Əmirçoban bəy Camav bəy oğlu Usmiyev-Qaytaqskiy () — Qaytaq usmiləri nəslindən olan qumuq knyazı, Rusiya İmperator Ordusunun zabiti, general-mayor.

Həyatı Əmirçoban bəy 1836-cı ildə Dağıstanda, Qaytaq usmiləri nəslindən olan zadəgan qumuq ailəsində anadan olmuşdur. O, Qaytaqın irsi hökmdarı (usmi) və XIX əsrin əvvəllərində Dağıstanın aparıcı siyasi xadimlərindən biri olan (Tuti Bikənin qardaşı Ustar xanın oğludur) nəvəsi idi. Adil xan hakimiyyətinin ilk illərində Rusiya İmperiyası ilə müttəfiqlik münasibətləri saxlayaraq Şeyxəli xana qarşı mübarizə aparsa da, sonradan rus komandanlığının ona olan inamsızlığı, daxili nifaqlar və oğlu Xanməhəmmədin həbsi səbəbindən Rusiyaya qarşı üsyana qoşulmuş, Şeyxəli xan və digər anti-Rusiya qüvvələri ilə gizli əlaqələr quraraq onların tərəfinə keçmişdir. Rusiyaya qarşı mövqeyinə görə, 1820-ci ildə Qafqazdakı komandan general Yermolov tərəfindən Adil xan hakimiyyətdən kənarlaşdırıldı, əmlakı müsadirə edildi və usmi titulu ləğv edildi, beləliklə, Qaytaq usmiliyi mövcudluğunu dayandırdı.

Lakin Əmirçoban bəyin atası Camav bəy Usmiyev Rusiya ordusunda xidmətinə davam etmiş və Süvari general-mayoru rütbəsinə qədər yüksəlmişdir. 1830-cu ildə Camav bəyə Yuxarı Qaytaqın idarə edilməsi tapşırılmış, 1843-cü ildən isə Dərbənd qəzasının tərkibində Qaytaq İdarəsinin yaradılması ilə 1857-ci ildə vəfatına qədər bu inzibati vahidə rəhbərlik etmişdir. Rusiyaya göstərdiyi xidmətlərə görə, 1831-ci ildə Camav bəyə atasından əvvəl müsadirə edilmiş torpaqlar və əmlak geri qaytarılmışdır.

Hərbi xidməti Əmirçoban bəy 1854-cü ildə Qafqazda yerli xalqlardan təşkil olunan nizamsız Rusiya hərbi dəstəsi olan milisdə xidmətə başlamışdır. O, Dağıstan Milis Alayının tərkibində 1853–1856-cı illər Krım müharibəsində və 1858–1859-cu illər Qafqaz müharibəsində iştirak etmişdir. Xidmətdə göstərdiyi səylər və hərbi uğurları sayəsində karyerasında sürətlə irəliləmişdir. Hərbi fərqlənməsinə görə, 1859-cu ildə milis praporşiki (zabit rütbəsi), 1867-ci ildə isə podporuçik rütbəsi almışdır.

1869–1871-ci illərdə Əmirçoban bəy Dağıstan vilayət rəisinin yanında xüsusi tapşırıqlar üzrə məmur vəzifəsində çalışmışdır. 1874-cü ildə o, Əlahəzrət İmperatorun Leyb-Qvardiyası Kazak Alayına daxil olmuş və burada kornetdən polkovnik rütbəsinə qədər yüksəlmişdir. Kazak alayının tərkibində 1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsində iştirak etmiş, daha sonra Qafqaz Hərbi Dairəsinin qoşunlarında xidmət etmiş, 1907-ci ildə isə general-mayor rütbəsi verilmişdir.

Vəfatı General-mayor Əmirçoban bəy Usmiyev 1914-cü ildə vəfat etmişdir. Şəxsi vəsiyyətinə əsasən, o, Dərbəndin şimal qəbiristanlığında, qohumu Tuti Bikənin türbəsinin yanında dəfn edilmişdir. Onun qəbirüstü üçmetrlik sərdabəsi zəngin oymaqlı naxışlar və Qurandan iqtibaslarla bəzədilmişdir.

Ailəsi Əmirçoban bəyin Yengikənd, Qaradağlı, Başlı və Dərbənddə yaşayan 12 arvadı olmuşdur. Lakin yalnız onlardan biri, Ümxani, ona babasının şərəfinə Camav bəy adını verdiyi bir oğul dünyaya gətirmişdir. Təəssüf ki, uşaq iki yaşında vəfat etmiş, buna görə də Əmirçoban bəy qardaşı oğlu Əbdülməcid Usmiyevi övladlığa götürmüşdür. Əbdülməcid general-leytenant Ərəblinskinin böyük qızı Ürvyət xanımla evlənmişdir. Sonradan Əbdülcəlil məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin bacanaq olmuş, onun qızlarından biri isə Dağıstanın böyük balıq sənayeçisi Həmdulla Abdullayevə ərə getmişdir. Əbdülcəlil bəyin nəsli hazırda Bakı, Moskva, Sankt-Peterburq və Almaniyada yaşayır.

Bəzi tədqiqatçılar, Cəfərqulu ağa Bakıxanovun qızı olan Ayna xanım Bakıxanovanın da Əmirçoban bəyin həyat yoldaşlarından biri olması ehtimalını irəli sürürlər, lakin bu barədə birbaşa sübutlar yoxdur. Bu ehtimal, onların təqribən eyni yaşda olmaları, hər ikisinin uşaqsız olması və Ayna xanımın ölüm şəhadətnaməsinin Usmiyevlərin əsas mülklərinin yerləşdiyi Qaytaq-Tabasaran dairəsinin rəisi tərəfindən verilməsi kimi dolayı faktlara əsaslanır.

Mükafatları

"Müqəddəs Vladimir" ordeni, 3-cü dərəcə; "Müqəddəs Anna" ordeni, 3-cü dərəcə (Qılınc və balta ilə); "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcə

İstinadlar

Kateqoriya:Dərbənddə vəfat edənlər Kateqoriya:Qumuqlar Kateqoriya:Usmiyevlər