Günəş şüalarının orqanizmə təsiri — Günəş canlılar üçün həyat mənbəyidir, onun orqanizmə sonsuz faydası var. Onlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirdir. Günəşin fotosintez, D vitamini yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir göstərmək kimi böyük əhəmiyyəti var.
D vitamini uşaq və yaşlılar üçün xüsusilə xeyirlidir, bədəndəki kalsium tarazlığını qoruyur, sümüklərin və bədən quruluşunun inkişafında mühüm rol oynayır. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də günəş şüaları məsləhət görülür. Günəş işığı həm də estetik görünüş verir, xoşbəxtlik hormonu ifrazını artırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
Günəşdən gələn 3 cür şüa var və onların hər birinin fərqli təsiri var.
Əvvəllər yer səthinə A və B ultrabənövşəyi şüaları çatırdı, indi onlara S şüası da əlavə olunub. S şüaları ozon təbəqəsinin ən zərərli şüa növüdür. Əməliyyat otaqlarında sterilizasiya məqsədilə istifadə edilir. A ultrabənövşəyi şüaları radiasiya, dərinin erkən yaşlaşmasıvə qırışların yaranmasına səbəb olur. B şüaları dərinin üst təbəqəsinə nüfuz edir və yay aylarında daha çox təsir göstərir. Melaninlə əlaqəyə girəndə gözəl piqmentasiya yaradır, yəni uzun müddət arzu edilən qaralmaya səbəb olur. B və S ultrabənövşəyi radiasiyaları birlikdə dəri xərçəngi riskini artırır.
Günəşin zərərli təsirindən qorunmaq yolları var. Mütəxəssislər gələcəkdə müxtəlif xəstəliklərə düçar olmamaq üçün günəş şüalarının mənfi təsirlərindən vaxtında qorunmağı məsləhət görürlər. Günün altında geniş kənarları olan şlyapa qoymaq, eynək taxmaq, açıq rəngli yüngül geyimlərdən istifadə edilməlidir. Günəşdən qoruyan möhkəm toxumalı paltarlar geyinmək lazımdır. Buludlu havalarda günəş radiasiyası yarıbayarı azalır, buna baxmayaraq həmin hava şəraitində də qorunmaq, kölgədə qalmağa çalışmaq lazımdır. Ona görə də günorta saatlarında açıq havada olmaq məsləhət deyil. Bol maye qəbul etmək də vacib şərtlərdən biri sayılır.
Dəriyə təsir Günəş işığındakı ultrabənövşəyi (UV) şüalanma ətraf mühit və insan üçün karsinogen hesab olunur. Təbii günəş işığı və terapevtik süni lampalardan gələn UV-şüalanmanın toksik təsiri insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Dərinin səth lipidləri, o cümlədən doymaşmamış lipidlər — skvalen, sebalin turşusu, linoleik turşu və xolesterol — singlet oksigen və ozon, həmçinin azad radikallar tərəfindən oksidləşə bilər. Ultrabənövşəyi şüalar lipoksigenazanı və siklooksigenazanı aktivləşdirərək lipidlərin spesifik fermentativ oksidləşməsinə səbəb olur. Azad radikallar vasitəsilə baş verən lipidlərin peroksid oksidləşməsi çoxsaylı oksidləşmə məhsullarının əmələ gəlməsinə gətirib çıxarır ki, bunlar müxtəlif dəri xəstəliklərinə səbəb ola bilər.
UVB mRNT-ə zərər verir. Bu, dəridə iltihaba və günəş yanıqlarına gətirib çıxaran sürətli yolu işə salır. mRNT zədələnməsi ilkin olaraq ribosomlarda, ribotoksik stressə cavab olaraq ZAK-alfa adlı zülal vasitəsilə reaksiya yaradır. Bu reaksiya hüceyrə nəzarət sistemi kimi fəaliyyət göstərir. Sonra RNA zədəsinin aşkar edilməsi iltihabi siqnalizasiyaya və immun hüceyrələrinin cəlb olunmasına səbəb olur. Məhz bu, daha yavaş aşkar olunan DNT zədələnməsi deyil, UVB təsiri altında dəridə yaranan iltihab və kəskin günəş yanığının əsas səbəbidir.
Müxtəlif prosedurlardan sonra dərini günəş işığından qorumaq xüsusilə vacibdir. Estetik əməliyyatdan sonra isti havada bərpa dövründə günəş şüalarına məruz qalmanı minimallaşdırmaq və əməliyyat sahəsini qorumaq üçün ehtiyat tədbirləri görmək vacibdir. Günəşdə həddindən artıq qalmaq ödemin artmasına, uzunmüddətli iltihaba və həssas toxumaların potensial zədələnməsinə gətirib çıxara bilər.
Gözlərə təsiri Günəş işığının uzunmüddətli, xüsusilə intensiv ultrabənövşəyi şüalanmaya məruz qalması kortikal katarakta ilə əlaqəli ola bilər və yüksək səviyyədə görünən işıq makulyar degenerasiya ilə bağlı ola bilər. Bununla belə, miyopiyanın qarşısını almaq üçün uşaqların gündəlik olaraq parlaq işığa kifayət qədər məruz qalması lazım ola bilər.
Qısa müddətli həddindən artıq məruz qalma qar korluğu (fotokeratit) yarada bilər; bu, korneanın günəş yanıqlarına oxşardır və ya günəş retinopatiyası — günəşə baxmaqdan yaranan uzunmüddətli retina zədələnməsi və görmənin pisləşməsidir.
İstinadlar
Kateqoriya:Günəş