Şahzadə Endryu (; ) — Yunanıstan kralı I Georqun oğlu, şahzadə.
Həyatı 1882-ci ildə Afina yaxınlığındakı Tatoy sarayında dünyaya gəldi. Atası Yunanıstan kralı I Georq, anası isə Çar I Nikolayın nəvəsi Olqa Konstantinovnadır. Atasının köklü şəcərəsi səbəbilə həm Yunanıstan, həm də Danimarka taxt-tacının varisi hesab olunurdu. Dan, alman, fransız, ingilis, rus və yunan dillərində səlis danışırdı. Uzağı görməkdə çətinlik çəkirdi. Buna baxmayaraq 1901-ci ildə süvari zabiti olaraq orduya qatıldı.
9 avqust 1902-ci ildə VII Eduardın tacqoyma mərasimi səbəbilə Londona rəsmi səfərə göndərildi. Yeni kral onun bibisi Danimarkalı Aleksandra ilə evli idi və bu mərasim eyni zamandada yeni kraliçanın da tacqoyma mərasimi idi. Mərasim səbəbilə Londonda keçirdiyi zaman zərfində Şahzadə Alis Battenberqlə tanış oldu. 17 yaşlı bu gənc xanım yeni kralın bacısı nəvəsi və Britaniya monarx ailəsinin üzvü idi. Bir-birinə aşiq olan cütlük ertəsi il - 6 oktyabr 1903-cü ildə Darmştadtda sadə bir mərasimlə evləndi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.
Şahzadə Marqarita (1905-1981) Şahzadə Teodora (1906-1969) Şahzadə Sesilya (1911-1937) Şahzadə Sofiya (1914-2001) Şahzadə Filipp (1921-2021)
1909-cu ildə baş tutan siyasi çevriliş nəticəsində digər monarx ailəsinə mənsub şahzadələr kimi, onun da bütün hərbi ünvanları əlindən alındı və ordudan uzaqlaşdırıldı. Ancaq çox keçmədən 1912-ci ildə başlayan Balkan müharibələri əsnasında bütün rütbə və ünvanları geri qaytarıldı. Üstəlik süvari alayında polkovnik-leytenant rütbəsinə yüksəldi və səhra hospitalının komandanlığına təyin olundu. Müharibə davam edərkən atası sui-qəsd nəticəsində öldürüldü və qardaşı I Konstantin taxta çıxarıldı. Anası isə ölkəni tərk edərək vətəni Rusiyaya qayıtdı.
Birinci Dünya müharibəsi illərində onun alman cəsusu olmasıyla bağlı şayələr gəzsə də, tez-tez Britaniyaya rəsmi səfərlər tərtiblədi. Ancaq qardaşı I Konstantinin bitərəf mövqeyi parlamenti məmnun etmədi. Nəticədə qardaşının taxtdan çəkilməsiylə bir müddət İsveçrədə sürgündə yaşadılar. Taxta çıxarılan qardaşı oğlu Aleksandrın 3 illik qısa səltənətinin ardından qardaşı I Konstantin yenidən taxta dəvət olundu. Beləcə, Şahzadə Endryu da ordudakı vəzifəsinə bu dəfə general-mayor rütbəsiylə geri döndü. Davam edən Türk-Yunan müharibəsində özbaşına hərəkəti və mərkəzi aparatın əmrindən çıxması səbəbilə vəzifədən alındı.
1922-ci ildə Anadoludakı ağır məğlubiyyətin ardından Afinada hərbi çevriliş baş tutdu. Şahzadə Endryu həbs olundu. Çevrilişin ardından başladılan hərbi məhkəmələrdə bir çox dövlət xadimi ölümə məhkum edildi. İngilislərin diplomatik səyləri nəticəsində Şahzadə Endryu ölümdən xilas oldu və ömür boyu sürgünə göndərildi. Öncə Parisə gələn ailə burada qardaşı Şahzadə Georqun Sen-Kludakı villasında məskunlaşdı. Yunanıstan vətəndaşlığından çıxarılan ailə üzvləri qalan ömürlərini Danimarka pasportlarıyla yaşadılar.
Sürgün illərində ailəsi parçalandı. Xanımı Şahzadə Alisin sinirləri pozuldu və zorla İsveçrədəki bir xəstəxanaya yatırıldı. Sonrakı illərdə səhhəti düzəldi və Yunanıstana qayıtdı. Qızları evlənərək Almaniyaya köçdülər. Yeganə oğlu Şahzadə Filipp isə, anasının ingilis qohumlarının himayəsinə verilərək Britaniyada yatılı məktəbə göndərildi. Şahzadə Endryu özü isə cənubi Fransada yaşamağa davam etdi. 1936-cı ildə sürgün qərarı ləğv edildi və Şahzadə Endryu qısa bir müddətlik Afinaya səyahət etdi. Ancaq ertəsi il hamilə qızı Şahzadə Sesilya, kürəkəni və 2 nəvəsiylə birlikdə təyyarə qəzasında həlak oldular. Məhz qızının Darmştadtdakı cənazə mərasimində xanımı və oğluyla 6 ilin ardından ilk dəfə görüşdü.
İkinci Dünya müharibəsi illərində oğlu Şahzadə Filipp ingilislər tərəfində, həyatda qalan 3 alman kürəkəni isə nasistlər tərəfində vuruşdular. Müharibənin son dövründə - 3 dekabr 1944-cü ildə Monte-Karlodakı bir oteldə ürək çatışmazlığından vəfat etdi. İlk öncə Nitsadakı Rus Pravoslav kilsəsinə dəfn olunsa da, 1946-cı ildə cənazə Afinadakı Tatoy sarayına daşındı.
Qalereya
Mənbə
Ədəbiyyat
Alexandra of Yugoslavia (1959). Prince Philip: A Family Portrait. London: Hodder and Stoughton. Brandreth, Gyles (2004). Philip and Elizabeth: Portrait of a Marriage. London: Century. Clogg, Richard (1979). A Short History of Modern Greece. Cambridge: Cambridge University Press. Heald, Tim (1991). The Duke: A Portrait of Prince Philip. London: Hodder and Stoughton. Van der Kiste, John (1994). Kings of the Hellenes. Stroud, Gloucestershire: Alan Sutton Publishing. Vickers, Hugo. (2000). Alice, Princess Andrew of Greece. London: Hamish Hamilton.
İstinadlar
Kateqoriya:Yunan masonlar Kateqoriya:Attika şəxsləri