Əbdürrəhman Xəlil oğlu Vəzirov () — Azərbaycan-sovet dövlət və siyasi xadimi, diplomat. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri.

Əbdürrəhman Vəzirov SSRİ tarixində səfir vəzifəsinə olmuş yeganə azərbaycanlıdır. Siyasi baxışlarına görə Ə.Vəzirov kompartiyaya sadiq olan qatı leninçi kommunist idi. O, Leninizm ideyalarına, bəşəriyyətin "işıqlı gələcəyinin" kommunizm olduğuna tam olaraq inanırdı. Vəzirov Mixail Qorbaçovun beynəlmiləlçi dəyərlərini və siyasi islahatlarla bağlı istəklərini dəstəkləyirdi, lakin o, Azərbaycana rəhbər təyin edildikdən sonra oradakı mürəkkəb siyasi vəziyyətin öhdəsindən səmərəli şəkildə gələ bilmədi. Vəzirov həm də H. Əliyevin qəti əleyhdarı idi.

O, Bakıda baş verən Qara Yanvar hadisələri fonunda Azərbaycan SSR-i tərk etdi, sonradan Azərbaycan Parlamenti və prokurorluğu tərəfindən bu hadisəyə cavabdeh olan şəxslərdən biri kimi axtarışa verildi.Thomas Goltz. Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-Rich, War-Torn, Post-Soviet Republic, M. E. Sharpe, 1998, , p. 410 1990-cı il yanvarın 24-də onu bu vəzifədə Ayaz Mütəllibov əvəz etdi.

Vəzirov 2022-ci il yanvarın 10-da 91 yaşında vəfat edib.

Həyatı Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakının Kirov rayonunda anadan olmuşdur. O, öz başlanığıcını Qarabağ xanlığının baş vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağidən götürən Vəzirovlar soyundandır. Vəzirovlar Cavanşir elinin Hacılı camaatına mənsubdurlar.

Əbdürrəhman Vəzirov hələ yeniyetmə vaxtlarından siyasətlə maraqlanmış, ingilis dilini öyrənməyə başlamışdır. 1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbini bitirdikdən sonra özünün arzusu olan Moskva Beynəlxalq Münasibətlər İnstitutuna qəbul aldı, lakin ailəsinin istəyi əsasında bundan imtina edərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1952-ci ildə institutu bitirmişdir. Elə həmin ildən Sov.İKP üzvlüyünə qəbul edilən Əbdürrəhman Vəzirov 1953-cü ildən təhsil aldığı institutun elektrik stansiyaları, şəbəkələri və yüksək gərginlik texnikası kafedrasının aspirantı olmuşdur. 1954-cü ilin yanvar ayında o, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (LKGİ MK) təbliğat üzrə katibi, 1955-ci il dekabrın 16-da Azərbaycan komsomolunun XX qurultayında Azərbaycan LKGİ MK-nın ikinci katibi, 1957-ci ilin yanvar ayında isə birinci katibi seçilmişdir. O, burada olarkən Mixail Qorbaçovla birlikdə çalışmış və onların tanışlığı buradan başlamışdı. Həmin vəzifədə ikən Ə.Vəzirov Azərbaycanda Novruz bayramı dövlət səviyyəsində keçirilməsini ilk dəfə təklif etmişdi. Əbdürrəhman Vəzirov 1959-cu ildə Ümumittifaq LKGİ-nin katibi seçilmişdir.

Erkən fəaliyyəti 1970–1974-cü illərdə o vaxt respublikanın rəhbəri olan Heydər Əliyevin təyinatı ilə Vəzirov Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Komitəsinin birinci katibi vəzifəsində işləyib. Vəzifədə işləyərkən insanların yaddaşında qeyri-ordinar davranışı, xalqla canlı təması, Moskvaya təyyarə reysi açması, rüşvətsiz fəaliyyətiylə qalıb. Sonra isə 1974-cü ildən 1976-cı ilə qədər Azərbaycan KP Mərkəzi Komitəsində sənaye şöbəsinin müdiri vəzifəsində çalışıb. Lakin həmin illərdə respublikada özünün fikrincə "yerlibazlıq və klan-korrupsiya" tüğyan etdiyi üçün vəzifədən çıxaraq Azərbaycanı tərk etmək qərarına gəlmişdir.

Ə.Vəzirov 1976–1979-cu illərdə SSRİ-nin Kəlkətə şəhərindəki baş konsulu və 1979–1985-ci illərdə SSRİ-nin Nepaldakı səfiri olub. Hələ 1985-ci ildə Mixail Qorbaçov Əbdürrəhman Vəzirova Azərbaycana rəhbərlik etməyi təklif etsə də, Vəzirov diplomatik işi daha üstün tutaraq bu təklifdən imtina etmişdi. Bu vəzifədə olarkən SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasına, həmçinin Əfqanıstanda mücahidlərə əsir düşmüş sovet əsgərlərinin Pakistan vasitəsilə əsirlikdən buraxılmasına dair danışıqlarda aktiv iştirak edirmişdir.

