Nəsrulla Kəngərli () — XX əsr Azərbaycan memarı, II Dünya müharibəsinin iştirakçısı, "Qırmızı Ulduz" ordeni və digər dövlət təltifləri ilə təltif olunmuş, "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adına layiq görülmüş memar və pedaqoq. " fəxri adına layiq görülmüş memar və pedaqoq

Həyatı Nəsrulla Yaqub oğlu Kəngərli 25 noyabr 1913-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Atası Yaqub Paşa Kəngərli formal təhsilinin məhdud olmasına baxmayaraq, ərəb, fars, rus və osmanlı dillərini bilmiş, İran və Osmanlı ziyalıları ilə əlaqə saxlamış və şəxsi kitabxana toplamışdır. Yaqub Paşa Kəngərli rus şərqşünası K. S. Smirnovun Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar əsərinin hazırlanması zamanı ona məlumat vermişdir. O, həmçinin 1918-ci il hadisələri zamanı erməni silahlı dəstələrinə qarşı mübarizədə iştirak etmişdir.

1939-cu ildə İran və Türkiyə ilə əlaqələrinə görə repressiyaya məruz qalan Yaqub Paşa Kəngərli güllələnmişdir. Bundan sonra ailəsi Qazaxıstana sürgün edilmişdir. Ailə yalnız 1964-cü ildə Azərbaycana qayıda bilmişdir.

Nəsrulla Kəngərli ibtidai təhsilini Naxçıvanda almış, 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir. Təhsilini davam etdirmək məqsədilə 1932-ci ildə Gəncə Toxuculuq İnstitutuna daxil olmuş, bir il sonra Bakıdakı Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq-inşaat fakültəsinə keçmişdir. 1939-cu ildə institutdan məzun olmuşdur. Təhsil dövründə Naxçıvandan kənarda olması onu ailəsinin sürgün taleyindən xilas etmişdir. 1941-ci ildə II Dünya müharibəsi başlayarkən hərbi xidmətə cəlb edilmiş, 416-cı Azərbaycan diviziyasının tərkibində Qafqazdan Berlinədək döyüş yolu keçmiş və orden-medallarla təltif olunmuşdur. Müharibədən sonra memarlıq fəaliyyətini davam etdirən Nəsrulla Kəngərli müxtəlif dövrlərdə "Azərdövlətmemarlayihə", "Bakışəhərbaşlayihə" və "Azərdövlətlayihə" institutlarında fəaliyyət göstərmişdir. 1991-ci il fevralın 25-də Bakı şəhərində vəfat etmişdir.

Ailəsi Üç övladı olmuşdur. Oğullarından biri — Tələt Kəngərli geoloq alim, Aqşin və Aydın Kəngərlilər isə tibb sahəsində tanınmış mütəxəssislərdir.

Fəaliyyəti O, memar kimi yaşayış və inzibati binaların layihələndirilməsi sahəsində çalışmış, Bakıda Nizami küçəsində, İnşaatçılar prospektində və Nərimanov heykəli ətrafında yerləşən tikililər daxil olmaqla, klassik və müasir memarlığın sintezi üzərində qurulmuş layihələrə imza atmışdır. Onun layihələri sırasında Neftçilər və Azadlıq prospektlərində yerləşən məktəb binaları, Mərkəzi Univermaq, Tibb Universitetinin korpusu, idman kompleksi, Gəncə Dəmiryolu Vağzalı və Xankəndidə inzibati bina yer alır.

Xüsusilə Sumqayıt şəhərinin baş planının hazırlanması və oradakı bir sıra ictimai və yaşayış binalarının layihələndirilməsi sahəsində fəaliyyətinə görə SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür. 1968–1985-ci illərdə "Azərdövlətlayihə" institutunda rəhbərlik etdiyi emalatxanada Sumqayıtın şəhərsalma sənədləri hazırlanmışdır.

1951-ci ildən başlayaraq orta ixtisas və ali təhsil müəssisələrində dərs demiş, 1968–1990-cı illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti), daha sonra isə Memarlıq və İnşaat Universitetində Memarlıq konstruksiyaları kafedrasının dosenti olmuşdur.

Mükafatları Nəsrulla Kəngərli bir sıra dövlət təltiflərinə layiq görülmüşdür: "Qırmızı Ulduz" ordeni; "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı (1960); SSRİ Dövlət mükafatı (1972).

İrsi və xatirəsi Bakı şəhərində yaşadığı binaya Nəsrulla Kəngərlinin xatirə lövhəsi qoyulmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan memarlığı Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Kəngərlilər