1948-ci il Ərəb–İsrail müharibəsi, Birinci Ərəb–İsrail müharibəsi və ya 1948-ci il müharibəsi (, hərb 1948) — 1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir.

Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi. Böyük Britaniyanın Fələstindəki siyasəti həm yəhudiləri, həm də ərəbləri narahat edirdi. Bu ərəblərin 1936-cı ildə üsyan qaldırması ilə nəticələndi. Üsyan 1939-cu ilə qədər davam etdi. Fələstində 1944–1947-ci illərdə yəhudi qiyamı baş verdi. 29 noyabr 1947-ci ildə BMT-nin Fələstin üçün Bölünmə planı vətəndaş müharibəsinin başlanması ilə nəticələndi. Bu plana görə Fələstin ərəb və yəhudi dövlətlərinə bölünməli idi. Yerusəlim və Betlehəm şəhərləri isə xüsusi beynəlxalq rejimin hakimiyyətinə verilməli idi.

Fələstində Böyük Britaniya mandatı rejiminin sona çatmasından dərhal sonra 14 may 1948-ci ildə Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası nəşr etdiyi bir bəyanat ilə İsrail dövlətinin qurulduğunu elan etdi. Yeni qurulan dövlətin sərhədləri haqqında "Eretz İsrail" istisna olmaqla heç bir bəyanat yox idi. ABŞ və Sovet İttifaqı növbəti gün İsraili tanıdılar.

15 may 1948-ci ildə vətəndaş müharibəsi İsrail ilə ərəb dövlətləri arasında müharibəyə çevrildi. Misir, Suriya və İraqın hərbi qüvvələri Fələstinə daxil oldular. İordaniya 2 mayda Yişuv elçiləri ilə baş tutan görüşdə müharibəyə girməyəcəyini bildirsə də, o da döyüşlərə qoşuldu. Ərəb qüvvələri Fələstin ərəbləri üçün nəzərdə tutulmuş bölgələri tutduqdan sonra İsrail ərazisinə hücuma keçdilər. Fasilələrlə 10 ay davam etmiş müharibə zamanı hərbi əməliyyatlar Fələstində, Sinay yarımadasında və cənubi Livanda keçirilmişdir.

Müharibənin nəticəsi kimi İsrail dövləti onun üçün nəzərdə tutulmuş torpaqlarla yanaşı Bölünmə planında ərəblər üçün nəzərdə tutulmuş torpaqların 60 faizini ələ keçirdi. Bura Yaffa, Lidda, Ramla, Neqevin böyük bir hissəsi, Təl-Əviv – Yerusəlim yolunun əksər hissəsi və İordan çayının qərbindəki bəzi ərazilər daxil idi. Qüds şəhəri İordaniya və İsrail arasında bölüşdürüldü. Misir Qəzzəni, İordaniya isə İordan çayının qərb sahilini ələ keçirdi. 1948-ci ilin 1 dekabrında keçirilmiş Çeriço konfransında 2 min fələstinli nümayəndə İordaniyaya birləşmək barədə qərar qəbul etdi.

1948-ci il müharibəsindən sonra müharibəyə qatılan ərəb ölkələrində siyasi rejim dəyişikliyinə gətirib çıxaran qarışıqlıqlar oldu. Ən əhəmiyyətli dəyişiklik Misirdə yaşandı. Misirdə Kral Faruq qiyam nəticəsində general Nəcib tərəfindən əvəz edildi.

Müharibə nəticəsində Fələstin qaçqınları anlayışı formalaşdı. Fələstin hələ mandatlıqda olarkən baş vermiş toqquşmalar və I Ərəb-İsrail müharibəsindən sonra təxminən 750,000 fələstinli ərəb öz evlərindən ya qovulmuş, ya da özü qaçmışdı. 1951-ci ildə BMT-nin Barışıq Komissiyasının hesabatına görə təxminən 711,000 fələstinli qaçqın var idi. BMT bu qaçqınlara yardım etmək üçün BMT Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyini () qurmuşdur. Ərəb dövlətləri isə fələstinli qaçqınları tam olaraq mənimsəməmiş, onlara, onların övladlarına vətəndaşlıq statusu verməmişdir (İordaniya istisna olmaqla). Hətta geri dönmək istəyənlərə icazə belə verilməmişdir.

