Əliyev Ələkbər Əli Ağa oğlu (6 dekabr 1958) — Azərbaycan alimi, texnika elmlər doktoru, professor, əməkdar müəllim, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı və İnformasiya texnologiyaları & proqramlaşdırma fakültəsinin professoru & müdiri. Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının katibi (2024-cü ildən).
Həyatı və Fəaliyyəti Əliyev Ələkbər Əliağa oğlu — informatika, paylanmış sistemlər, kompüter şəbəkələri və bulud texnologiyaları sahəsində mütəxəssisdir. 1966–1976-cı illərdə Nəsimi rayonu 44 saylı orta məktəbdə təhsil almış və qızıl medalla bitirmişdir.
1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1979-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə (MDU) keçmiş və 1982-ci ildə təhsilini bitirmişdir. 1985–1988-ci illərdə Ukrayna EA-nın V. M. Qluşkov adına Kibernetika İnstitutunun aspirantı olmuş, 1989-cu ildə namizədlik, 1996-cı ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2004-cü ildə ona professor elmi adı verilmişdir.
Əliyev 1982–1985-ci illərdə Hesablama Mərkəzində mühəndis vəzifələrində çalışmış, daha sonra Bakı Dövlət Universitetində müxtəlif elmi vəzifələrdə işləyərək 1998-ci ildən "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının müdiridir.
O, həmçinin Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanıdır. 2024-cü ildə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının katibi seçilmişdir. Ələkbər Əliyevə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir.
2024-cü ildən Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının katibi vəzifəsində çalışır.
Elmi və ictimai fəaliyyəti Əliyev 130-dan çox elmi əsərin, 1 monoqrafiyanın, 6 dərs vəsaitinin, 4 metodik vəsaitin, 2 lüğətin və 1 ensiklopediya əsərinin müəllifidir. Onun rəhbərliyi ilə 9 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyası müdafiə olunmuşdur.
Kitabları Синхронизация прикладных процессов в распределенных системах обработки данных (1995) Распределенные системы обработки информации (2003) İngiliscə-rusca-azərbaycanca informatika, telekommunikasiya, radioelektronika üzrə lüğət (2004) Kompüterin arxitekturası və əməliyyat sistemləri (2007) İnformatikanın əsasları (2008) C və Pascal dillərində proqramlaşdırma (2008) İnformatika üzrə ensiklopediya (2008) Cəbrin tətbiqiləri: kodlar nəzəriyyəsi və kriptologiya (2015) İnformatika (2015) Alqoritmik dillər (2016) Alqoritmin analizi və hazırlanması üsulları (2017)
Mənbələr