Məhəmməd Salah (, tam adı Məhəmməd Salah Həmid Qali; 15 iyun 1992, Qarbiya, Misir) — Türkiyənin Trabzonspor klubunun və Misir milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar Misir futbolçusu.

Peşəkar karyerasına 2010-cu ildə doğma vətənində — yetirməsi olduğu "Əl-Mokavlun Əl-Ərəb" komandasında başlayıb. 2017-ci ildən "Liverpul" komandasında çıxış edən futbolçu buna qədər ardıcıl olaraq "Bazel", "Çelsi", "Fiorentina" və "Roma" komandalarında forma geyinib. Salah erkən yaşlarından ölkəsini beynəlxalq arenada təmsil edir. O, 2011-ci ildə gənclərdən ibarət komandalar arasında dünya çempionatında, 2012 ildə isə Yay Olimpiya Oyunlarında çıxış edib. 2017-ci ildə əsas yığmanın heyətində Afrika Millətlər Kubokunun gümüş mükafatçısı olub. DÇ-2018-in seçmə mərhələsində 5 qol vuran Salah, Misir millisinin 28 illik fasilədən sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasında əsas pay sahiblərindən biri olub.

O, "Bazel" komandası ilə iki dəfə İsveçrə superliqasını (2012–2013, 2013–14), "Çelsi" komandası ilə isə Premyer Liqanı (2014–2015) və Liqa Kubokunu (2014–2015) qazanıb. 2012-ci ildə Afrikanın ən yaxşı gənc futbolçusu mükafatını alıb. 2013-cü ildə İsveçrə superliqasının ən yaxşı oyunçusu mükafatına layiq görülmüşdür.

Salah 2017-ci ildə Afrikada ilin futbolçusu, BBC-nin versiyasına görə Afrikada ən yaxşı futbolçu və Premyer Liqada ayın ən yaxşı futbolçusu (Noyabr) adına layiq görülüb. O, həmçinin Afrika Millətlər Kuboku turnirinin rəmzi komandasına düşüb.

Salah, İngiltərə Premyer Liqası tarixində eyni mövsümdə ən yaxşı futbolçu, ən yaxşı oyunqurucusu və bambardir mükafatını qazanan ilk oyunçudur.

Klub karyerası

Əl-Mokavlun Əl-Ərəb Salah "Əl-Mokavlun Əl-Ərəb" futbol klubunun yetirməsidir. O, 2010-cu il mayın 3-də "Əl-Mənsur" komandasına qarşı oyunda birinci komandanın heyətində debüt edib. 2010–11 mövsümündə Məhəmməd əsas heyətdə yerini möhkəmlədib. 2010-cu il dekabrın 25-də "Əl-Əhli" komandasına qarşı oyunda Salah komandanın heyətində ilk qolunu vurub. 2012-ci ilin əvvəlində Port-Səid stadionunda baş verən faciədən sonra Misirdə futbol çempionatının oyunları qeyri-müəyyən müddətə dayandırılıb.

Bazel Məhəmməd Salah 2012-ci ilin yayında İsveçrənin "Bazel" komandasına keçib. 23 iyun 2012-ci ildə Rumıniyanın "Styaua" komandasına qarşı keçirilən yoldaşlıq oyununda yeni klubunun heyətində debüt etmiş və ilk qolunu vurmuşdur. Klubun heyətində rəsmi debütü UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində Norveçin "Molde" komandası ilə görüşə təsadüf edib. O, avqustun 12-də "Tun" komandası ilə keçirilən görüşdə İsveçrə çempionatında debüt edib. Salah bu görüşdə "Bazel"in vurduğu bütün qollarda yaxından iştirak etmiş və komandasının 3:1 hesablı qələbəsində böyük pay sahibi olmuşdur. Avqustun 18-də "Lozanna" komandası ilə keçirilən görüşdə çempionatda ilk qolunu vurub.

Çelsi Çelsi klubunun qapısına vurduğu 3 qol və liqadakı performansı ilə diqqətini çəkən Salah, uzunmüddətli danışıqlardan sonra 23 yanvar 2014-cü ildə klubla razılığa gəldi və transfer Chelsea-nin rəsmi saytında elan edildi. Futbolçunun transfer məbləğinin isə 11 milyon funt sterlinq olacağı iddia edilirdi. Chelsea-nin baş məşqçisi Joze Mourinyo Salah haqqında: "O, hələ 21 yaşındadır və çox sürətli öyrənir. Sürəti onun ən böyük silahıdır. Artıq heç olmasa bizə qol vura bilməyəcək" demişdir.