Eyni şəkildə, bir çox ərəb ölkəsi də yerli yəhudi əhalisinə qarşı ayrı-seçkilik siyasətini həyata keçirməyə başladı. 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb ölkələrindəki yəhudilərin vəziyyəti həddən artıq pisləşdi. 1947-ci ilin dekabrında ərəb dünyasında böyük anti-yəhudi qiyamlar baş verdi. 1948-ci ilin ortalarında ərəb ölkələrindəki yəhudi icmalarına hücumlar edildi və onların qərargahları dağıdıldı. Nəticədə bir çox yəhudi ərəb və İslam ölkələrindən məcburi köçürülməyə məruz qaldı. Liviyada yəhudilərin vətəndaşlığı əllərindən alındı. İraqda mülkləri ələ keçirildi. 1956-cı ildə Misir yəhudi əhalisinin böyük bir qismini ölkədən qovdu. Əlcəzair isə müstəqilliyini 1962-ci ildə elan etdikdən sonra yəhudilərin sənədlərini əllərindən aldı. Yəhudilərin əksəriyyəti məcburi şəkildə köçürüldü, bəziləri isə ideoloji səbəblərə görə özləri köçdülər.

İkinci Dünya müharibəsi ərəfəsində yəhudilər və ərəblər İkinci Dünya müharibəsi zamanı Fələstin probleminin bir neçə xüsusiyyəti var idi. Bunların birincisi ərəblərin vəziyyətidir. Burada nəzərə çarpan ilk məsələ ərəblərin parçalanması, ikinci məsələ lidersizlik və üçüncü məsələ ərəblərin Nasist Almaniyasını dəstəkləməsi idi.

Ərəblərin parçalanmasının əsası mandat idarəçiliyi zamanı Hüseyni ailəsi ilə Neşaşibi ailəsi arasındakı rəqabət ilə başlamışdır. Hüseynilər ifratları, Neşaşibilər isə mötədilləri təmsil etmiş və iki ailə heç cürə ortaq nöqtə tapa bilməmişdir. Zamanla ərəb terrorist təşkilatlarının da meydana gəlməsi ilə bu fikir ayrılığı daha da artmışdır. Bu hadisənin eynisi yəhudilər üçün də olmuşdur, lakin ərəblərə nisbətən daha az parçalanma baş vermişdir. Çünki yəhudi terror təşkilatlarının demək olar ki, hamısı Dünya Sionist Təşkilatına çox sıx şəkildə bağlı idi. Buna görə də, Hacı Əmin əl-Hüseyninin heç bir zaman Dr. Vaytsmanın həm yəhudilər, həm də qərb hökumətləri üzərində sahib olduğu nüfuza sahib olduğu deyilə bilməz.

Fələstin ərəbləri üçün ikinci məsələ liderlik problemi olmuşdur. Burada da Vaytsman ilə Hacı Əmin əl-Hüseyninin müqayisəsi aparılmalıdır. Vaytsman Fələstinin xaricində yaşamasına baxmayaraq, özünü həm İngiltərəyə, həm də digər qərb hökumətlərinə qəbul etdirmiş və ifrat düşüncələr baxımından Qüds müftisindən heç də geri qalmadığı halda sionizmin lideri kimi etibar görmüşdür. Bununla belə, İngiltərə Qüds müftisinin Fələstində qalmasına belə icazə verməmişdir. Müharibə başladığı zaman Fələstin ərəblərinin liderlərindən heç biri Fələstində deyildi və müharibə illərində fələstinlilər lidersiz idi.

