Kapitan Cek Sərçə () ― "Karib dənizinin quldurları" film seriyasının əsas personajlarından biri. Personaj ssenaristlər Ted Elliot və Terri Rossio tərəfindən yaradılmış, Conni Depp tərəfindən canlandırılmışdır. Cek Sərçənin şəxsiyyətinin formalaşdırılması zamanı The Rolling Stones musiqi qrupunun gitaristi Kit Riçardsdan və "Looney Tunes" personajı Pepe le Püdən istifadə olunmuşdur. Personajın göründüyü ilk film 2003-cü il istehsalı "Karib dənizinin quldurları: Qara mirvarinin lənəti" filmi olmuşdur. Cek bütün növbəti filmlərdə də görünmüşdür: "Ölünün sandığı" (2006), "Dünyanın sonunda" (2007), "Qərib sahillərdə" (2011) və "Ölülər nağıl danışmır" (2017).

Filmlərdə Sərçə Yeddi dənizin quldur lordundan – Qardaşlıq yığıncağının 9 üzvündən biridir. O, fiziki güc əvəzinə ağlından istifadə etməklə və müzakirələr aparmaqla özünü çətin vəziyyətlərdən çıxara bilir, bacardıqca təhlükəli situasiyalardan yayınır və ancaq lazım olduqda döyüşə girişir. Cek Sərçə əvvəlcə tamaşaçılara ona üsyan edən Hektor Barbossa tərəfindən oğurlanmış Qara mirvari gəmisinin axtarışında olan quldur kimi təqdim olunur. Daha sonra qan borcu olduğu əfsanəvi Deyvi Consdan qaçmağa və Ost-İnd Ticarət Şirkəti ilə mübarizə aparmağa çalışır.

"Karib dənizinin quldurları" seriyası eyniadlı tema parkı attraksionundan ilhamlanaraq yaradılmışdır. Bu attraksion 2006-cı ildə yenilənmişdir və Cek Sərçə əlavə olunmuşdur. Disney's Hollywood Studios parkında onun şərəfinə adlandırılmış Kapitan Cek Sərçənin əfsanəsi adlı attraksion fəaliyyət göstərir. Bundan əlavə, personaj bir neçə spin-off romanının (məsələn, "Karib dənizinin quldurları: Cek Sərçə" uşaq kitab seriyası) baş qəhrəmanıdır.

Filmlər

Qara mirvarinin lənəti

Kapitan Cek Sərçənin göründüyü ilk film 2003-cü il istehsalı "Qara mirvarinin lənəti" filmidir. Cek Sərçə bir gəmi ələ keçirmək məqsədilə Yamaykadakı Port-Royal şəhərinə gəlir. Qubernator Uezerbi Suonnun (Conatan Prays) qızı Elizabet Suonnu (Keyra Naytli) xilas etsə də, quldurluğa görə həbs olunur. Həmin gecə lənətli quldur gəmisi Qara mirvari Port-Royala hücum edir və Elizabet qaçırılır. Qara mirvarinin kapitani Hektor Barbossa (Ceffri Raş) o və heyətinin başını alan qədim Astek lənətini aradan qaldırmaq üçün sonuncu qızılın axtarışındadır. Uill Törner (Orlando Blum) adlı dəmirçi Elizabeti xilas etmək üçün Sərçəni həbsxanadan çıxarır. HMS Interceptor gəmisini qaçırırlar və Haitidə yerləşən Tortuqa adasına yollanıb heyət yığırlar. Daha sonra Elizabetin olduğu Muerta adasına yollanırlar. Yolda Uill öyrənir ki, Sərçə Qara mirvarinin kapitanı olub, lakin 10 il öncə Barbossa gəmidə üsyan qaldıraraq gəmisini ələ keçirib, özünü isə kimsəsiz adada ölümə tərk edib. Sərçə Törnerə deyir ki, onun da atası quldur olub və "Butstrap" adı ilə tanınıb.