Salahın Chelsea formasında keçirdiyi ilk oyun 8 fevral 2014-cü ildə komandanın Nyukasl Yunaytedi 3:0 hesabı ilə məğlub etdiyi İngiltərə Premyer Liqası matçı olmuşdur. 22 mart 2014-cü ildə Chelsea forması ilə ilk qolunu Arsenala qarşı 6:0 hesablı qələbə ilə başa çatan Premyer Liqa matçında Oskarın əvəzinə meydana daxil olduqdan sonra vurmuşdur. 5 aprel 2014-cü ildə isə Stok Sitiyə qarşı oyunda matçın ilk qolunu vurmuş, penalti qazandırmış və məhsuldar ötürmə edərək qarşılaşmanın 3:0 hesabı ilə başa çatmasında böyük rol oynamışdır.

2014–15 mövsümündən əvvəl Salahın Chelsea-dəki gələcəyi hərbi xidmətdən azad edildiyi məktəbdən xaric olunması və hərbi xidmətə çağırılması səbəbindən təhlükə altına düşmüşdür. Daha sonra Misir milli futbol komandası, Misir milli komandasının məşqçilər heyəti və Ali Təhsil Nazirliyi bir araya gəlmişdir. Baş nazir İbrahim Mahlabın açıqladığı qərara əsasən, Salahın hərbi xidmətə çağırışı ləğv edilmişdir.

2014–15 mövsümündə Salah ilk dəfə 13 sentyabr 2014-cü ildə 4:2 hesabı ilə qalib gəldikləri Suonsi Siti FK ilə matçın son 8 dəqiqəsində Sesk Fabreqasın əvəzinə meydana daxil olaraq oynamışdır. Liqa Kubokunun üçüncü turunda 2:1 hesabı ilə məğlub etdikləri Bolton Uonderersə qarşı 2014–15 mövsümündə ilk dəfə start heyətində meydana çıxmışdır. Salah liqada cəmi 3 dəfə meydana çıxdıqdan sonra Fiorentina klubuna icarəyə verilmişdir.

Fiorentinaya icarə 2 fevral 2015-ci ildə, transfer pəncərəsinin son günündə Xuan Kuadradonun transferinin bir hissəsi olaraq Salah 2015–16 mövsümünün sonuna qədər İtaliyanın Fiorentina klubuna icarəyə verildi. O, Port-Səid stadionunda baş vermiş hadisələrdə həlak olanların xatirəsinə 74 nömrəli formanı seçdi. 6 gün sonra, 8 fevralda, A Seriyasında Atalantaya qarşı 3:2 hesabı ilə başa çatan matçda 65-ci dəqiqədə Xoakinin əvəzinə meydana çıxdı. 14 fevralda Sassuolo ilə matçda ilk dəfə start heyətində yer aldı. Qarşılaşmanın 30-cu dəqiqəsində qol vurdu, 2 dəqiqə sonra isə Xuma Babakara məhsuldar ötürmə etdi. Fiorentina matçı 3:1 hesabı ilə qazandı. 26 fevralda UEFA Avropa Liqasının 1/16 final mərhələsində Tottenhem Hotspura qarşı Fiorentina forması ilə avrokuboklarda ilk qolunu vurdu. Fiorentina iki oyunun nəticəsinə görə 3:1 hesabı ilə qalib gəldi. 1 martda İnterə qarşı matçda komandasının qələbə qolunu vurdu. 4 gün sonra İtaliya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda Yuventusla qarşılaşmada 2 qol vuraraq komandasının 2:1 hesablı qələbəsinə kömək etdi. Mövsümün sonunda "Fiorentina" Salahın icarə müqaviləsini uzatmaq istəsə də, Salah bunu qəbul etmədi və A Seriyasının digər klubu Romaya keçdi.

Roma Məhəmməd Salah 2015-ci ildə Çelsidən əvvəlcə icarə əsasında, daha sonra isə daimi transferlə Romaya qoşulub. İtaliya klubunun heyətində A Seriyasında 65 matçda 29 qol vuran və 15-dən çox məhsuldar ötürmə edən Salah, 2017-ci ildə təxminən 42 milyon avro qarşılığında Liverpula transfer olunub.

Liverpul Mohamed Salah, 2017-ci ildə Liverpula transfer olundu. Klubda keçirdiyi müddətdə 430-dan çox oyunda 250-dən çox qol vurdu. Liverpulla Premyer Liqa və UEFA Çempionlar Liqasının qalibi oldu. Klub tarixinin ən məhsuldar futbolçularından biri hesab olunan Salah 2026-cı ildə Liverpuldan ayrılaraq Trabzonspora transfer olundu.

Trabzonspor Məhəmməd Salah 2026-cı ilin avqustunda İngiltərənin Liverpul klubundan ayrılaraq Türkiyənin Trabzonspor klubuna transfer olunmuşdur. 34 yaşlı misirli futbolçu Trabzonspor ilə 2 illik müqavilə imzalamışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Misir futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Bazel FK futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Birinci Diviziya/Premyer Liqa bombardirləri Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:FİFA Yüzlük Klubu Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:İsveçrədə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2025 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:2023 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Trabzonspor FK futbolçuları