Arturo (d. 1985 – ö. 3 iyul 2016) — Argentinanın Mendosa şəhərində yerləşən Mendosa Zooloji Parkında yaşamış ağ ayı. Argentinada yaşayan yeganə ağ ayı statusunu daşıyırdı. 1985-ci ildə ABŞ-da anadan olmuş, 1993-cü ildə Argentinaya göndərilmişdir. Parkdakı tək yoldaşı olan Peluza adlı dişi ağ ayı 2012-ci ildə xərçəngdən ölmüşdür. Arturonun saxlanıldığı qəfəs onun üçün tamamilə uyğun deyildi: Argentinada havanın temperaturu 40 °C-yə çatırdı və qəfəsindəki su hovuzunun dərinliyi cəmi 50,8 sm idi. Heyvan hüquqları müdafiəçiləri Arturonu "dünyanın ən qəmgin heyvanı" adlandırmış və onun Kanadanın Vinnipeq şəhərində yerləşən Assiniboyne Zooloji Parkına transfer edilməsini təmin etmək üçün ərizə kampaniyası başlatmışdılar. Ərizə kampaniyası Ontario əyalətinin Hamilton şəhərindən olan Laura Moralez tərəfindən yaradılmışdır. Məsələyə diqqət çəkmək üçün Twitter-də #Freearturo () heşteqi ilə paylaşımlar edilmişdir. Ərizəni təqdim edənlər qeyd etmişdilər ki, 2012-ci ilin dekabrında Buenos-Ayresdə bir ağ ayı ifrat istidən ölmüşdür və Arturonun depresiyada olduğunu göstərən simptonlar var.

19 iyul 2014-cü ildə ərizəyə 400.000-dən çox imza çəkilmişdir və ərizə Nyut Qinqriç və Şer tərəfindən təsdiqlənmişdir. Assiniboyne Zooloji Parkı bildirmişdir ki, Arturonu məmnuniyyətlə qəbul edərdilər, lakin Argentina Arturonu transfer etməyə icazə vermədikcə nəsə etməyə hüquqları yoxdur..

24 iyul 2014-cü ildə Mendosa Zooloji Parkının direktoru Qustavo Pronotto Associated Press-ə verdiyi müsahibədə Arturonun Kanadaya göndərilmək üçün çox qoca olduğunu bildirmişdir. Sosial şəbəkələrdə (Facebook və Twitter) Arturonun Kanadaya göndərilməsi üçün kampaniyalar başladılmışdır..

Bütün cəhdlərə baxmayaraq Arturo 3 iyul 2016-cı ildə Mendosada ölmüşdür.

İstinadlar

Kateqoriya:2014-cü ildə Argentina Kateqoriya:Ağ ayılar Kateqoriya:Məşhur ayılar Kateqoriya:Zooparkda saxlanılan məşhur heyvanlar