Xilasetmə işləri planlaşdırıldığı kimi getmir və Barbossa Cek ilə Elizabeti 10 il öncə Ceki atdığı adaya atır. Elizabet rom çəlləklərini yandıraraq Krallıq donanmasına siqnal verir və xilas olurlar. Sərçə komandir Ceyms Norrinqtonla (Cek Devenport) şərt kəsərək onu Qara mirvariyə aparmağa razılıq verir. Norrinqton əvvəlcə Uilli xilas etmək təklifini qəbul etmir, lakin Elizabet bunun əvəzində onunla evlənəcəyini deyəndə bunu qəbul etməli olur. Muerta adasında quldurlara qarşı həlledici döyüşdən öncə Sərçə Astek xəzinəsindən bir qızıl sikkə oğurlayır və özünü ölümsüz edir. Döyüş zamanı Uill lənəti sındırır, Cek on ildir üzərində gəzdirdiyi tapança ilə Barbossanı öldürür. Donanmaya xidmət etsə də, Sərçə edama məhkum edilir.

Sərçənin Port-Royaldakı edamı zamanı Uill onu xilas edir, lakin onlar çox tez yaxalanırlar. Elizabet araya girir və Uillə olan sevgisini etiraf edir. Sərçə bu imkandan istifadə edərək hündürlükdən dənizə tullanır. Qara mirvari və onun yeni heyəti düz vaxtında onu almağa gəlir və Cek Sərçə yenə gəmisinin kapitanı olur. Sərçənin zəkasından təsirlənən Norrinqton adamlarına onu təqib etməməyi əmr edir.

Ölünün sandığı

Birinci filmdəki hadisələrdən 1 il sonra Sərçə içində Kapitan Deyvi Consun (Bill Nayi) ürəyi olan Ölünün sandığının axtarışına çıxır. Deyvi Cons batmış Qara mirvarini sudan çıxardığı və Cek Sərçəni 13 il müddətinə kapitan etdiyi üçün Sərçənin ona qan borcu var. Bu borcu ödəmək üçün Sərçə Uçan Hollandiyalının göyərtəsində 100 il müddətində xidmət etməlidir, əks halda Deyvi Consun şkafında Kraken tərəfindən öldürüləcəkdir. Əgər o, Ölünün sandığını tapa bilsə ruhunu azad edəcək, Deyvi Consa və dənizlərə nəzarət edə biləcək.

Sərçə öz problemini həll etməyə çalışarkən Ost-İnd Ticarət Şirkətinin lordu Katler Bekketin (Tom Hollander) Sərçə ilə başqa planları var. Bekket də sandığı istəyir və Uill Törneri Sərçəni və onun sehrli kompasını axtarmağa məcbur edir. Törner Sərçə və onun heyətini Peleqosto adasında tapır: adada yaşayan adamyeyənlər Sərçəni yemək niyyətindədirlər. Onlar adadan qaçırlar və Tia Dalmaya (Naomi Harris) (daha sonra Kalipso adlı ilahə və Deyvi Consun keçmiş sevgilisi olduğu məlum olan sehrbaz qadın) gedirlər. Dalma Uillin gələcəyində kədər görür və Sərçəyə bir torpaq bankası verir. Deyvi Cons ancaq on ildən bir torpağa ayaq basa bilir, buna görə torpaq Sərçə üçün ən təhlükəsiz yerdir.

Sərçə Deyvi Consla yeni sövdəyə nail olur: onun ruhu əvəzinə 100 yeni ruh gətirəcəyinə söz verir. Cons razılaşır, amma Törneri gəmisində girov kimi saxlayır. Sərçə Tortuqada yeni heyət yığır, bu zaman Elizabet Suonn və içkiyə qurşanan Ceyms Norrinqtonla rastlaşır. Sərçə Elizabeti inandırır ki, əlindəki sehrli kompasla sandığı tapa biləcək və Törneri xilas edəcək. Onlar Krukes adasına yollanırlar və sandığın açarını oğurlayıb Consun gəmisindən qaçan Uilli tapırlar. Törner Consun ürəyini bıçaqlayıb atasını Consun xidmətçiliyindən qurtarmaq istəyir, amma Norrinqton ürəyi Bekketə çatdırmaqla karyerasını qaytarmaq niyyətindədir. Sərçə Deyvi Consu Krakeni çağırmamağa razı salmağa çalışır.

