Ukrayna mədəniyyəti — Ukrayna xalqının tarixi boyu formalaşmış maddi və mənəvi dəyərləri.
Güclü ailə dəyərləri və din, Ukrayna tikmə sənəti və xalq musiqisi ənənələri ilə yanaşı, ölkə mədəniyyətinin ayrılmaz hissələridir. Bu, etnik ukraynalılar, həmçinin Kiyev və ətraf bölgənin tarixinə fokuslanan Ukrayna tarixşünaslığı haqqında etnik tədqiqatlarla sıx bağlıdır.
Ukrayna milli mədəniyyəti üçün əsas və fundamental olan xalq mədəniyyətidir. Onun əsasında peşəkar elm, ədəbiyyat və incəsənət tədricən formalaşmışdır. Ukrayna mədəniyyətinin özünəməxsusluğu həmçinin coğrafi şəraitin təsiri, tarixi yolun xüsusiyyətləri və digər etnomədəniyyətlərlə qarşılıqlı əlaqə ilə müəyyən edilmişdir. Mədəniyyətin inkişafında mühüm tarixi mərhələ X əsrdə xristianlığın qəbul edilməsi olmuşdur.
Tarixi thumb|Müqəddəs Sofiya kafedralının interyeri.
Ukrayna öz müstəqilliyini qorumaq üçün tez-tez mübarizə aparmışdır. Buna baxmayaraq, xalqı öz mədəni sərvətlərini saxlaya bilmişdir. İvan Kotlyarevski, Taras Şevçenko və İvan Franko kimi bir çox yazıçı ölkənin ədəbi tarixinə töhfə vermişdir. 1991-ci ildə müstəqilliyin əldə edilməsindən sonra Ukrayna mədəniyyəti əhəmiyyətli bir dirçəliş yaşamışdır.
Ukrayna torpaqlarında mədəni artefaktların ən qədim sübutları Neandertal dövründə bəzədilmiş mamont dişlərinə aiddir. Daha sonra, e.ə. IV əsrdə cənub torpaqlarının köçəri tayfaları, məsələn, skiflər, Tovsta Mohıla kurqanında tapılan pektoral kimi incə işlənmiş qızıl bəzəklər yaratmışlar.
Müasir Ukrayna mədəniyyətinin Kiyev mərkəzli qədim Kiyev Rus dövlətinin və Qaliç-Volın knyazlığının varisi kimi formalaşdığına inanılır. Ukraynalılar onların hər ikisini tarixi əcdadları kimi qəbul edirlər. Ukraynalı tarixçi, akademik və Ukrayna Xalq Respublikasının siyasətçisi Mixail Qruşevski Ukraynanı Ukrayna-Rus adlandıraraq, Ukraynanın Kiyev Rus dövlətinə tarixi iddiasını vurğulamışdır.
Kiyev Rus dövlətinin yaranma dövründə slavyanların təsərrüfat quruluşunda artıq uzun müddətdir ki, əkinçilik üstünlük təşkil edirdi, maldarlıq, ovçuluq, balıqçılıq və arıçılıq mühüm sənətlər olmuşdur. X əsrə qədər sənətkarlıq da kifayət qədər yüksək səviyyəyə çatmışdı — dəmir və əlvan metallardan məmulatlar hazırlanır, dulusçuluq, toxuculuq, dəri emalı və işlənməsi, daş və ağac üzərində oyma sənəti inkişaf edirdi. Burada əsas hadisə xristianlığın qəbulu olmuşdur. Bu, şərqi slavyan tayfalarının bütpərəst inanclarını əvəz etmiş və 988-ci ildə Böyük Vladimir tərəfindən rəsmi olaraq qəbul edilmişdir. Xristianlığın qəbulu yazının inkişafını xeyli sürətləndirmişdir, həmçinin kilsə slavyan dilində yazılmış qədim ədəbi abidələrin yarandığı ədəbiyyatın inkişafına təkan vermişdir. Bizans mədəniyyətinin təsirləri mühüm olmuşdur.
