III Yabalaxa, III Yahballaha, erkən illərində Rabban Markos və ya V Yahballaha (d. 1245-ö. 13 noyabr 1317) — Şərq Kilsəsinin 1281-ci ildən etibarən 1317-ci ilə qədər patriarxı. Şərq Kilsəsinin patriarxı kimi o, Hülakü hökmdarı Qazan xan və onun xələfi Olcaytunun hakimiyyəti dövrlərindəki təqiblər zamanı fəaliyyət göstərmişdir. O, Papanın üstünlüyünü qəbul etmiş və kilsə birliyi qurmağa çalışmışdır. Onun bu birlik üçün fəaliyyəti Şərq Kilsəsinin Nestorian yepiskopları tərəfindən rədd edilmişdir.
Koşanqin yerlisi olan III Yahballaha Monqol imperiyası tərəfindən idarə olunan Çindən gəlmiş və dərvişvari həyat yaşayan Rabban Bar Sauma ilə Qüdsü ziyarət etməyə çalışmış, lakin həmin dövrdə monqollarla Məmlük dövləti arasında müharibə olduğuna görə onlar bu istəklərinə çata bilməmişdirlər. Şərq Kilsəsinin patriarxı I Denha onları geri çağırmış və Markosu Kataylar və Onqların yepiskopu kimi təqdis etmişdir. Həmçinin ona Mar Yahballaha adı da verilmişdir. Hər bir halda, onların hər ikisi Mosulda yerləşən monastrılarda qalmağı seçmişdir.
Yahballahanın Şərq Kilsəsinin yeni patriarxı kimi seçilməsi Hülakü hökmdarı Abaqa xan tərəfindən siyasi səbəblərə görə qəbul edilmiş və o, 1281-ci ildə III Yahballaha adı ilə bu vəzifədə təqdis edilmişdir. 1281-ci ildə Abaqa xanın İslamı qəbul etmiş qardaşı Təkudar xan taxta çıxdı. Monqolların köhnə buddist qrupları və Nestorian xristianları ona qarşı çıxdılar. Buna görə də, yeni xan onlara qarşı təqiblərə başladı və Şərq Kilsəsi də bu qrupları dəstəklədiyi üçün təqibə məruz qaldı. Həbs edilən Yahballahanın həyatını isə yeni xanın xistian olan anası Qutuy Xatun xilas etdi. 1284-cü ildə Abaqa xanın oğlu Arqun yeni xan oldu və həm Yahballahanı, həm də Bar Saumanı böyük hörmətlə qarşıladı. Arqun Suriya və Misirdəki müsəlmanlara qarşı Avropadakı xristianlarla ittifaqın qurulmasının gərəkdiyini düşünürdü. O, bunu reallaşdırmaq üçün Yahballahanın da tövsiyəsi ilə Bar Saumanı Şərqi Asiyanın tarixdə Avropaya göndərilmiş ilk elçiliyinin rəhbəri təyin etdi və yola saldı. Əkkanın 1291-ci ildə müsəlmanların əlinə keçməsindən sonra Hülakü dövlətində İslama meyillənmə sürətləndi. Lakin Şərq Kilsəsi ilə dövlət arasındakı münasibətlər Arqunun varisi Keyxatu dövründə də yaxşı olaraq qalmağa davam etdi. Lakin Arqun bir digər oğlu Qazan xan taxta çıxdıqdan sonra müsəlmanlar üstünlük qazandılar. Qazan xan xristianların təqibinə başladı və Yahballaha yenidən həbs edildi. Lakin onun fisyəsi II Hetum tərəfindən ödənildi.
1289-cu ildə Yahballaha Dominikan Ordeninin keşişi olan Rikkaldo da Monte di Krokeyə nestorianlar arasında təbliğa aparmağa icazə verdi və onların heteredoks olması fikrindən əl çəkdi. O, Romadakı Katolik Kilsəsi ilə ittifaqa girməyin gərəkdiyini düşünürdü və bunun üçün danışıqlara başlayayaraq 1302-ci ildə Papa VIII Bonifaseyə, 1304-cü ildə isə Papa XI Benediktə məktublar yazdı. Sonuncu məktubda o, Katolik məzhəbinə keçdiyini bildirir və Papanın bütün xristianlıq üzərində ali hakimiyyətini tanıdığını elan edirdi. Lakin bu birlik Nestorian yepiskopları tərəfindən rədd edildi. 1304-cü ildə Qazan xanı Hülakü taxtında Olcaytu xan əvəz etdi və Yahballahanın uğursuzluqla nəticələnəcək xristianlara qarşı təqiblər yenidən başladıldı. O, 1317-ci ildə Marağada vəfat etmişdir.
