Mardinin mühasirəsi — 1616-1517-ci illər arasında Süleyman bəy Ustaclı komandanlığı altındakı Səfəvi ordusu ilə Bıyıklı Mehmed Paşa komandanlığındakı Osmanlı ordusu arasında baş tutmuş mühasirə döyüşüdür. Mardinin sonda Osmanlı hakimiyyətinə keçməsinə nəticələnmiş mühasirədə Osmanlı ordusu qələbə qazanmışdır.

Arxa plan Bıyıklı Mehmed Paşa komandanlığındakı Osmanlı ordusu 1516-cı ilin may ayında baş vermiş Qoçhisar döyüşündə Səfəvi ordusunu məğlub etdi. Bundan sonra da Mardindəki Səfəvi qarnizonu mühasirəyə alındı. Bu zaman Misir səfərinə çıxan Səlim Mardini mühasirəyə alan Osmanlı komandanı Bıyıklı Mehmed Paşanı da özünə qoşulması üçün çağırdı. Dəli Xosrov Paşanı mühasirəyə almış ordunun rəhbərliyinə buraxan Mehmed Paşa Səlimə qoşulmaq üçün yola düşdü və 3 avqustda ona qatıldı. 24 avqust 1516-cı ildə baş vermiş Mərcidabık döyüşündə sol qanad komandanı olan Bıyıklı Mehmed Paşa Osmanlı ordusunun Hələbi ələ keçirməsindən sonra Mardindəki mühasirəyə rəhbərlik etmək üçün sultanın ordusundan ayrıldı.

Döyüş Səfəvi qarnizonu o qədər də çox olmayan Osmanlı ordusuna komandanlıq edən Xosrov Paşa tərəfindən iyun ayından etibarən mühasirədə idi. 1516-cı ilin sonunda və ya 1517-ci ilin əvvəlində Mardinə çatan Bıyıklı Mehmed Paşa özü ilə birlikdə xeyli sayda top gətirmişdi. Səfəvi qarnizonunun komandanı olan Süleyman bəy Ustaclının da sonu digər qardaşları kimi oldu. O da, Osmanlı ilə müharibədə həyatını itirən qardaşları Məhəmməd xan Ustaclı və Qara xan Ustaclı kimi öldürüldü. Qətlə yetirilən Süleyman bəyin başı kəsilərək Səlimə göndərildi. Həmçinin qaladakı bütün qızılbaş ordusu sona qədər döyüşdü, sağ qalanların hamısı qətlə yetirildi.

Nəticəsi Mardin ələ keçirildikdən sonra Osmanlı qüvvələri Rakka, Urfa, Batman və Mosul kimi Dəclə-Fərat hövzəsindəki önəmli şəhərləri ələ keçirməyə başladı. Bundan başqa, Mardinin mühasirəsi Dəclə-Fərat yürüşünün son mühüm döyüşüdür.

Bu döyüşdə də artilleriya qüvvələri baxımından Osmanlı dövlətindən geri qalan Səfəvi ordusu bu zəifliyinə görə məğlub olmuş və mühüm ərazilər itirmişdir.

Həmçinin bax Kemahın mühasirəsi Diyarbəkir mühasirəsi Bayburt mühasirəsi Çaldıran döyüşü Qoçhisar döyüşü Ovacıq döyüşü

İstinadlar

Kateqoriya:Döyüşlər Kateqoriya:1516-cı ildəki hadisələr Kateqoriya:1517-ci ildəki hadisələr Kateqoriya:Səfəvi–Osmanlı müharibələri Kateqoriya:Türkiyədəki döyüşlər Kateqoriya:Azərbaycanın hərb tarixi Kateqoriya:Səfəvilərin döyüşləri Kateqoriya:Osmanlı imperiyasının mühasirələri