XIII əsrin ortalarında monqol-tatar boyunduruğu uzunmüddətli iqtisadi tənəzzülə səbəb olmuşdur. Bir sıra istehsal sahələrində mürəkkəb texnikanın tənəzzülü və ya unudulması müşahidə olunmuş, sənətkarlıq sənayesi sadələşdi. Tikinti işləri uzun müddət dayandırılmışdıt. Mənəvi mədəniyyətin mərkəzi Qızıl Orda tərəfindən toxunulmaz qalan pravoslav kilsəsi idi. Kiyev və Çerniqov knyazlıqlarının tənəzzülü ilə Ukrayna mədəniyyətinin inkişafının əsas mərkəzi daha əlverişli geosiyasi mövqedə olan Qaliç-Volın knyazlığı olmuşdur. Vəziyyət cənub-qərb Rus torpaqlarının Böyük Litva knyazlığına daxil olması ilə tədricən dəyişməyə başlamışdır. Mədəniyyətdə Qərbi Avropa təsiri nəzərə çarpmağa başlamışdır. Bu təsir yerli ənənələrlə birləşərək dövrün mədəni məzmununu müəyyənləşdirdi. Humanitar sahələrdə — fəlsəfə, tarix kimi elmlərdə əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Ədəbiyyatda dünyəvi motivlər inkişaf etmişdir.
Ənənəvi kənd xalq sənəti, tikmə və yerli memarlıq Ukrayna mədəniyyəti üçün mühüm əhəmiyyət kəsb edir və onun elementləri çox vaxt o dövrdə mövcud olan resurslarla müəyyən edilmişdir. Ölkənin güclü xalq sənəti və tikmə ənənəsi bu gün də davam edir, Ukrayna tikməsi tez-tez özlüyündə bir sənət forması kimi qəbul edilir.
Ukrayna adət-ənənələri Ukrayna Yunan Katoliklik Kilsəsi, Ruteniya Yunan Katolik Kilsəsinin və Şərqi Ortodoks Kilsəsi ilə yanaşı, slavyan mifologiyasından gələn ənənələrdən də böyük ölçüdə təsirlənmişdir. Sovet İttifaqından əvvəl Ukrayna mədəniyyəti Rusiya və Belarus mədəniyyətləri kimi digər şərqi slavyan mədəniyyətlərindən də güclü təsir almışdır.
Ukrayna mədəniyyəti öz orijinallığını qorumaq və sağ qalmaq üçün çoxsaylı maneələri dəf etməli olmuşdur, çünki keçmişdə ölkəni və xalqını idarə edən xarici güclər və imperiyalar tez-tez Ukrayna əhalisini öz əhalisinə assimilyasiya etməyə və mədəniyyətin elementlərini məhv etməyə yönəlmiş siyasətlər həyata keçirmişlər. Məsələn, ruslaşdırma siyasəti mədəniyyətin inkişafına ciddi maneələr yaratmışdır.
thumb|Mariinski sarayı.
Ukrayna mədəniyyəti — Avstriya-Macarıstan hakimiyyətinin dəstəyi və Rusiya İmperiyasının tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq — əsasən "Prosvita" ("Maariflənmə") təşkilatı ilə bağlı olan ziyalıların fədakarlığı sayəsində fəal şəkildə inkişaf etməkdə davam edirdi. 1917-ci il inqilabı dövründə Ukrayna mədəniyyətində ciddi bir yüksəliş müşahidə olundu; hətta Ukrayna Xalq Respublikası ordusunda həm sıravi əsgərlərin, həm də zabitlərin hərbi geyimlərində Ukrayna milli motivləri öz əksini tapdı. "Şçedrik" əsərinin bəstəkarı Mikola Leontoviç kimi bəzi görkəmli şəxsiyyətlər Qırmızı terror zamanı həlak oldular. Sovet hakimiyyətinin ilk illərində — NEP dövrü və ukraynalaşdırma siyasətini əhatə edən, həmçinin Stalin repressiyalarından əvvəlki mərhələdə — SSRİ-yə daxil edilmiş Ukrayna torpaqlarında ukrayna mədəniyyətinin yüksəlişi sürət qazanırdı .
