İbrahim Şahin oğlu Sadıqlı () — Azərbaycan Müdafiə Nazirliyi Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələrinin giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Bioqrafiya İbrahim Şahin oğlu Sadıqlı 1993-cü il, iyunun 28-də Bakı şəhərində anadan olub.
2000–2008-ci illərdə Binəqədi rayonu 292 saylı tam orta məktəbdə təhsil alıb. 2008-ci ildə sənədlərini 6 saylı peşə liseyinə verib və 2011-ci ildə oradan məzun olub.
2011-ci ildə Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011–2013-cü illərdə N saylı hərbi hissədə xidmət edib.
2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı kursu"nu bitirib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 12 aprel 2016-cı il il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 4 il ərzində Motoatıcı Manqa (BTR T-82A) Komandiri - Döyüş Maşını Komandiri, Snayper Qrupunun Komandiri - snapyer vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə komandiri olduğu snayper manqasının üzvləri ilə fərqlənib. Oktyabrın 3-də Füzuli istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. 2 saylı Şəhidlər Xiyabanı dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Subay idi.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar