Haaqa-Visbi qaydaları — konosament üzrə dənizlə yüklərin daşınması haqqında beynəlxalq qaydalar. Bu Qaydalar 3 sənəddən ibarətdir. Belə ki, tam adı "Konosamentə aid bəzi qaydaların unifikasiyası üçün Beynəlxalq Konvensiya" olan Brüssel Konvensiyası 25 avqust 1924-cü il tarixində qəbul olunmuşdur. O, qısaldılmış şəkildə Haaqa qaydaları adlanır. Bu Konvensiyaya (Haaqa qaydalarına) 1968-ci il tarixli Brüssel Protokolu ilə bəzi dəyişikliklər edilmişdir. Ona Visbi qaydaları deyilir. Dəyişikliklərlə birlikdə 1924-cü il Brüssel Konvensiyası Haaqa-Visbi qaydaları adlanır.
Əhəmiyyəti Qaydalar beynəlxalq dəniz yük daşımalarını tənzimləyən vacib sənəddir. O, bir sıra xarici ölkələrin dəniz hüququnun inkişafına ciddi təsir göstərmişdir. Onun əsas müddəaları bir çox dövlətlərin dəniz qanunvericiliyi tərəfindən qəbul olunmuşdur. Qaydalar, xüsusən, sovet dövrünün dəniz qanunvericiliyinə də təsir göstərmişdi. Keçmiş Sovetlər İttifaqı bu Konvensiyanın iştirakçısı olmasa da, Konvensiyanın əsas müddəaları 1968-ci il SSRİ Ticarət Gəmiçiliyi Məcəlləsində təkrarlanırdı.
Haqqında Qaydaların tərkib hissəsi olan Brüssel Konvensiyası iki haldan başqa, dəniz nəqliyyatı ilə istənilən yükdaşıma halına şamil edilir. Həmin iki hala aşağıdakılar aiddir: heyvanların daşınması; göyərtədə yük daşınması.
Brüssel Konvensiyası ilə, əsasən, üç başlıca məsələ tənzimlənir. Həmin məsələlərə aşağıdakılar aiddir: konosamentin hüquqi statusu; vurulmuş zərərə görə daşıyıcının məsuliyyəti; daşıyıcıya qarşı tələblərin irəli sürülməsi.
Qeyd olunan hər üç məsələ onu göstərir ki, Brüssel Konvensiyası dənizlə yük daşınması müqaviləsinin iştirakçıları arasındakı qarşılıqlı münasibətləri tənzimləyir. Belə ki, burada iştirakçıların (daşıyıcının, yükgöndərənin və yükalanın) hüquq və vəzifələri müəyyənləşdirilir.
Brüssel Konvensiyasının nizama salındığı əsas məsələlərdən biri konosamentin hüquqi statusu məsələsidir. Konvensiyaya görə, konosament dənizlə yük daşınması müqaviləsinin mövcud olması barədə sənəddir. Digər tərəfdən, o, yükün qəbul olunması faktını təsdiqləyir. Belə ki, Konvensiyaya görə, daşıyıcı yük qəbul olunduqdan sonra yükgöndərənin tələbi ilə konosament verir. Verilmiş konosament əgər başqa hal sübut edilməzsə, daşıyıcı tərəfindən yükün orada təsvir edildiyi kimi qəbul olunmasını sübut edir.
Daşıyıcının məsuliyyəti Konvensiyada daşıyıcının məsuliyyət daşımasına əsas ola bilən üç hal göstərilir. Həmin hallara aşağıdakılar aiddir: yükün itməsi; yükə zərər vurulması; yükün itməsi və ya yükə zərər vurulması ilə bağlı olan hal.
Daşıyıcı müəyyən hallarda məsuliyyətdən azad edilir. Konvensiya həmin halların siyahısını verir (cəmi 17 hal nəzərdə tutulur). Həmin hallara aşağıdakıları misal çəkmək olar: yanğın; dəniz riski; qarşısıalınmaz qüvvə; hərbi münaqişə; yük sahibinin hərəkəti və ya səhvi (xətası); tətil; qablaşdırmanın nöqsanlı olması; markalanmanın (nişanlanmanın) qüsurlu olması; gizli qüsurlar; daşıyıcının təqsiri və hərəkəti üzündən baş verməyən digər hallar və s.
Daşıyıcı həm də naviqasiya səhvinə görə məsuliyyət daşımır. Naviqasiya səhvi dedikdə gəmi kapitanının, matrosun, losmanın (dəniz bələdçisinin) və ya daşıyıcının xidmətçilərinin gəmiçilik elmində və yaxud gəminin idarə olunmasında yol verdikləri səhv başa düşülür. Əgər zərər naviqasiya səhvinə görə vurularsa, onda daşıyıcı zərərin əvəzini ödəməkdən azad edilir.
Daşıyıcı götürdüyü kursdan ağlabatan deviasiya (kənaraçıxma) hallarında da məsuliyyətdən azad edilir. Belə ki, bəzən dənizdə insan həyatını və ya əmlakı xilas etmək lazım gəlir. Bunun üçün daşıyıcı götürdüyü kursdan kənara çıxaraq, istiqamətini dəyişir və insan həyatını (və ya əmlakı) xilas edir. Belə halda zərər vurularsa, onda daşıyıcı zərərin əvəzini ödəməkdən azad edilir.
