Azərbaycanda Teatr Memarlığı- XIX əsrin birinci yarısının sonlarında tamaşa binaları artıq Azərbaycan şəhərlərinin srukturuna daxil idi. Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə fikirlər oyanır. Elm sübut edib ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə tamaşa oynanılan binanın texniki imkanları və texnologiyası da mühüm yer tutur. Teatr binasının arxitektura özəllikləri müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir.

Azərbaycan Teatr sənəti 1873-cü ildə başda görkəmli maarifçi Həsən bəy Zərdabi olmaqla bir qrup azərbaycanlı ziyalıların dahi Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasına səhnə həyatı verməsi ilə milli teatr tariximizin ilk səhifəsi yazıldı. Şərqdə ilk peşəkar teatrın məhz Azərbaycanda – bizim ölkədə yaranması mədəniyyət tariximizin əhəmiyyətli hadisəsidir. Əslində, tam haqla demək olar ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da teatr öz kökləri etibarilə çox qədimdir. Xalqın əmək fəaliyyəti ilə əlaqədar olan qədim ayinlər, mərasimlər, oyunlar, rəqslər, dərvişlərin, kəndirbazların meydanlardakı çıxışları, eləcə də, sinkretik (oxumaq, çalmaq, oynamaq) aşıq sənəti hərəkət, xor və dialoq kimi bir sıra teatr ünsürlərinə malik olmuşdur. Zaman keçdikcə bu ünsürlər müəyyən həyat məzmunu ifadə edərək, müstəqil şəkilə düşməyə və teatr tamaşalarının yaranması üçün əsas təşkil etməyə başlamışdır. Belə ki, milli teatr düşüncəsi və teatr sənəti xalqın mövcud tarixi ilə birbaşa bağlı olub, onunla bərabər yetkinlik taleyi yaşamışdır.

İlk Oyun yerləri Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Min illər boyu əsatir şənlikləri, el-oba oyunları, mərasim tamaşaları açıq havada, şəhər meyadanında, kənd içində, bazarda, karvansarada, zəmi kənarında, camaatın gur olduğu yerlərdə, hovuz üstündə, saray həyətində, ocaq başında, gül-çiçəkli yaylaqda və bu kimi yerlərdə göstərilib. Məhz ilk növbədə buna görə həmin oyun-göstərmələr meydan teatrı kimi ümumiləşdirilib. Kütləvi oyun yerləri xalq arasında müxtəlif deyimlərlə adlandırılıb. Onlardan dildə-ağızda daha çox işlədilənlərinin qısaca şərhini verməklə, oyun məkanlarının adları barədə müəyyən təsəvvürə gəlmək olar. Alan. Bu, müəyyən xalq oyunları üçün düzəldilən məkandır. Formaca yarımdairə və qövsvari olub. Ətrafına çoxlu tamaşaçı toplanmasına imkan vardı. Balaxan. Qədim elarası danışıq dilində "yuxarı otaq" mənasında işlənib. Açıq havada taxtadan və ya hamar yonulmuş ağac tirlərindən müvəqqəti qurulur və səhnə funksiyasını daşıyırdı. Bəzən arakəsməli çadırabənzər görkəmdə olurdu. Qaldırım. Süjetli qaravəlli tamaşalarının oynanılması üçün səkiyəbənzər, tamaşaçılar duran səviyyədən azacıq hündür yer. Bu, çəmən ola bilərdi və ya torpaq atılıb tez vaxtda hasilə gətirilirdi. Əndam. Sözün hərfi mənada anlamı görkəmli, iri mənasındadır. Ərəbcə bədən, boy, qədd-qamət, boy-buxun, biçimli adam deməkdir. Qədim dövrlərdə gəzərgi yox, bir məkanda çıxarılan oyunlar, göstərilən tamaşalar üçün seçilmiş böyük həyətin hündür yerinə, yaxud müvəqqəti qurulmuş, adamın dizi bərabəri meydançaya əndam deyilib. Gaj. Mənası görünən səhnə deməkdir. Məişətdə işlənən, qurşaqboyu hündürlüklü ağacdan düzəltmə taxt məzhəkə oyunlarında gətirilib meydançaya qoyulurdu və ona gaj deyilirdi. Asktyor-oyunçular onun üstündə tamaşa göstərirdilər. Geniş səkiyə taxta düzüb, oyun çıxarılan yerə də bu ad verilib. Mərəkə. Ərəb sözüdür, çoxlu mənaları var. Dilimizdə izdiham, qələbəlik, qalmaqal, vurhəşir, cəncəl anlamlarında da deyilir. Meydan oyunçuları arasında çox geniş mənada işlədilib. Tək və cüt oyunçuların, həmçinin dərvişlərin, naqqalların, məsxərəbazların, məzhəkəçilərin, hətta canbaz və kəndirbazların kütləvi tamaşalar göstərdiyi yerdir. Mərəkə yeri seçiləndə, adətən, uzun illər orada tamaşalar oynanılırdı. Mərəkə yerlərində tamaşaçılara şirniyyat, sərinləşdirici içkilər satanlar da olurdular. Burada daha çox tamaşaçı toplaşa bilirdi. Nümayişgah. "Nümayiş"- göstərmək, baxılan, görünən, "gah" isə yer, ev mənasındadır. Həmin mənadan götürülən bu deyim açıq teatr oynalınan məkan anlamında eşlədilib. Nəzərgah. Tamaşaxana, səhnə, oyun göstərilən mydan mənasını ifadə edən bu sözün işlənməsi İran Azərbaycanının yaşayış məkanları üçün daha xarakterikdir. Oynağlıq. Açıq oyun meydançalarına verilən ümumi adlardan biridir. Bu sözün oyaq, oynaqməkan deyimləri də var. Səhnəçə. Tamaşaçısı az olan, kiçiksüjetli, daha çox tək ifaçının göstərəcəyi oyun üçün iri mülkün həyəti, bazarın bir küncü, iki küçənin kəsişdiyi yer seçilirdi. Həmin yerlərə səhnəçə, yəni kiçik, yığcam, xudmani tamaşa yeri deyilirdi. Hovuzüstü. Saray həyətində, memarlıq qurumu dairəvi və ya dördkünc olan karvansaranın ortasında, şəhər bağında hündürlüyü yarım və ya bir metr olan hövuzun üstünə qalın taxtalar atılırdı. Sıx düzülən taxtaların üstünə xalça-palaz döşənirdi. Onun üstündə qısa məzmunlu, ancaq əyləncə xarakterli, sadə və gülməli tamaşalar göstərilirdi. Yayın istisində hovuzun suyu oyunçu-aktyorlara sərinlik gətiiridi. Çavıstan. Kənd oyun-tamaşalarının göstəriləcəyi gün çox vaxt əvvəlcədən bəlli ounurdu. Oyunun təşkilatçıları dikdir yerlərdən torpaq qazıb ortaya tökürdülər. Sonra onu hamarlayırdılar. Səki və ya səhnə kimi görünən yer çavıstan adlanırdı. Həngə. Bu, ən müxtəlif oyun və tamaşaların göstərildiyi yerə verilən addır. Bəzi ərazilərdə həmin yerə həndaməxana da deyirlər. Sözün mənası həngamə, yəni məzəli oyun çıxarılan yerdir. Şelaxana. Daha çox musiqili oyunlar göstərilən yerə deyilib. Müəyyən mənada tamaşaxana, seyrxana sözlərinin təhrif olunmuş şəklidir. Sadalanan bu tamaşa yerlərinin bir qismində, nisbətən iri sahəsində ifaçıların paltar dəyişməsi, qrim edib oyuna hazırlaşması, səhnə sözünü qurtarıb kənara çəkilən və növbəti çıxışını gözləyən aktyorun dayanması üçün camaatla səhnənin arxa hissəsi arasında pərdə çəkilirdi. Yaxud da araya vərni, şəddə, sumax, bir sözlə, yüngül olan xovsuz xalça tutulurdu. "Kulis", "şirma" mənasını verən həmin örtüyə çatma pərdə adı verilmişdi.