1937-ci il həbsləri zamanı Suriyaya qaçıb, buradan da Beyruta keçən Hacı Əmin əl-Hüseyni müharibə başladıqdan sonra 1939-cu ilin oktyabr ayında Bağdada getmişdi. Lakin 1941-ci ilin aprelində Rəşid Əli Geylani liderliyində baş vermiş almanpərəst çevriliş cəhdinin uğursuzluğundan sonra İngiltərənin İraqdakı nəzarətini gücləndirməsi Hacı Əmin əl-Hüseyninin də Bağdaddan qaçaraq Romaya getməsinə səbəb oldu.

İngiltərənin Qüds müftisinə qarşı bu mövqeyi sərgiləməsi Hacı Əmin əl-Hüseyninin müharibə zamanı Nasist Almaniyasına yaxınlaşmasına səbəb oldu. Buna görədir ki, o, 1941-ci ilin may ayında Bağdad və ittifaq dövlətlərinin radiolarında yayımlanan fətvası ilə bütün müsəlmanları İngiltərəyə qarşı cihada çağırdı. Bu fətvada Almaniya və onun müttəfiqləri barədə bir kəlmə belə bəhs edilməmişdir, lakin müfti Romaya getdikdən sonra Almaniya ilə daha yaxın təmas qurmuş və müharibə illərinin bir qismini Almaniyada keçirmişdir. Bu arada 28 noyabr 1941-ci ildə Berlində Hitlerlə 2 saata yaxın davam edən görüşü baş tutmuşdur. Bu görüşdə əl-Hüseyni özünün edəcəyi çağırışla ərəb ölkələrindəki bir çox ərəbi hərəkətə gətirə biləcəyini, lakin bundan əvvəl Hitlerin ərəblərə xitab edən bəyanat yayımlamasının lazım olduğunu bildirmişdi. Hitler belə bir bəyanatın yayımlanmasına tərəfdar olmamışdır, ona görə də 1941-ci ilin aprelindəki İraq hadisəsi uğurlu olsaydı, ərəblərin qurtuluş yolu açılacaqdı. Amma bu baş vermədiyi üçün Qafqaz cəbhəsindəki hadisələrin sonunu gözləmək lazım gəlirdi. O zaman Rostov yaxınlığında olan alman ordusunun hədəflədiyi Qafqaz ələ keçirildikdən sonra oradan cənuba eniləcəkdi. Ərəblərə ünvanlanmış bəyanatın da məhz o zaman verilməsi planlaşdırılmışdı. Əl-Hüseyni Hitlerlə gizli müqavilə imzalamaq istəsə də, Hitler belə bir müqavilənin gizli qalmayacağını əsas gətirərək bundan imtina etmişdir.

left|thumb|BMT tərəfindən təklif edilən Fələstinin ayrılması planı. 29 noyabr 1947-ci ildə qəbul edilmişdir.

Yəhudilər isə İngiltərənin müharibə səylərini dəstəkləyib, onunla müttəfiqlik etməklə bərabər, iki məsələdə İngiltərə üçün problem yaradırdılar. Bu məsələlərdən biri hələ müharibədən əvvəlki illərdə başlamış olan və getdikcə sürətini artıran qeyri-qanuni yəhudi köçləri idi. Yəhudi mənbələrinə görə təkcə 1939-cu ilin may ayında Fələstində qeyri-qanuni 37 min yəhudi yaşamaqda idi. 1939-cu ilin iyul-sentyabr aylarında isə 6,323 nəfər də qeyri-qanuni şəkildə gəlmişdi.

İngilis hakimiyyətinin qeyri-qanuni köçləri önləmək üçün işlər görməsi yəhudilərlə ingilislər arasında toqquşma dövrünün başlamasına səbəb oldu. Bu toqquşmalar Almaniya və müttəfiqlərinin geriləməyə başladığı 1943-cü ildən sonra daha da şiddətlənmişdir.