Consun adamları ilə döyüş zamanı Norrinqton ürəyi oğurlayır və Cons Krakeni çağırır. Krakenin hədəfində olan şəxsin Sərçə olduğunu dərk edən Elizabet onu Qara mirvarinin göyərtəsində tələyə salır: gəminin heyəti uzaqlaşarkən Sərçəni öpür və onun əlini dirəyə qandallayır. Kraken Sərçəni yeyir, gəmini və Sərçənin ruhunu Deyvi Consun şkafına çəkib aparır. Sağ qalmış heyət Tia Dalmanın evində yığışırlar. Tia Dalma Sərçəni xilas etməyin mümkün olduğunu bildirir: bunun eynisini Barbossanı həyata qaytarmaq üçün etmişdi.

Dünyanın sonunda

İkinci filmdəki hadisələrdən iki ay sonra Deyvi Consun ürəyini ələ keçirən və bütün dənizlərə nəzarət edən Katler Bekket bütün quldurları məhv etməyə başlayır. Bekketlə döyüşmək üçün Qardaşlıq yığıncağının 9 quldur lordu Şiprek körfəzində toplaşırlar. Çatışmayan tək şəxs əvvəlki filmin sonunda öldürülən və Deyvi Consun şkafına göndərilən Cek Sərçədir. Sərçə bu yığıncaqda mütləq iştirak etməlidir, çünki pirat lordunun simvolu olan öz "səkkizlik parçası"nı hər hansı bir varisə verməyib. Əgər 9 belə "səkkizlik parçası" bir araya gətirilməzsə, Bekketi məğlub etmək üçün dəniz ilahəsi Kalipsonu azad edə bilməyəcəklər. Elizabet Suonn, Uill Törner və Hektor Barbossa quldur lordu Syao Fendən (Çou Yun-fat) oğurladıqları naviqasiya xəritəsi ilə Deyvi Consun şkafına yollanırlar. Gəmi heyəti Sərçəni tapır, Sərçə naviqasiya xəritəsindəki tapmacanı həll edərək gəmi heyəti ilə birlikdə Deyvi Consun şkafından xilas olur.

Qardaşlıq yığıncağında Elizabet ölmüş Kapitan Syao Feni quldur lordu kimi əvəz edir və Cek Sərçənin özünə səs verməkdən imtina etməsi nəticəsində Quldur kralı seçilir. Cek Sərçə atası Kapitan Tiqlə (Kit Riçards) qarşılaşır. Bekket və Cons ilə aparılan müzakirə zamanı Sərçə onlar tərəfindən tutulmuş Törner ilə dəyişdirilir. Filmin uzadılmış versiyasında Sərçə Bekket ilə müzakirə apararkən məlum olur ki, o, bir dəfə Qara mirvarini Bekketin komandirliyi altında üzdürüb, lakin qulları daşımaqdan imtina etdiyindən gəmini tərk edib. Kalipsonun yaratdığı su burulğanı zamanı Qara mirvari Uçan Hollandiyalı ilə döyüşməyə başlayır. Döyüş zamanı Sərçə ölümsüz olmaq üçün Consun ürəyini oğurlayır. Cons Törneri ölümcül yaralayanda Cek fikrini dəyişir, Törnerin ürəyi bıçaqlamasına şərait yaradır. Nəticədə, Deyvi Cons ölür və Törner Uçan Hollandiyalının kapitanı olur. Qara mirvari və Uçan Hollandiyalı birlikdə Bekketin gəmisini məhv edir. Filmin sonunda Barbossa Sərçəni Tortuqada tərk edərək və Syao Fenin xəritəsini özü ilə götürərək yenə Qara mirvarinin kapitanı olur. Lakin Sərçə xəritənin naviqasiya hissəsini kəsib özü ilə apara bilir və Gənclik bulağının axtarışına çıxır.

Qərib sahillərdə

Gənclik bulağını tapa bilməyən Sərçə onun adından istifadə edib heyət yığan şəxsi tapmaq üçün Londona gəlir. Təqlidçini axtararkən Qibbsi edamdan xilas edir, lakin Britaniya ordusu tərəfindən yaxalanır. Mühafizəçilər onu kral II Georqa təqdim edirlər. Sərçə burada Barbossanın artıq Britaniya donanmasına xidmət etdiyini öyrənib təəccüblənir. Sərçə onlara Gənclik bulağını tapmaqda kömək etməyi rədd edir və qaçır. Tezliklə yolu təqlidçisi ilə kəsişir: bu, onun keçmiş sevgilisi Ancelikadır (Penelopa Kruz). Ancelika onu atası Qarasaqqal (İen Makşeyn) tərəfindən idarə olunan Kraliça Annanın qisası gəmisinin göyərtəsində işləməyə məcbur edir. Qarasaqqal ona Gənclik bulağına gedən yolu göstərməyi əmr edir.

Sərçə gəmidə Qarasaqqala qarşı üsyan qaldırmaq istəyir, lakin istəyi baş tutmur, Ancelikanı pis atasından xilas edir. Təhlükəli su pəriləri ilə qarşılaşdıqdan sonra İspaniya donanması, Barbossa və Sərçə Gənclik bulağının yerini tapırlar. Ancelika ağır yaralananda Sərçə hiylə işlədərək Qarasaqqalın qızının həyatı qarşılığında canını fəda etməsinə səbəb olur, buna görə də Ancelika atasının ölümündə Sərçəni günahlandırır. Sərçə və Ancelika bir-birilərinə qarşı hislər bəslədiklərinin fərqindədirlər, lakin Sərçə Ancelikanın ondan atasının qisasını ala biləcəyindən ehtiyat edib onu kimsəsiz adada tərk edir. Eyni zamanda Qibbs normal ölçüsünə qaytarmaq ümidi ilə Qarasaqqalın kiçildilmiş gəmilər kolleksiyasından kiçildilmiş Qara mirvarini götürür. Yenə ölümsüz olmaq imkanını əldən verən Sərçə Gənclik bulağını tapan şəxs kimi özünə təskinlik verir.

Ölülər nağıl danışmır

Gənclik bulağının axtarışından artıq 5 il keçib. Cek özü üçün kiçik bir heyət yığıb, lakin Qara mirvari hələ də butulkadadır, yeni gəmisi Ölmüş qağayı heç sahili tərk etməyib, son planları isə uğursuz olub. Bunun əvəzində rəqibi Barbossa yeddi dənizin ən varlı və güclü qulduru olub.

Sərçə və heyəti San-Martendəki yeni bir bankı qarət etməyə cəhd edirlər. Qarət uğurlu olur, lakin kassanı aparan zaman bütün qızıllar yolda düşür və heyət Sərçəni tərk edir. Ümidini itirən Cek sehrli kompasını bir butulka içki ilə dəyişir. Lakin kompası buraxması ona qarşı böyük kin bəsləyən bir düşməninin oyanmasına səbəb olur: mərhəmətsiz və ölümsüz quldur ovçusu Kapitan Salazar. Çox uzun müddət öncə Cek hiylə yolu ilə Salazarı məğlub etmiş və onu heyəti ilə birlikdə Şeytan üçbucağına sürükləmişdir. Nəticədə, Salazar və heyəti ölümsüz yaşamağa məhkum olunmuşdur. Salazar qeyd edir ki, Cek gəminin göyərtəsində "kiçik quş" kimi hərəkət edirdi, "Sərçə" ləqəbi buradan gəlir. Salazarı məğlub etdikdən sonra Cek sehrli kompasını və digər xarakteristik əşyalarını əldə etmişdir.