Arif Hüseynqulu oğlu Məmmədov () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ət və süd sənayesi naziri (1971–1985), Azərbaycan SSR Ali Sovetinin IX, X və XI çağırış deputatı (1975–1989), Azərbaycan SSR əməkdar mühəndisi (1981).

Fəaliyyəti Arif Hüseynqulu oğlu Məmmədov 2 noyabr 1929-cu ildə hazırkı Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1943-cü ildə kolxozda baytar-feldşer kimi başlamışdır. 1949-cu ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1954-cü ildə isə Moskva Ət-Süd Sənayesi İnstitutunu bitirmişdir.

Arif Məmmədov 1961–1962-ci illərdə Naxçıvan Vilayət Ət Tədarükü İdarəsinin rəisi, 1962–1963-cü illərdə Naxçıvan vilayət ət kombinatının direktoru olmuşdur. 1963–1965-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Ət-Süd Sənayesi İdarəsi rəisinin müavini, 1965–1968-ci illərdə Azərbaycan SSR ət və süd sənayesi nazirinin müavini, 1968–1971-ci illərdə isə Bakı ət kombinatının direktoru vəzifələrində işləmişdir. 1971-ci ildən Azərbaycan SSR ət və süd sənayesi naziri olmuş, 1985-ci ildə nazirlik Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinə birləşdirildikdən sonra bu komitədə sədr müavini vəzifəsində çalışmışdır.

Arif Məmmədov 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin IX, X və XI çağırış deputatı seçilmişdir. 1976–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının, 1981-ci ildən isə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.

"Qırmızı əmək bayrağı" (iki dəfə), "Xalqlar dostluğu" ordenləri və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmiş, 1981-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Arif Məmmədov 9 dekabr 1989-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər