Azərbaycan Yüksək Dəstəsi 2002/2003 — futbol üzrə 155 Azərbaycan Yüksək Dəstəsinin keçirilməsi planlaşdırılmış, lakin baş tutmamış mövsümü. Sayca 12-ci mövsüm olmağına baxmayaraq, keçirilməmiş olduğu üçün 12-ci mövsüm 2003/2004 mövsümü hesab edilir. Bu mövsüm müstəqil Azərbaycanın futbol tarixində ən qalmaqallı və mürəkkəb dövrlərdən biri kimi yadda qalmışdır. Mövsümün ləğv edilməsi ilə nəticələnən böhran ölkə futbolunu 400 gün ərzində iflic vəziyyətinə salmış, Azərbaycan klubları ardıcıl ikinci dəfə UEFA turnirlərindən kənarda qalmışdır.
AFFA-nın fəaliyyəti ətrafında illər boyu davam edən mübahisələr, xüsusilə də qurumun prezidenti Fuad Musayevin siyasəti əksər klubların ciddi narazılığına səbəb olmuşdur. "Neftçi", "Turan" və "Şəfa" ilə bağlı qalmaqallar, mübahisəli hakimlik qərarları, eləcə də federasiyanın "Şəfa" klubuna açıq himayədarlığı futbol ictimaiyyətində güclü etiraz dalğası yaratmışdır. Ən çox müzakirə olunan hadisə əvvəlki 2001/2002 mövsümündə "Şəfa" – "Xəzər Universiteti" matçında son dəqiqələrdə təyin olunmuş mübahisəli penalti epizodu olmuşdur. Bu qarşılaşma bir çoxları tərəfindən Azərbaycan futbolunun "qara ləkəsi" adlandırılmış və nəticədə klubların AFFA-ya etimadı, demək olar ki, tamamilə sarsılmışdır.
2002/2003 mövsümündə böhran kulminasiya nöqtəsinə çatmışdır. "Neftçi", "Kəpəz", "Qarabağ", "Turan", "Xəzər Universiteti" və digər klublar AFFA-nı qeyri-obyektivlikdə və "Şəfa"ya qarşı tərəfkeşlikdə ittiham edərək çempionatı boykot etmişdilər. Yalnız "Şəfa" və "Şəmkir" liqada qalmış, digər klublar isə həmrəylik nümayiş etdirmiş, AFFA rəhbərliyinin istefasını tələb etmişdilər. Bu münaqişə nəticəsində UEFA Azərbaycanı Avropa yarışlarından kənarlaşdırmış, hətta AFFA-nın da təşkilatdan uzaqlaşdırıla biləcəyi xəbərdarlığını etmişdir. Çempionatın qeyri-müəyyənliyi və oyunların keçirilməməsi klubların beynəlxalq arenada iştirak imkanlarını tamamilə məhdudlaşdırmışdır.
Mövsümün ləğv edilməsi futbolçular üçün də ciddi nəticələr doğurmuşdur. Bir çox oyunçular karyeralarını davam etdirmək üçün xarici ölkələrə üz tutmuş, Azərbaycan futbolunun daxilində isə futzal kimi alternativ idman növlərinə maraq artmışdır. AFFA ilə klublar arasında yaranmış böhran yalnız idman yox, siyasi müstəvidə də rezonans doğurmuşdur. Hakimiyyət orqanları AFFA-nın fəaliyyətinə qarşı tədbirlər görmüş, federasiyanın rəhbərliyi isə öz mövqeyini müdafiə etmək üçün müxtəlif vasitələrə əl atmışdır.
Nəticə etibarilə, Azərbaycan futbolu həm beynəlxalq, həm də daxili müstəvidə böyük itkilərə məruz qalmışdır. UEFA turnirlərindən kənarda qalan klublar inkişaf imkanlarını itirmiş, yerli futbol isə uzun müddət durğunluq dövrünə daxil olmuşdur.
Zəmin
Əvvəlki mövsümlər thumb|250px|AFFA-nın Bakıdakı inzibati binası. 2009-cu il.
Müstəqil Azərbaycanda futbol divizionunun yaranmasından etibarən klublarla Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında münasibətlər gərgin idi. "Turan" FK-nin ozamankı prezidenti Vidadi Əhmədov AFFA rəhbərliyi və 1992-ci ildən qurumun prezidenti olan Fuad Musayev ilə razılaşa bilmirdi və tərəflər arasında ciddi ziddiyyətlər yaşanırdı. Vaxtaşırı oxşar problemlər "Neftçi" ilə də üzə çıxırdı. Hətta bir mövsümün ikinci yarısında "Neftçi" tərəfi onlara qarşı ədalətsizlik göstərildiyini bildirmiş və buna etiraz əlaməti olaraq çempionatda iştirakdan imtina etmiş, qalan oyunlarda texniki məğlubiyyətlə üzləşmişdilər. 1994-cü ildə daha böyük böhran baş vermişdir. AFFA ilə münasibətləri kəskinləşən bir sıra klublar, xüsusilə "Neftçi", milli çempionatı boykot etmiş və yeni təsis edilmiş Peşəkar Futbol Liqasının (PFL) yarışında çıxış etmək qərarına gəlmişdilər, lakin UEFA bu təşəbbüsə sərt sanksiyalar barədə hədə gəlmiş, sonradan PFL buraxılmış və bütün klublar AFFA çempionatına qayıtmışdılar. Bununla belə, "Azəri" klubunun rəhbərliyi mövqeyindən dönməmiş AFFA-nın təşkil etdiyi çempionatda iştirak etməmək üçün klubu ləğv etmək qərarını almışdır.
1999/2000 mövsümü də qalmaqalla başlamışdır. Təqvimə əsasən oyunlar 12 sentyabrda start götürməliydi, lakin AFFA səbəb göstərmədən "Turan" və "ANS Pivani"ni turnirdən kənarlaşdırmışdi. Hər iki klubun rəhbərliyi federasiyanın siyasətini tənqid edir, mətbuatda da oxşar fikirlər səsləndirilirdi. Bu addım digər klubların etirazına səbəb oldu və onlar ilk turun oyunlarına çıxmaqdan imtina etmişdilər. Uzun mübahisələrdən sonra AFFA prezidenti Fuad Musayev yalnız 25 oktyabrda qərarını dəyişmiş, "Turan" və "ANS Pivani"nin çempionata buraxılmasına icazə vermişdir. Qış fasiləsindən sonra, 8-ci tur ərəfəsində AFFA ilə barışmayan klublar yenidən boykota əl atmışdılar. Yalnız "Viləş" və "Şəfa" meydançaya çıxmışdı. Beləliklə, 10 komanda texniki məğlubiyyət almışdı. Sonradan klublar və AFFA UEFA və FIFA-dan qovulma təhlükəsi altında razılığa gəlmişdir.
Ümumiyyətlə, "Şəfa" klubu AFFA tərəfindən təsis edilmişdir və federasiyasının səlahiyyətində idi. Bu cəhətdən "Şəfa" dünyada öz futbol assosiasiyası tərəfindən yaradılan yeganə klub idi. AFFA-nın "Şəfa"ya göstərdiyi açıq himayədarlıq digər klubların ciddi narazılığına səbəb olurdu. Bu münasibətin nümunəsi Azərbaycan milli futbol komandasının qapıçısı Cahangir Həsənzadənin 2000-ci ildə "Neftçi"dən "Şəfa"ya federasiya qərarı ilə köçürülməsi idi. Bu zaman futbol federasiyası oyunçunun bir klubdan digərinə transferinə qərar vermişdi və bu hadisənin dünyada presedenti yox idi. "Neftçi"nin baş məşqçisi Əhməd Ələsgərov da təzyiqlərə dözməmiş, Masallıda "Viləş"ə 1:2 hesablı məğlubiyyətdən sonra komandanı və ölkəni tərk etmişdir.