Digər tərəfdən, yəhudi terror təşkilatları da yeni fəaliyyətə başlayırdılar. Bu təşkilatlar oğurluq yolu ilə ingilis hərbi bölmələrindən silah və sursat əldə edirdilər. Əslində bu oğurluq üçün ingilis hərbçiləri özləri də şərait yaradırdılar. Beləcə, yəhudilər müharibədən sonra İngiltərəyə qarşı özlərini silahlı mübarizəyə hazırlayırdılar.

Müharibə ilə birlikdə ərəblərin lidersiz və dağınıq qalmaları yəhudiləri bir digər məsələdə də fəaliyyətlərini artırmağa sövq edirdi. Bu da yəhudi köçləri ilə yəhudilərin torpaq satın almalarının sərbəst buraxılması üçün İngiltərəyə təzyiq etmələri idi. İngiltərə isə buna razılıq vermirdi. Çünki müharibə dövründə belə bir şey etmək nəinki Fələstin ərəblərini, hətta bütün Orta Şərq ərəblərini üsyana qaldıra bilərdi.

Buna görə də İngiltərə tamamilə əks istiqamətə hərəkət edərək, 1939-cu il MakDonaldın Ağ Kitabının nəzərdə tutduğu yəhudilərə torpaq satışı limitlərini 28 fevral 1940-cı ildə qüvvəyə mindirdi. Qeyd etmək lazımdır ki, 1939-cu il Ağ Kitabı Fələstin torpaqlarını A, B və C deyə 3 bölgəyə ayırmış və ancaq 5 faiz təşkil edən C bölgəsində yəhudilərə torpaq satışı sərbəst buraxılmışdı.

Ərəblər bu qərardan razı qalarkən, Yəhudi Agentliyi milyonlarla yəhudi Nasist Almaniyasının zülmü altında olarkən qüvvəyə minən bu qərara etiraz edirdi.

Yəhudilər müharibədən sonra bir tərəfdən silahlı mübarizə hazırlıqları apararkən, o biri tərəfdən də siyasi mübarizə hazırlıqlarını axsatmırdılar. 9–11 may 1942-ci ildə Nyu-Yorkda Baltimor hotelində keçirilən Dünya Sionist Təşkilatının fövqəladə konqresində Baltimor proqramı deyilən sənəd qəbul edildi. 8 maddəlik qərarlardan ibarət olan bu proqramda 1939-cu il MakDonald Ağ Kitabı tamamilə rədd edilib keçərsiz sayıldığı bildirildikdən sonra "yəhudilərin vətənsizlik məsələsi son olaraq həll edilmədiyi halda zəfərdən sonrakı dünya nizamını sülh, ədalət və bərabərlik üzərində inşa etməyin qeyri-münkünlüyü" bildirilir və Fələstinin qapılarının yəhudilərə açılması, yəhudi köçlərinə nəzarətin Yəhudi Agentliyinə verilməsi istənilirdi. Qısası, Fələstində yəhudi əhalinin çoxluq təşkil etdiyi dövlətin qurulması nəzərdə tutulurdu. İkinci Dünya müharibəsi Fələstin ərəbləri arasında olmasa da, ərəb ölkələri arasında nisbətən birliyin meydana gəlməsinə səbəb oldu. Ərəb dövlətləri 1944-cü il 25 sentyabr—7 oktyabr günlərində İsgəndəriyyədə Ərəb Liqasının qurulmasını təmin edəcək ilk iclaslarını keçirdilər. Bu iclasda Fələstin ərəblərinin daha əvvəl rədd etmiş olduğu 1939-cu il MakDonald Ağ Kitabı "İsgəndəriyyə protokolu" adı ilə qəbul edildi.

İngiltərə müharibədən sonrakı mərhələdə Fələstin məsələsinin ona problem yaradacağını başa düşürdü. İngiltərənin 1945-ci ilin sentyabr ayına qədər bu məsələdə gördüyü 3 əsas iş vardır: