "Ordubad işçisi") çap edilir, qəzet hal-hazırda "El həyatı" adlanır.