Teatr Memarlığı Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə isə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə də fikirlər oyanır. Elm sübut edib ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə tamaşa oynanılan binanın texniki imkanları və texnologiyası da mühüm yer tutur. Teatr binasının arxitektura özəllikləri müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir. Dünya teatrının müxtəlif inkişaf dövrlərində formalaşan bədii zövqlərə uyğun olaraq teatr tamaşalarının oynanılması üçün tikilən binaların memarlığında da böyük və əsaslı dəyişikliklər aparılmışdır.

Azərbaycan Rusiyaya birləşdirildikdən sonra yaranan ictimai-iqtisadi və siyasi şərait sayəsində və kapitalist münasibətlərinin digər müsəlman Şərq ölkələrindən tez inkişaf eməsi üzündən, Azərbaycan memarlığı XIX əsrin sonu –XX əsrin əvvəllərində yalnız Azərbaycan memarlıq tarixində deyil, Yaxın və Orta Şərqin memarlığında da xüsusi yer tutur.

XIX əsrin ikinci yarısından şəhərlərin iqtisadi rifahının artması mədəni həyatın canlanmasına, Avropanın teatr və sirk sənətinə marağın güclənməsinə səbəb olur. Azərbaycanın tamaşa qurmaları tikililərin müxtəlif memarlıq məziyyətlərinə baxmayaraq, şəhərlərin planlaşdırma və tikilişinə tamamilə yeni məzmun gətirdilər və şübhəsiz, onların bədii görünüşünü özünə görə maraqlı və monumental tikililərlə zənginləşdirdilər.

Şuşa Teatrı Azərbaycanda ilk həvəskar teatr tamaşası 1848-ci ildə Şuşada qoyulmuşdur. Şuşanın iqtisadi cəhətdən əlverişli güzəranı burada tamaşa binalarının, teatrın, sirkin yaranmasına səbəb oldu. Sırf bu məqsədlər üçün buna uyğun müxtəlif iri binalardan istifadə edilirdi. Şuşa teatrı özəl binada yerləşirdi. Müasirlərin fikrincə, o "gözəl dekorasiyalara, zövqlə işlənmiş lojalara malik idi və çoxsaylı tamaşaçı cəlb edirdi". Həmçinin Şuşada Lambergerin sirk tamaşalarının göstərildyi sirkin mövcudluğundan da xəbər verilirdi.