Stalinizm dövründə — xüsusilə kollektivləşmə, kulakların ləğvi, kampaniyası və rus dilinin məcburi tətbiqi fonunda — Ukrayna SSR-də yaşayan ukraynalıların həyatı köklü şəkildə dəyişdi. Ənənəvi geyim və zinət əşyaları gündəlik həyatdan demək olar ki, yoxa çıxdı, Milad və Epifaniya kimi xalq bayramları isə qadağan edildi; bu adət-ənənələri qoruyub saxlamağa cəhd edən hər kəs "millətçi" və ya "kulak" damğası ilə damğalanır, əmlakı NKVD tərəfindən müsadirə edilir və ya məhv olunurdu, özləri isə 1930-1950-ci illər ərzində edam və ya QULAQ düşərgələrində həbs cəzası ilə üzləşirdilər. Beləliklə, ənənəvi xalq həyatının özünəməxsus elementləri — 1930-cu illərin ikinci yarısından etibarən Sovet mədəniyyət evləri üçün sadəcə səhnə atributlarına çevrilmiş elementlər — məhv edildi; bundan əlavə, geyim, süfrə ləvazimatı və musiqi ilə bağlı regional müxtəliflik və rəmzi mənalar faktiki olaraq silinib aradan qaldırıldı . 1932–1933-cü illərin aclığından və ya deportasiyadan sağ çıxan və demək olar ki, hamısı kolxozçuya çevrilən ukraynalılar SSRİ-nin digər respublikalarındakı insanlar kimi eyni standart iş və gündəlik geyimləri geyinməyə məcbur idilər . thumb|Ukrayna SSR-in Kirovoqrad vilayətinin sakinləri, 1950-ci illərin əvvəlləri. İkinci Dünya Müharibəsindən sonra da davam edən "kulak"ların ləğvi və ruslaşdırma prosesləri nəticəsində demək olar ki, bütün ənənəvi regional geyimlər məhv edilmiş və onların yerini ümumsovet standartlarına uyğun geyimlər tutmuşdur. Bu hadisələr əhalinin demoqrafik vəziyyətinə ciddi təsir göstərərək, adət-ənənələrin nəsildən-nəslə ötürülməsi prosesini pozdu: adətən beş-səkkiz uşağı olan və böyük ailə mühitində tərbiyənin adətlərin qorunub saxlanılmasında mühüm rol oynadığı ukraynalı ailələrdən fərqli olaraq, 1930-cu illərin sonlarından etibarən bütün SSRİ miqyasında doğulan uşaqların orta sayı iki-üçə düşdü. Uşaqların sosiallaşması dövlət tərəfindən idarə olunan uşaq bağçaları, məktəblər və pioner düşərgələri sistemi vasitəsilə həyata keçirilirdi; "kulaklıqdan məhrum edilmiş" (mülkiyyəti əlindən alınmış) kəndlilərin övladları isə çox vaxt uşaq evlərinə göndərilir və orada tam ruslaşmaya məruz qalırdılar .
1937–1938-ci illərin Böyük Terroru dövründə NKVD orqanları milli respublikaların alimlərini, yazıçılarını, fotoqraflarını, kinorejissorlarını, musiqiçilərini və tarixçilərini ya edam etmiş, ya da sürgünə göndərmişdi; məsələn, Ukrayna ilə bağlı vəziyyətdə onlardan bəzilərinin cəsədləri Kiyev yaxınlığındakı Bikivnya meşəsində basdırılmış, digərləri isə Solovki Xüsusi Təyinatlı Düşərgəsində saxlanıldıqdan sonra Sandarmoxda güllələnmişdi . Oxşar hadisələr Ukraynanın qərb bölgələrində həm Polşa Respublikası, Rumıniya Krallığı və Çexoslovakiyanın tərkibində olduqları dövrdə, həm də SSRİ-yə birləşdirildikdən sonra — əvvəlcə 1939–1941-ci illərdə, daha sonra isə 1944–1953-cü illərdə — baş vermiş və bu proses "Qərb" əməliyyatı zamanı kulminasiya nöqtəsinə çatmışdır. Xruşşov dövründəki yumşalma zamanı Ukrayna mədəniyyəti müəyyən dərəcədə çiçəklənmə və geniş yayılma dövrü keçirdi; lakin müharibələrarası dövrdə bolşevik siyasəti və İkinci Dünya Müharibəsi hadisələri nəticəsində Ukrayna əhalisinin məruz qaldığı ağır demoqrafik itkilər səbəbindən o, heç vaxt kütləvi şəkildə dirçələ bilmədi .