Konvensiya beynəlxalq nəqliyyat hüququna xarakterik olan məhdud məsuliyyət prinsipini müəyyənləşdirir. Bu prinsip daşıyıcının məsuliyyət həddinin müəyyənləşdirilməsinə əsaslanır. Konvensiyaya görə, daşıyıcının məsuliyyət həddi hər yük vahidi və ya yük yeri üçün 100 funt sterlinq müəyyənləşdirilir, bir şərtlə ki, yükün qiyməti konasamentdə yükgöndərən tərəfindən göstərilməsin. Əgər konosamentdə yükün qiyməti göstərilməzsə, onda daşıyıcı vurulmuş zərərin əvəzini hər yük vahidi və ya yük yeri üçün 100 funt sterlinqdən çox olmamaqla ödəməlidir.
Daşıyıcının məsuliyyəti barədə Brüssel Konvensiyasının müəyyənləşdirdiyi normalar dispozitiv deyil, imperativ xarakterə malikdir. Bu o deməkdir ki, yükdaşıma iştirakçıları öz razılığı ilə həmin normaları dəyişdirə bilməzlər. Əgər dəyişdirərlərsə, belə dəyişdirmə etibarsız hesab olunacaq və onun hüquqi qüvvəsi olmayacaqdır.
İstinadlar
Kateqoriya:Hüquq Kateqoriya:Beynəlxalq müqavilələr Kateqoriya:Boliviyanın müqavilələri Kateqoriya:Danimarkanın müqavilələri Kateqoriya:Gürcüstanın müqavilələri Kateqoriya:Yaponiyanın müqavilələri Kateqoriya:Əlcəzairin müqavilələri Kateqoriya:Antiqua və Barbudanın müqavilələri Kateqoriya:Argentinanın müqavilələri Kateqoriya:Avstraliyanın müqavilələri Kateqoriya:Baham adalarının müqavilələri Kateqoriya:Barbadosun müqavilələri Kateqoriya:Belçikanın müqavilələri Kateqoriya:Belizin müqavilələri Kateqoriya:Kabo-Verdenin müqavilələri Kateqoriya:Xorvatiyanın müqavilələri Kateqoriya:Kubanın müqavilələri Kateqoriya:Kiprin müqavilələri Kateqoriya:Müqavilələr Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Latviyanın müqavilələri Kateqoriya:Litvanın müqavilələri Kateqoriya:Lüksemburqun müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Dominikanın müqavilələri Kateqoriya:Ekvadorun müqavilələri Kateqoriya:Ficinin müqavilələri Kateqoriya:Finlandiyanın müqavilələri Kateqoriya:Polşanın müqavilələri Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:İrlandiyanın müqavilələri Kateqoriya:İspaniyanın müqavilələri Kateqoriya:İsrailin müqavilələri Kateqoriya:İsveçin müqavilələri Kateqoriya:İsveçrənin müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Kamerunun müqavilələri Kateqoriya:Keniyanın müqavilələri Kateqoriya:Kot-d'İvuarın müqavilələri Kateqoriya:Küveytin müqavilələri Kateqoriya:Qayananın müqavilələri Kateqoriya:Qrenadanın müqavilələri Kateqoriya:Qvineya-Bisaunun müqavilələri Kateqoriya:Madaqaskarın müqavilələri Kateqoriya:Mavrikinin müqavilələri Kateqoriya:Meksikanın müqavilələri Kateqoriya:Monakonun müqavilələri Kateqoriya:Naurunun müqavilələri Kateqoriya:Niderlandın müqavilələri Kateqoriya:Nigeriyanın müqavilələri Kateqoriya:Norveçin müqavilələri Kateqoriya:Papua-Yeni Qvineyanın müqavilələri Kateqoriya:Perunun müqavilələri Kateqoriya:San-Tome və Prinsipinin müqavilələri Kateqoriya:Seneqalın müqavilələri Kateqoriya:Sent-Kits və Nevisin müqavilələri Kateqoriya:Sent-Lüsiyanın müqavilələri Kateqoriya:Sent-Vinsent və Qrenadinin müqavilələri Kateqoriya:Seyşel adalarının müqavilələri Kateqoriya:Sloveniyanın müqavilələri Kateqoriya:Suriyanın müqavilələri Kateqoriya:Syerra-Leonenin müqavilələri Kateqoriya:Şərqi Timorun müqavilələri Kateqoriya:Trinidad və Tobaqonun müqavilələri Kateqoriya:Türkiyənin müqavilələri Kateqoriya:Yamaykanın müqavilələri Kateqoriya:Yeni Zelandiyanın müqavilələri Kateqoriya:Yuqoslaviyanın müqavilələri Kateqoriya:Yunanıstanın müqavilələri Kateqoriya:Almaniya Demokratik Respublikasının müqavilələri Kateqoriya:Dəniz hüququ