2000/01 mövsümündə AFFA rəhbərliyi "Şəfa"nı avrokuboklara çıxarmaq planı qurmuşdu. Çempionatda əsas rəqiblər – "Neftçi", "Şəmkir", "Kəpəz" və "Viləş" fonunda bu məqsəd gerçəkləşdirilmişdir. "Neftçi" mövsümü yaxşı keçirmişdi, lakin yekunda "Şəmkir" ilə xallarını bərabərləşdirmiş və 15 may 2001-ci ildə Sumqayıtda keçirilən oyunda 0:1 hesabı ilə uduzaraq çempionluğu əldən vermişdir. Sonradan AFFA-nın təşkilatçılığı ilə Sumqayıtda keçirilən kubok finalında "Neftçi"nin "Şəfa"ya 1:2 hesabı ilə məğlub olması ilə "Şəfa" UEFA Kubokunda oynamaq hüququ qazanmışdır. Oyun stadion rəsmiləri ilə AFFA arasında qapı qəbzləri ilə bağlı mübahisədən sonra matçın başlamasına 2 saat qalmış Bakıdan Sumqayıta keçirilmişdi. Hər halda, "Şəfa" FK UEFA Kuboku 2001/2002 mövsümünün birinci təsnifat mərhələsində "Olimpiya Lyublyana" ilə səfərdə 4:0, evdə isə 3:0 hesabla məğlub olmuş və turnirdən kənarlaşdırılmışdır.
2001/02 mövsümü 2001/2002 mövsümündə çempionatın play-off mərhələsinin II tur oyunu "Şəfa" və "Xəzər Universiteti" (indiki "Şamaxı") komandaları arasında 2 aprel 2002-ci ildə "Şəfa" stadionunda, paytaxt derbisi kimi keçirilmişdir.https://www.footballdatabase.eu/en/match/overview/2765102-shafa_baku-shamakhi Oyunun 90+5-ci dəqiqəsində baş hakim Xaqani Məmmədov "Xəzər Universiteti"nin qapısına mübahisəli penalti təyin etmişdir. Tərlan Əhmədov penalti zərbəsini qola çevirmiş və "Şəfa" oyunu 1:0 hesabı ilə qazanmışdır. Bu qarşılaşma Azərbaycan futbolunun tarixində "ən məşhur və qalmaqallı oyun" və "qara ləkə" hesab olunmuşdur.
İdman jurnalisti Anar Xanlarovun bildirdiyinə görə, Xaqani Məmmədov penalti qərarını təkbaşına verməmişdi və bu barədə ona tapşırıq verildiyi ehtimal olunur. Penalti zərbəsini qola çevirən Tərlan Əhmədov da tənqid obyektinə çevrilmişdir, çünki o, Azərbaycan milli futbol komandasında çıxış edən futbolçulardan biri idi. Stadiondan bir çox tamaşaçı hətta ona topu kənara vurmalı olduğunu bildirmişdir, lakin Əhmədov bunu etməmiş, mövcud olmayan penalti zərbəsini qola çevirmişdir.
Nəticə müvəqqəti olaraq İntizam Komitəsi tərəfindən ləğv edilmiş və oyunun təkrarlanmasına qərar verilmişdir, lakin 10 aprel tarixində Apellyasiya Komitəsi nəticənin qüvvədə qalmasına qərar vermişdir. Bundan sonra "Xəzər Universiteti" FK-nin prezidenti Hamlet İsaxanlı AFFA rəsmilərinə klubunu Azərbaycan Yüksək Dəstəsindən çıxarmağa hazır olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, "hazırda dəvət aldığımız oyunu deyil, futbol oynamaq istəyirik. Belə şəraitdə liqada iştirakımızı dayandırmaqdan başqa çarəmiz yoxdur". Aprel ayı ərzində digər klublar da bu boykota qoşulmuş, "Neftçi", "MOİK", "Kəpəz", "Turan", "Şadağ Qusar", "Qarabağ Ağdam", "Təfəkkür Universiteti" və "Dinamo-Bakılı" klubları AFFA-ya "Yüksək Dəstə"də növbəti oyunları keçirməkdən imtina etdikləri barədə rəsmi məlumat vermişdilər. "Şəfa" və "Şəmkir" Azərbaycan Yüksək Dəstəsində qalan yeganə iki komanda olmuşdur.
