Təbriz radiosu — Azərbaycan Milli Hökuməti dövründə 1946-cı ilin aprel ayından dekabr ayına qədər fəaliyyət göstərmiş radio.
Haqqında 1941-ci ildə almanlar Təbriz şəhərində radiostansiya üçün bina tikməyə başlayıblar. Lakin bu işlər Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsindən sonra yarımçıq qalıb. 1945-ci ildə Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Təbrizdə radiostansiyanın yaradılması məsələsi yenidən gündəmə gəldi. Radiostansiyanın tikintisini yekunlaşdırmaq və radionu işə salmaq üçün avadanlıq çatışmırdı. 1946-cı ilin fevral ayında Mir Cəfər Pişəvəri lazımi qurğuların alınması və avadanlıq üçün Mir Cəfər Bağırova müraciət etdi. Fevral ayının ortalarından aprel ayına qədər Azərbaycan SSR-dən gəlmiş mütəxəssislərin köməyi ilə Təbrizdə radio verilişləri stansiyası və əlavə studiya bloku tikildi. 1946-cı il aprel ayında Mir Cəfər Pişəvərinin köməkçisi Mirqasım Çeşmazər Təbriz radiosunun sədri təyin olundu. Aprel ayının 7-dən etibarən Təbriz radio müntəzəm yayıma başladı. 1946-cı il aprelin 26-da Təbriz radiosunun Azərbaycan Dövlət Teatrında rəsmi açılış mərasimi baş tutub. Radionun açılışı münasibətilə Milli Məclisin sədri Mirzə Əli Şəbüstəri nitq söyləyib və həmin nitqi 4 başqa dildə radio vasitəsilə yayımlanıb. Həmin dövrlərdə evlərdə radioqəbuledicilər az olduğu üçün Təbriz küçələrinin ayrı-ayrı yerlərində səsgücləndiricilər quraşdırılıb. Radionun verilişləri başlayanda əhali bu səsgücləndiricilərin ətrafına yığışaraq radioya qulaq asırdılar. 1946-cı ilin iyun ayında şair Balaş Azəroğlu radionun sədri Mirqasım Çeşmazərin müavini təyin olunub.
İlk dövrlər Azərbaycan türkcəsi və farsca fəaliyyət göstərən radio sonradan fars, rus, fransız və ərəb dilində də fəaliyyət göstərməyə başlayıb. Radionun fransızdilli redaksiyasına Firudin İbrahimi rəhbərlik edib. Radioda əsasən müntəzəm olaraq həm yerli həm də dünyəvi xəbərlər oxunur, Azərbaycan Demokrat Firqəsinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin xülasəsi verilir və yığcam konsert proqramları təşkil olunurdu. İlk dövrlər gündə 3 saat yayımlanan radio avqust ayında artıq gündə 5 saat yayımlanırdı.
1946-cı il dekabrın 11-də general Haşiminin başçılığı ilə şah ordusunun bir alayı Təbriz işğal olunmamışdan qabaq şəhərə daxil olaraq radiostansiyanı nəzarətə götürüb. Şah ordusu Təbrizə daxil olduqdan sonra Ə. Mənuçöhr radio idarəsinin sədri təyin olunub. Bir həftə sonra Təbrizdə Səfa Hairinin başçılığı ilə Ehtülatü-mətbuat idarəsi yaradılıb və radio da həmin quruma tabe etdirilib.
AMH dağıldıqdan sonra Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Naxçıvana mühacirət etmiş demokratlar tərəfindən Təbriz radiosu yenidən fəaliyyət göstərməyə başlayıb. Naxçıvana mühacirət etmiş Rəhim Ruindej, Fəthi Xoşginabi, Mədinə Gülgün, Huma Ruindej, Jalə Təbrizi, Hökumə Billuri və Hidayət Hatəmi radioda fəaliyyət göstərməyə başlayıblar. Azərbaycan türkcəsində və farsca fəaliyyət göstərən radionun hədəf kütləsi Cənubi Azərbaycan əhalisi idi. Daha sonra 1947-ci ilin yanvar ayında bu mühacirlər Mərdəkana köçürüldükləri üçün radio Bakıda fəaliyyət göstərməyə başlayıb. Bir müddət sonra İranın Moskvaya etdiyi etirazlardan sonra radiostansiyanın fəaliyyəti dayandırılıb. Bir neçə ay sonra 1947-ci ilin noyabr ayında Azərbaycan KP MK-nın xüsusi qərarından sonra radiostansiya öz fəaliyyətini yenidən bərpa edib. Bu dövrdə isə radioda əsasən Balaş Azəroğlu, Əli Tudə, Hökumə Billuri və Aşıq Hüseyn Cavan fəaliyyət göstəriblər. Ehtimal olunur ki, radiostansiya 1980-ci illərin ortalarınadək fəaliyyət göstərib.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Qulu Məhərrəmli — Danışır Təbriz — Bakı, 2004-cü il.
Kateqoriya:Radiolar