Leonid Brejnevin hakimiyyəti illərində gündəlik həyatda Ukrayna milli geyiminin geyinilməsi, dildən istifadə və musiqinin ifa edilməsi dissidentlərə rəğbət əlaməti kimi qəbul edilir və KQB tərəfindən təqib olunurdu. Xüsusilə, şair Vasil Stus yaradıcılığına görə dəfələrlə təqiblərə məruz qalmış və həbsdə vəfat etmişdi. Perestroyka dövründə, ilk növbədə Memorial insan hüquqları təşkilatının Ukrayna bölməsinin fəaliyyəti sayəsində Ukrayna mədəniyyətinin geniş şəkildə təbliği dalğası yarandı. NKVD və KQB arxivlərinin ictimaiyyətə açılması siyasi repressiya qurbanlarının gizli dəfn yerlərinin – xüsusilə də Bikivniyadakı məzarlıqların – aşkar edilməsinə səbəb oldu. . 1991-ci ildə Ukraynanın müstəqilliyinin elan edilməsindən sonra Sovet senzurasından azad olma və Ukrayna milli kimliyinin dirçəlişi baş verdi .
Müasir dövrə qədər Ukrayna yüksək dərəcədə ənənəvi bir ölkə olaraq qalmış, burada müəyyən adət və təcrübələrə riayət etmək mədəniyyətində mərkəzi rol oynamışdır. Bir çox mühüm Ukrayna bayramları və tədbirləri köhnə Yuli təqviminə əsaslanır və buna görə də Qriqorian təqvimi ilə fərqlənir. Bunlara Milad və Yeni il axşamı daxildir ki, hər ikisi Ukrayna mədəniyyətində çox önəmlidir. thumb|Qriqori Skovorodaya həsr olunmuş muzey Rusiya hava zərbəsi nəticəsində dağıdılıb Rusiyanın Ukraynaya hücumu zamanı Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin məlumatına görə, 1945 mədəni infrastruktur obyekti zərər görmüşdür. Ruslar tərəfindən zədələnmiş və ya məhv edilmiş mədəni müəssisələrə mədəniyyət klubları, kitabxanalar, muzeylər, qalereyalar, teatrlar, zooparklar və incəsənət təhsili müəssisələri daxildir. Zədələnmiş obyektlərin bərpası üçün təxminən 10 il tələb oluna biləcəyi ehtimal edilir.
Ənənələr
Bayramlar thumbnail|Milad bayramı ikonası. 1670-ci il.
Ukraynada ictimai bayramlar dini və milli ənənələrə əsaslanır. 2025-ci il üçün Ukraynada 11 rəsmi dövlət bayram mövcuddur, lakin ölkədə hərbi vəziyyət səbəbindən bu bayramlar iş günü kimi qeyd olunmur. Ənənəvi olaraq, bayram həftəsonuna təsadüf edərsə, növbəti iş günü istirahət günü olur. Ukrayna Nazirlər Kabineti bəzən bayramlar arasında qalan bir və ya iki iş gününü şənbə gününə keçirməyi tövsiyə etmişdir ki, insanlar fasiləsiz tətil keçirə bilsinlər. Ölkədə dini bayramlar əvvəllər Yuli təqviminə əsasən qeyd olunurdu, lakin 2023-cü ilin sentyabrından Ukrayna Pravoslav Kilsəsi və Ukrayna Yunan Katolik Kilsəsi yenidən işlənmiş Yuli təqvimini qəbul edərək Milad bayramını 25 dekabrda rəsmi bayram kimi təsdiqləmişdir. Bu dəyişiklik 2017–2022-ci illərdə Milad bayramının iki fərqli tarixdə (7 yanvar və 25 dekabr) qeyd olunmasından sonra vahid tarixə keçidi təmin etmişdir.Poroshenko Signs Law Declaring 25 December Public Holiday , Radio Free Europe/Radio Liberty (29 November 2017)