Klubların mövqeyinə görə, AFFA rəhbərliyi öz səlahiyyətində olan klublara üstünlük vermiş və hakimlər vasitəsilə başqalarına təzyiq göstərmişdir. Həmçinin, Hamlet İsaxanlı AFFA-nı tanımadığını açıqlamışdır. "Şahdağ Qusar" klubunun prezidenti Beybala Məmmədov bildirmişdir ki, Fuad Musayevin başçılıq etdiyi AFFA rəsmiləri istefa verməyənə qədər "Şahdağ" kubok və liqada oynamayacaq. "Şəfa"ya verilən bu yardım yalnız "Xəzər Universiteti"ni yox, həm də digər komandaları, xüsusilə "Neftçi"ni narazı salmışdı. Tarix boyunca AFFA ilə dəfələrlə qarşıdurmaya girən "Neftçi"nin "Xəzər Universiteti" ilə ittifaqda olması digər klubları da eyni mövqeyə gətirmişdir. "Yüksək Dəstə"dən çıxmış doqquz klub şikayətlərini əks etdirən birgə bəyanat yaymış və bu bəyanatda bildirilmişdir ki, "AFFA-nın antifutbol siyasəti, "Şəfa" FK-ya qarşı qərəzli münasibəti, sabit hakimlik və digər neqativ tendensiyalar bizi daxili çempionatda iştirakımızı dayandırmağa vadar edir". Klublar Musayevin əvvəlki münaqişəni həll edən zaman verdiyi vədlərə riayət etməməsindən də şikayət etmişdilər. Bundan əlavə, klublar AFFA İcraiyyə Komitəsində onlara vəd edilən 6 yeri almadıqlarını bildirmiş və mart ayında baş tutmalı olan AFFA-nın prezident seçkilərinin qeyri-müəyyən vaxta təxirə salınmasını da tənqid etmişdilər.
Beləliklə, klublar və AFFA arasındakı qalmaqal pik həddə çatmış, çempionat dayandırılmalı olmuşdur. AFFA liqada bəzi klublara qarşı ikili standartlarla bağlı iddiaları rədd etmişdir v AFFA-nın vitse-prezidenti Torqul Hacıyev demişdir ki, "bizə qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır". Hacıyev qeyd etmişdir ki, "bütün klublara qərarlarını yenidən nəzərdən keçirmək üçün 20 aprel tarixinədək müddət təyin edilmişdir". Bu müddətdən sonra klublar barədə tədbir görüləcəyini bildirmiş Hacıyev "Avropada oynayan bütün klublar mükafatlarını almayacaqlar"ını əlavə etmişdir. Fuad Musayev qeyd etmişdir ki, "hədə-qorxularına baxmayaraq", o, "sıxışdırılmayacaq" və Azərbaycan Prezidenti Heydər Əliyev şəxsən bəyan etməyənə qədər istefa verməyəcək. Münaqişə böyüdükcə müxtəlif dövlət strukturları, ictimaiyyət və siyasi partiyalar bu prosesə qarışmışdır.
Növbəti mərhələdə iştirak edən klublar, 6 aprel tarixində çempionatı AFFA-ya etiraz əlaməti olaraq dayandırmışdır. 6 gün sonra keçirilən "Şəfa" – "Kəpəz" oyunu mövsümün son matçı olmuşdur. 12 aprel–4 may tarixləri arasında oyunlar keçirilməmişdir. "Şəmkir" və "Şəfa" xaricində bütün komandalar AFFA prezidenti Fuad Musayev istefa vermədiyi təqdirdə çempionata davam etməyəcəklərini bildirmişdir. Musayev istefa vermədiyinə görə, dissident klublar yeni təşkil edilmiş təşkilat komitəsinin nəzarəti altında çempionata davam etməyə qərar vermiş və 4-cü tur oyunlarını 4 mayda oynamışdılar. AFFA və UEFA bu yarışları tanımamış, 20 mayda çempionatı bərpa etməyi planlaşdırdığını açıqlamışdır. AFFA 5-ci və 6-cı turların nəticələrini nəzərə almadan, 24 gün ərzində 6 tur keçirməyi nəzərdə tutmuşdur. Klublar bu qərarı nəzərə almayacaqlarını bildirmişdilər. Sonda "Şəmkir"in qalib olduğu doqquz komandadan ibarət müstəqil turnirin nəticələri UEFA tərəfindən qəbul edilməmişdir.