Fransua Leons Verni (; ) – Fransa leytenantı və dəniz mühəndisi. O, Yaponiyanın müasirləşməsi prosesində vacib rol oynamış, Yaponiyada Yokosuka dəniz arsenalı və digər infrastruktur layihələrinə rəhbərlik etmişdir.

İlk illəri Leons Verni 2 dekabr 1837-ci ildə Fransanın Ardeş departamentində yerləşən Obena şəhərində doğulmuşdur. 1856–1858-ci illərdə Fransa Politexnik Məktəbində, 1858–1860-cı illərdə Fransa Dəniz Mühəndisliyi Tətbiqi Məktəbində oxumuşdur. 1860-cı ildə məzun olduqdan sonra Brestdə yerləşən dəniz arsenalında işləməyə başlamışdır.

Karyerası

Çin Verni 1863–1865-ci illərdə Ninbo və Şanxayda gəmiqayırma layihələrində işləmişdir. Fransa hökumətinin göstərişi ilə Ninboda 18 ay ərzində 4 gəmi tikmək tapşırığı ilə vəzifləndirilmişdi.

Yaponiya Leons Verni 1865-ci ildə Yaponiyada hökumət tərsanəsinin tikilməsi üçün Tokuqava hökuməti tərəfindən ölkəyə dəvət olunmuşdur. Belə ki, şoqunluğun siyasətçisi Oguri Kozukenosuke Tadamasa Yaponiyanın müstəqil gəmiqayıranlara ehtiyacı olduğunu düşünürdü. Verni Fransanın Yaponiyadakı nümayəndəsi və qohumu olan Leon Roş tərəfindən tövsiyə olunmuşdur. Verni illik 10 min dollarlıq maaaşı qəbul edərək 1865-ci ilin sentyabrında Yaponiyaya gəlmişdir. O, Yokosukada hökumət tərsanəsinin tikintisində iştirak edəcək personalı və lazım olan avadanlıqları seçmək üçün Fransaya yollanmış, 1866-cı ilin iyununda Yaponiyaya qayıdanda özü ilə həkim, mühəndis və Brest, Tulon, Şerbur kimi Fransa tərsanələrindən 42 işçi gətirmişdir. Tokuqava şoqunluğunun 1868-ci ildə devrilməsindən öncə Verni Yokohamada kiçik tökməxana açdırmış, Naqasakidə yerləşən kiçik tərsanəni böyütmüş və Yokosukada yeni tərsanənin tikintisi üçün yer seçmişdir.

Meyci hökumətinin hakimiyyətə gəlməsindən sonra Verni ilə əməkdaşlığa davam edilmişdir. Verninin rəhbərliyi altında 1870-ci ilə qədər Kannonzaki, Nocimazaki, Coqaşima və Şinaqavada dörd dəniz fənəri tikilmişdir. 1872-ci ilin yanvarında İmperator Meycinin iştirakı ilə Yokosuka dəniz arsenalının açılışı baş tutmuşdur.

Verni Yokosukadakı tərsanədə Koşa adlı texniki məktəb qurmuş, yaponlara Qərb memarlığı və sənaye texnikaları, eləcə də, metrik sistem barədə dərslər demişdir. Bu məktəb 1865–1907-ci illərdə 300-dən çox mühəndis və texnik yetişdirmişdir.

1876-cı ildə Verni Fransaya qayıtsa da, Yaponiya hökuməti üçün fransız mühəndislərinin tapılmasında və avadanlıqların alınmasında kömək etməyə davam etmişdir. O, Yaponiya karyerası ərzində 5 gəmi tikdirmiş və 263 gəmi (101 xarici, 162 yapon gəmi) təmir etdirmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Fransa mühəndisləri Kateqoriya:Meyci hökumətinin xarici məsləhətçiləri Kateqoriya:Yaponiyada xarici pedaqoqlar Kateqoriya:Yaponiyadakı Fransa qürbətçiləri Kateqoriya:Mayak inşaatçıları