Vəzirovun 10 ildən artıq müddətində Azərbaycandan kənarda siyasi fəaliyyət göstərməsinə görə Moskvada onu korrupsiyadan uzaq olan biri kimi qəbul edirdilər və Azərbaycanda korrupsiyanı aradan qaldırmaq üçün onu ölkəyə rəhbər təyin etmək fikrində idilər.Roland Grigor Suny. "Nationalism and Democracy in Gorbachev's Soviet Union: The Case of Karabagh", published in Rachel Denber. The Soviet Nationality Reader: The Disintegration in Context, Westview Press, 1992, , p. 494 İkinci dəfə Vəzirova 1988-ci ildə Azərbaycana rəhbərlik etmək təklif edildi və Vəzirov "partiyaya kömək naminə" bu təklifi qəbul etdi. Qorbaçov həm Ermənistan SSR-də Suren Arutyunyanı, həm də Azərbaycan SSR-də Ə. Vəzirovu eyni vaxtda birinci katib təyin etməklə bu respublikalarda qaynamaqda olan millətçilik hərəkatlarının yeni başçılar vasitəsilə qarşısını almağa ümid edirdi. Lakin bir neçə ay sonra, SSRİ Ali Sovetinin 18 iyul 1988-ci il iclasında Qorbaçov özü Arutyunyan da daxil olmaqla erməni rəhbərliyini millətçilərlə əlbir olmaqda, yenidənqurmaya qarşı çıxmaqda ittiham edir, onları azərbaycanlı həmkarları kimi "beynəlmiləlçi" olmağa çağırırdı.

Azərbaycan KP MK birinci katibi

Ə. Vəzirov 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuşdur. Vəzirov özü 12 il xaricdə işlədikdən sonra Azərbaycana qayıdanda bu müddət ərzində respublikada Kommunist Partiyasının nüfuzunun necə ciddi sarsıldığını, mövqelərinin zəiflədiyini müşahidə etdi. Onun fikrincə Partiyanın sıralarında çoxlu sayda karyera adamları, təsadüfi insanlar var idi. Vəzirovun Azərbaycana rəhbər təyin olunmasını əhali əvvəlcə çox müsbət qarşıladı, ondan xüsusilə Qarabağ məsələsində nə isə yaxşı bir iş gözləyirdilər. Onun birinci katib təyin olunmasından sonra ölkə rəhbərliyi sıralarında korrupsiya səviyyəsi azaldı, yerliçiliyin aradan qaldırılmasına başlandı. Novruz bayramına rəsmi bayram statusu verildi. Vəzirov həm də respublikada komputerləşmənin genişlənməsinə çağırırdı.

Lakin getdikcə Vəzirova qarşı xalqın münasibəti mənfiyə doğru dəyişdi. Vəzirovun nitq qabiliyyəti də çox bərbad idi, Azərbaycan dilində düzgün və səlis danışa bilmirdi. Bundan başqa Vəzirov əvvəlki illərdə Azərbaycana rəhbərlik etmiş H. Əliyevin dövründə baş vermiş korrupsiya hallarının ifşa edilməsi üçün kampaniya başlatmışdı, lakin Qarabağdakı kəskin münaqişə fonunda Vəzirovun erməni separatizminə qarşı deyil, H. Əliyevə qarşı mübarizə aparması xalqda Vəzirova qarşı kəskin etiraz formalaşdırdı. Ə.Vəzirov isə Azərbaycanda klan-korrupsiya sisteminin məhz H.Əliyev 1969-cu ildə Azərbaycan rəhbər təyin olunduqdan sonra yarandığını iddia edir və bunu "Azərbaycan xalqının tarixindəki ən böyük bəla" adlandıraraq bu istiqamətdəki fəaliyyətinə haqq qazandırırdı.

Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanmış, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılmışdır. Vəzirov bundan başqa həmin illərdə respublikada kəskinləşən siyasi mübarizəni küçə və meydanlardan çıxararaq Azərbaycan SSR Ali Sovetinin iclas salonuna keçirmək istəyirdi. Ancaq Vəzirov bunu uğurla həyata keçirə bilmədi. O həm də bir kosmopolit idi, xalqlar dostluğunun tərəfdarıydı. Bakıda fəaliyyət göstərən "Xalqlar dostluğu" metro stansiyasına belə ad məhz onun təşəbbüsü ilə artıq erməni və azərbaycanlı xalqları arasındakı münasibətlərin pozulduğu illərdə bu münasibətləri bərpa etmək məqsədilə verilmişdi. Lakin onun bu təşəbbüsü ermənilərin Azərbaycana qarşı separatizm, etnik təmizləmə, ərazi münaqişəsi apardıqları bir vaxtda xalq tərəfindən çox pis qarşılandı.