Həyatının erkən dövrü O, türk tayfalarından olan onqutların paytaxtı Koşanq şəhərində dünyaya gəlmişdir. Onun aid olduğu etnik kökən dəqiq olaraq bəlli deyildir. Mar Yahballaha and Rabban Sauma Hekayətinə görə o, "şərq türkləri"ndən olmuşdur. XIII əsrdə yaşamış şərq xristianlarından olan Bar Hebraeusun Xronoqrafiya əsərində yazdığına görə, o, "uyğur, yəni türk" olmuşdur. Ərəb dilində yazılmış Nestorian patriarxın xronikası onu "Katay bölgəsində (yəni, Şimali Çin) doğulmuş türk" adlandırmaqdadır. Şərq Kilsəsi patriarxlarının iki siyahısı ondan türk olaraq bəhs etməkdədir və latın bulllarına görə, o, "şərq türkləri"ndən olmuşdur. Pier Giorgio Borbone iddia edir ki, o, Onqut tayfasına məxsus olmuşdur. Pier, Bar Hebraesun Yahballahanın uyğur olması iddiasını rədd edir və bu fikrini həmin dövrdə uyğurların Katay bölgəsində deyil, Turfan bölgəsində yaşaması ilə əsaslandırır. Haqqında əsas məlumat anonim bir müəllif tərəfindən aysorca yazılmış "Mar Yahballaha və Rabban Saumanın hekayəti" əsərində dövrümüzəcən gəlib çatıb. Əsər 1883-cü ildə Urmiyada Alman-Fransız missionerləri tərəfindən aşkarlanıb.
Hələ uşaq ikən o, nestorian rahibi olan Rabban Bar Saumanın şagirdi olmuşdur. İlk əvvəllər onlar çox güman ki Pekin şəhərinin müasir qərb bölgəsi olan Fanqşanda yerləşən Xaç monastrında yaşamışdılar. 1275/1276-cı illərdə Markos və Bar Sauma Qüdsə doğru səyahətə başladılar. Səyahətlərinin başlanğıcında Markos təxminən 30, Bar Sauma isə 48 yaşında idi. Onlar ilk növbədə Xanbalıq şəhərinə getdilər. Bar Sauma burada dünyaya gəlmişdi. Burada səyahətdə iştirak etmək üçün daha çox insan onlarla birləşdi. Bundan sonra onlar Koşanqa, Tanquta, Xotana və Qaşqara getdilər. Xotanda 6 ay qaldıqdan sonra Qaşqara keçən Markos və Bar Sauma buranı düşmən hücumuna görə əhalisi tərəfindən boşaldılmış halda tapdılar və Tyanşan dağlarının şimalında, müasir Qazaxıstan ərazisində yerləşən Taraz şəhərinə yönəldilər. Ora getmələrində əsas məqsəd Kaydu xana öz hörmətlərini təqdim etmək və onun torpaqlarından təhlükəsiz formada keçə bilmək üçün icazə almaq idi. Onlara bu icazə verildi. Bundan sonra onlar çox güman ki Səmərqənd və Buxara yolları ilə Xorasan bölgəsinə gəlib çatdılar. Müasir İran ərazisində yerləşən Məşhəd şəhərinin yaxınlığındakı Tus bölgəsinə çatan Markos və Bar Sauma buradan Azərbaycanın Marağa bölgəsinə gedərək patriarx I Denha ilə görüşdülər. Buradan Ərbilə gedərək Mosula yollandılar və Dəclə çayı boyunca Nisibis də daxil olmaqla müxtəlif nestorian monastırlarını ziyarət etdilər.
Onların Qüdsü ziyarət etmə hədəfləri monqollarla məmlüklər arasında meydana çıxan müharibəyə görə mümkünləşmədi. Bu zaman hər iki dövlətin sərhədi Fərat çayı boyunca keçməkdə idi. Hələ də Fələstinə çatmağa çalışan Markos və Bar Sauma Qafqaza səyahət edərək dəniz yolu ilə oraya getməyə çalışdılar. Lakin, onlar patriarx tərəfindən geri çağırıldılar, çünki patriarx onlara Çindəki kilsə üzərində hakimiyyət vermək istəyirdi. Patriarx Markosu Katay və Onq yepiskopu (müvafiq olaraq Şimali Çin və Onqut tayfasının yepiskopu) edərək ona Mar Yahballaha adı verdi. Bununla eyni zamanda, o, Bar Saumanı şərq ölkələri üçün sa'ora (qonaq yepiskop) və ümumi keşiş elan etdi. Yeni titullar onların ikisinin şərqə qayıtması demək idi; lakin onların hər ikisi özlərini yeni titullara layiq görməyərək monastırda qalmaqda israr edirdilər. Bundan sonrakı iki il ərzində onlar Mosul yaxınlığındakı monastırda qalmağa davam etdilər.