Şamaxı Teatrı Beləliklə, yeni memarlıq mövzusu – tamaşa qurumları mövzusu – olan tamaşa binaları artıq XIX əsrin birinci yarısının sonlarında Azərbaycan şəhərlərinin strukturuna daxil idi. Baxmayaraq ki, tamaşa qurmaları şəhərlərin həcm-fəza kompazisiyasında tam iştirak etmirdilər, lakin öz yeniliyi və xarakteri ilə öz varlıqlarını ifadə edirdilər.

Quberniya mərkəzi olan Şamaxı öz mədəni səviyyəsi ilə bir çox Qafqaz şəhərinin arasında seçilirdi. Burada 1857-ci ildən əhalinin artan marağına səbəb olan həvəskar tamaşalar qoyulurdu və bu hal yerli teatr həvəskarlarını 1858-ci ildə şəhərdə teatr təşkil etmək fikrinə gətirdi. Belə bir məsul qurma üçün Şamaxıda yer tapmaq çətin idi. Özəl binalar uyğun gəlmirdi, dövlət binası isə yox idi. Yeni teatr binasının inşasına vəsait də olmadı. Ancaq çıxış yolu tapıldı. Şəhərin mərkəzi rayonlarının birində "Duz mağazası"nın köhnə, boş iri daş binası təşəbbüskarların diqqətini cəlb etdi. Ölçülərinə və şəhərin planlaşdırma strukturunda yerləşməsinə görə "duz mağazası"nın binası bu məqsəd üçün daha münasib idi. Qafqaz namestnikindən dövlət binasının istifadəsi üçün razılıq alındıqdan və Şamaxı sakini Ağa bəy Zeynal bəy oğlunun rekonstruksiya üçün 1500 rubl vəsait ayırmasından sonra tikinti işlərinin aparılması üçün binanın yenidənqurma layihəsi tərtib olunmalı idi.

Lakin quberniya memarı italyan L.Kambiaco bu vaxt Şamaxıda olmadığı üçün teatrın təşkilatçıları onun gedişindən sonra şəhər memarı olan müavini Qasım bəy Hacıbababəyova müraciət etdilər. Lakin teatr binasının layihəsi, onun planlaşdırılması, bu tip binalara dair tələblər Zaqafqaziya şəhərləri üçün, özəlliklə Şamaxı üçün yeni memarlıq mövzusu idi. Memar Qasım bəy Avropa teatr binalarının spesifikasını bilməsə də, istedadlı bir insan kimi, işin mahiyyətini dərk edərək, şəhər teatrının çox özəl bir layihəsini tərtib etdi. Peşəkar teatrın xeyli sonralar yaranmasına baxmayaraq, Şamaxı teatrı Azərbaycanda ilk tamaşa binası olmuşdur. Teatrın açılışı 17 aprel 1858-ci ildə oldu və təntənəli şəkildə qeyd olundu.

Teatr binasının yaranması şəhərin mədəni həyatında böyük hadisəyə çevrildi. O şəhərin tikilişinin həcm-fəza strukturunda əhəmiyyətli rol oynadı, şəhərin mərkəzi rayonunun planlaşdırılma strukturuna təsir etdi və buranın tamaşa günlərində canlanma dərəcəsinə görə Cümə məscidinin qarşısındakı ticarət meydanını üstələyən Teatr meydanının təşəkkülünə səbəb oldu. Hakimiyyətin təmsilçiləri ilə təntənəli görüşlər də burada keçirilirdi. Əvvəlki "duz mağazası"nın köklü rekonstruksiyasından sonra teatr binasının istər xarici görünüşünə, istərsə də daxili interyerinə görə memarlıq baxımından cəlbedici göstəriciləri vardı.

Səhnənin rahat görnüşünü təmin edən geniş maili zalın 100 yerlik parteri vardı, yan tərəflərin hərəsində yeddi loja, səhnə ilə üz-üzə isə qapalı tip üç loja yerləşirdi ki, bunlar da varlı azərbaycan qadınları üçün nəzərdə tutulmuşdu. Lojaların üstündəki gözəl rayok qübbə tipli tavanla örtülən teatr zalının tutumunu artırırdı. İşlərin çətin şəraitdə aparılmasına baxmayaraq, zal çox effektli görünür, yaxşı işıqlanırdı və tamaşaçı üçün rahat idi.

100 yerlik parterdən savayı tamaşa zalında lojaların altında müvafiq aralıqla 120 əlavə yer quraşdırılmışdı. Tamaşa zalı boyunca yerləşdirilən lojalar 70 yer tuturdu, yəni dörd yer lojadan, səhnə ilə üz-üzə yerləşən rayok isə 90 yerə malik idi. Beləliklə, Şamaxının şəhər teatırı orta hesabla 400 yerlik nəzərdə tutulmuşdu ki, bu da Zaqafqaziyanın 25000 əhalisi olan quberniya mərkəzi üçün sanballı rəqəm idi.