Uzun müddət Azərbaycanda yaşamadığı üçün respublikanın problemlərini çox səthi başa düşən Vəzirov, alovlanmaqda olan millətlərarası münaqişəyə öz effektivliyini tamamilə itirmiş keçmiş "beynəlmiləlçi" mövqelərindən yanaşırdı ki, bu da təbii ki, onun kobud səhvi idi. 1987–1991-ci illərdə Amerikanın SSRİ-dəki səfiri olmuş, həmçinin 1989-cu ildə Bakıya səfər edərək Vəzirovla görüşmüş Cek Metlok "İmperiyanın ölümü" kitabında Vəzirov haqqında belə yazır: "Əbdürrəhman Vəzirovun on illərlə Azərbaycana başçılıq edən Heydər Əliyev hakimiyyət maşını ilə birbaşa əlaqəsi yox idi. Vəzirov, bəlkə də, bir çıxış yolu tapa bilərdi, lakin o, sərbəst hərəkət etmək imkanına malik deyildi. O, Moskvanın passivliyi və vətənində qaynayan siyasi ehtiraslar arasında sıxışıb qalmışdı".

Qarabağ münaqişəsində fəaliyyəti Vəzirovun məqsədi Qarabağda yaranmaqda olan münaqişəni güc yoluyla deyil, danışıqlarla aradan qaldırmaq idi. Lakin hər dəfə Ermənistan SSR ilə Qarabağ məsələsini müzakirə etməyə çalışan Vəzirova Ermənistan rəhbərliyi yalnız bir kəlmə ilə cavab verirdi: "Qarabağı bizə verin!". Rəhbər vəzifəsinə gələn kimi Vəzirov dərhal Qarabağ münaqişəsi ilə məşğul olmağa başladı. 1988-ci il mayın 29-da Ermənistan SSR rəhbəri S.M.Arutyunyan ilə Qazax rayonunda görüşüb Dağlıq Qarabağ məsələsini müzakirə etdilər. Tamamilə məxfi olduğundan bu danışıqların məğzindən heç kəsin xəbəri olmadı. 1988-ci il mayın 31-də Ə. Vəzirov DQMV rayon partiya təşkilat katiblərini Bakıda qəbul etdi. Vəzirov erməni millətçilərinə "Nə desəniz edəcəyəm, bir şərtlə ki, mitinqlərə son qoyulsun" deyə müraciət etdi. Görüşün nəticəsində Qarabağdakı ermənilərə bir çox güzəştlər verildi. Qarabağ ermənilərinin İrəvanla sərbəst əlaqələrinə icazə verildi. Dağlıq Qarabağın ucqar kəndlərini Xankəndi ilə birləşdirən yaxın və rahat yollar çəkildi. İrəvan-Xankəndi təyyarələri gündə 5 dəfə uçuş etməyə başladı və Dağlıq Qarabağa silah daşınması işi daha da genişləndi. Bu barədə vaxtında Mərkəzə məlumat verilsə də, rəhbərlik bu böyük cinayəti sükutla qarşıladı.

7 dekabr 1988-ci ildə Ermənistanda baş vermiş dəhşətli Spitak zəlzələsindən sonra Ə.Vəzirov iki respublika arasındakı qarşıdurmanı aradan qaldırmaq ümidi ilə Ermənistana genişmiqyaslı yardım kampaniyası başlatdı. Özünün iqtisadi vəziyyəti ağır olmasına baxmayaraq Azərbaycandan Ermənistana axtarış-xilasetmə qrupu, 25 min ton yanacaq, 860 ton bitum, 40 min ton mazut, 330 ton sürtkü yağları, çoxlu sayda tikinti texnikası, çadırlar, bir neçə ton sabun, bitki yağı və qida məhsulları göndərdi. Lakin Vəzirovun bu təşəbbüsü də uğursuz alındı. Ermənistan nəinki Qarabağa olan iddialarından əl çəkmədi, üstəlik Azərbaycandan verilmiş başsağlığı belə Ermənistanda heç bir yerdə dərc olunmadı. Azərbaycandan göndərilmiş donor qanlar Ermənistanda məhv edildi, azərbaycanlı axtarış qrupunu isə öz texnikalarının təkərlərini yumağa məcbur edirdilər ki, "Azərbaycanın heç bir tozu belə Ermənistanı çirkləndirməsin." Amma bütün bu güzəştlərə baxmayaraq DQMV-də yaşayan azərbaycanlıların döyülüb təhqir edilərək ərazidən çıxarılması, evlərinin yandırılması, terrorçuların törətədiyi qanlı əməllər davam etdiyindən əhali arasında Vəzirovun nüfuzu daha da aşağı düşür, AXC-nin mövqeləri isə daha da güclənirdi.