Patriarxlıq Patriarx I Denhanın ölümündən sonra nestorian yepiskopları Yahballahanı 1281-ci ilin noyabrında onun varisi seçdilər. Bu seçim Hülakülər dövlətinin hökmdarı Abaqa xan tərəfindən də təsdiqləndi. Onun patriarx olaraq seçilməsinin səbəbləri siyasi idi, çünki o, öz etnik köklərinə görə monqol-türk ənənələrinə, siyasi düşüncə tərzinə və dilinə sahib idi. Onun Süryani dili bilikləri qıt idi və ərəbcə heç bilmirdi. Digər nestorian yepiskoplarının iştirakı ilə o, 1281-ci ilin 21 noyabrında Kökhe kilsəsində III Yahballaha adı ilə patriarx elan edildi. Bundan sonra o, Münke xaqan tərəfindən onun patriarxlığını təsdiq edən yarlıq aldı. Onun əsas köməkçisi kimi uyğur əmiri, onun kimi xristian olan Aşmut təyin edilmişdi. İlk hakimiyyət mövqeyi Ktesifon olmağına baxmayaraq daha sonra kilsənin mərkəzini Təbrizə köçürmüşdü. Bu kilsə "ordu-kilsə" adlanırdı və çadırda yerləşirdi.
Abaqa xan 1282-ci ildə öldü və onu bu vəzifədə Təkudar əvəz etdi. O, İslamı qəbul etmiş bir monqol hökmdarı idi. Təkudarın monqol-türk elit təbəqəsi arasında öz populyarlığını itirməsindən sonra, nestorian xristianların və buddpərəstlərin "köhnə monqol" qruplaşması onun qardaşının oğlu Arqunu taxta gətirmək istəyirdilər. Onlar müdaxilə etməklə hədələyən Xubilay xana ondan şikayət etdilər. Buna cavab olaraq Təkudar Böyük Xaqana müraciətə görə onları ittiham etdi və III Yahballahanı həbsə atdı. Onun həyatını Təkudarın anası və xristian olan Qutuy Xatun xilas etdi. Təkudar 1284-cü ildə öz qardaşının oğlu Arqun xan tərəfindən taxtda əvəz edildi. Həm Yahballaha, həm də Bar Sauma həm Abaqa, həm də Arqun tərəfindən böyük hörmətə sahib idi.
Taxta çıxdıqdan sonra Arqun xan Misir və Suriyadakı müsəlmanlara qarşı avropalı hökmdarlarla ittifaq yaradılmasının gərəkdiyini düşünməkdə idi. O, Papa IV Honoriusa yazaraq Xubilay xanın onu "xristianların torpaqlarını azad etməklə" mükəlləf etdiyini bildirdi. Buna görə Arqun xan Yahballaha ilə məsləhətləşərək kimin Avropaya göndəriləcək elçiliyə rəhbərlik etməsinin gərəkdiyini öyrənməyə çalışdı. Yahballaha Bar Saumanın namizədliyini təklif etdi və bu təklif Arqun tərəfindən qəbul edildi. 1287-ci ildə Bar Sauma Qara dənizin cənub sahilində yerləşən Trabzona gəldi və iyunda İstanbula gedərək Bizans imperatoru Andronikos ilə görüşdü. Buradan Neapol krallığına keçən Bar Sauma orada II Karlla görüşdü. Romada olarkən o, Papa IV Honoriusun ölümü xəbərini aldı və onun əvəzinə Kardinallar Kollegiyası tərəfindən qarşılandı. Lakn onlar Arqunun müraciətinə yeni papa seçilməyənə qədər cavablandıra bilməyəcəklərini bildirdilər. Buradan Florensiyaya və Genuyaya gedən Bar Sauma Xalq Kapitanı ilə görüşdü. Genuyadan Lombardiyaya gedən Bar Sauma buradan Parisə keçdi və burada Fransa kralı IV Flipplə görüşdü. Parisdə bir ay qaldıqdan sonra Bar Sauma ingilis kralı I Eduardla görüşmək üçün Bordoya getdi. Hər iki kral görüşmələr zamanı ittifaq qurmaqda maraqlı olduqlarını ifadə etdilər. Romaya dönməmişdən əvvəlki son bir ayını Genuyada keçirən Bar Sauma burada olarkən hələ papa seçilməmiş növbəti papa IV Nikolayla görüşdü. Papanın Yahballahanı şərq xristianlarının patriarxı olaraq tanımasını ehtiva edən bull qəbul etməsindən sonra Bar Sauma 1288-ci ildə Hülakü imperiyasına geri döndü.
Dominikan Ordenindən olan Rikkaldo da Monte di Kroke 1289-cu ildə şərqə səyahətə çıxdı və orada 10 il yaşadı. Da Monte di Kroke, nestorianların doqmadan çox rituallara əhəmiyyət verdiklərinə şahidlik etdi. O yazır ki, onların liberal nikah anlayışı var idi, boşanmalara və yenidən evlənmələrə öz istəklərinə görə icazə verilirdi. Nestorianlar bəzən hətta qadınları da sünnət edirdilər və xəstələrin məsh edilməsi adətini qəbul etmirdilər. Onlar da həmçinin ətdən imtina edirdilər. Yahballaha bu cür heterodokslardan imtina etdi və 1290-cı ildə Monte di Krokeyə Bağdadda fəaliyyət göstərməyə icazə verdi.